Məhkəmə qərarları › İş №2(076)-300/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-300/2025

21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-300/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçilər: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “Hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ümumi mülkiyyətinə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarına əsasən Şəmkir Rayon Mahmudlu kəndi ərazisində 1.27 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı işlənilmişdir. JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçilər Ərizəçi1 soyadı “Məmmədov”, ata adı “Minad” olaraq, Ərizəçi3 soyadı “Məmmədova” olaraq, Ərizəçi2 adı “Məmləkət”, ata adı isə “Təmraz” olaraq yazılmışdır. Halbuki, JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkiyyətçilər Ərizəçi1 soyadı “Məmmədov” deyil, “Mamedov”kimi, ata adı “Minad” deyil “Minnatoviç” kimi qeyd edilməlidir. Ərizəçi3 soyadı “Məmmədova” deyil, “Mamedova” kimi qeyd edilməlidir. Ərizəçi2 adı “Məmləkət” deyil, “Məmləkətxan” kimi, ata adı isə “Təmraz” deyil, “Temraz” kimi qeyd edilməlidir. Ərizəçilər bununla bağlı DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, onlara həmin səhvin aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə ərizəçilər məhkəməyə müraciət etmişlər. Odur ki JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında texnikin səhvin aradan qaldırılması və JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 1,27 ha torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 Ərizəçi1 izahatına uyğun izahatlar verərək, ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktub ünvanlayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, mülkiyyətçilər olan Ərizəçi1 soyadı “Məmmədov”, ata adı “Minad” olaraq, Ərizəçi3 soyadı “Məmmədova” olaraq, Ərizəçi2 adı “Məmləkət”, ata adı isə “Təmraz” olaraq yazılmışdır. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1964–cü il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1991–ci il tarixdə doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960–cı il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi1 kimi qeyd olunmaqla şəxs xx.xx.1960–cı il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi3 kimi qeyd olunmaqla şəxs xx.xx.1991–cı il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi2 kimi qeyd olunmaqla şəxs xx.xx.1964– cü il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022– ci il tarixli imtina məktubundan görünür ki, JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ümumi mülkiyyətinə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarına əsasən Şəmkir Rayon Mahmudlu kəndi ərazisində 1.27 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Lakin, həmin aktda ərizəçilər Ərizəçi1 soyadı səhvən “Məmmədov” kimi, ata adı “Minad” kimi, Ərizəçi3 soyadı səhvən “Məmmədova” kimi, Ərizəçi2 adı səhvən “Məmləkət” kimi, ata adı isə “Təmraz” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktındakı ad, soyad, ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarına əsasən verilmiş, JN-313 KOD 50410018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar