Məhkəmə qərarları › İş №2(076)-301/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-301/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-301/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərişıq ASC-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ‘'Azərişiq" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixində 264306 nömrəli akt əsasında qanunsuz hesablanmış 583.18 (beş yüz səksən üç manat on səkkiz qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslnadırılmışdır ki, o ailəsilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı (Qasım İsmayılov) kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən 04 iyul 2022-ci il tarixdə yaşadığı ünvanın elektrik sayğacını yeni elektron sayğacla əvəz edib köhnə sayğacına müdaxilə şübhəsi olduğu üçün özləri tərəfindən № 264306 akt tərtib edib və özləri tərəfindən 583.18 manat xəyalı dəyər hesablanıb. Hörmətli məhkəmə, bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyir. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindəndə görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Əgər sayğaca müdaxilə etsəydi o ay ərzində cədvəldə göstəriləndən daha az elektrik enerjisi sərf edərdi. Həmçinin cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən evdə yaşayanlardan heç kəsi dəvət etməmiş, nədə ki akta evdə yaşayan şəxsləri dəvət etməmələri səbəbi barədə heç bir qeyd aparmamışlar. Belə olan halda sual yaranır ki, niyə elektrik sayğacını laboratoriya rəyinə aparılması və daşınma qanununa əməl edilməyib. Qanunda tələb odur ki, şübhəli sayğac qanun daxilində daşına bilən qutuya qoyulmalı, möhürlənməli və abonentin imzası ilə akt tərtib olunmalı, abonentin laboratoriyaya dəvət təmin edilməli və iştiraki ilə sökülmüş sayğaca vurulmuş möhür labotoriyada qırılması protokolu tərtib olumalıdır. Lakin bu sadaladığı ardıcıllığın heç birinə əməl edilməyib. Bundan başqa cavabdeh idarə aktda göstərmişlər ki, sayğacda müdaxilə izləri hiss olunur. Onuda qeyd edir ki, sayğacı əvvəlcədən dəyişən, sökən şəxs yəginki, mütəxəsisdir. Oda sayğaca bağlı iradı bildirə bilərdi. Aktda qeyd olunmuş rəydə sayğacda müdaxilə izləri görünmür. Lakin üst krişkası yuvasından çıxmışdır. O bununla bağlı cavabdeh təşkilatın Gəncə QƏRB RETSİ rəhbərliyinə dəfələrlə müraciət etsə də, ona səhvən yazılmış həmin borcun silinməsinə dair heç bir nəticə olmamışdır. Sayğacıla bağlı özləri tərəfindən verilmiş xəyalı rəyləri ona təqdim etməkdən imtina etdilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, Sayğac 10 il bundan qabaq qoyulmuş, O şifahi olaraq həmin zaman yaşadığı ərazidə "xxxx" ASC-nin nəzarətçisi olan Faiq Yusibova müraciət edərək sayğacının çox yazmasını bildirmişdir. "xxxx" ASC-nin əməkdaşları Aydın Qorçiyev və Faiq Yusibov köhnə tipli sayğacı yeni tipli sayğacla əvəz etmək üçün sayğacı dəyişən zaman sayğacın şuruplarından birini aça bilmədiklərindən sayğacı yerindən çıxarmaq üçün dartmışlar və bu zaman sayğacın üst kırışqasını və alt qapaq möhrünü sındırmışlar. O özü sayğaca heç bir müdaxilə etməmişdir və sayğacda olan qüsur "xxxx" ASC-nin əməkdaşları tərəfindən edilmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, sayğac fərdi yaşayış evinə 2014-cü ildə quraşdırılmışdır. Sayğacın alt qapaq möhürü sınmış, xx.xx.2023-cü il tarixdə bununla bağlı akt tərtib edilmiş və iddiaçıya 585.18 manat dəyərində hesablama aparılmışdır. Sayğac akt əsasında 2022ci ildə dəyişdirilmiş və aktın nəticə hissəsində sayğaca müdaxilə edilmə ehtimalı olunduğundan laborotoriyaya göndərilməsi lazım olduğu göstərilmişdir. Sayğac çıxarılmış və laborotoriyaya göndərilmişdir. Laborotoriyada yoxlama aparılarkən sayğacın düzgün işləməsi və onun alt qapaq möhründə sınıq olması aşkar edilmişdir. Sayğacda nöqsan aşkar edilən vaxtlar həmin kəntdə və qonşu kəntlərdə kütləvi araşdırılmalar aparılmış və bunun nəticəsində aydın olmuşdur ki, həmin kəntlərdə vətəndaşlarla nəzarətçi arasında əlaqələr olmuş, nəzrətçi vətəndaşların etdiyi qanunsuz hərəkətləri görməzdən gəlmişdir. Qeyd olunan məsələ ilə bağlı nəzrətçi barəsində Şəmkir rayon prokurorluğunda cinayət işi başlanmış, nəzarətçinin qanunsuz əməlləri nəticəsində "xxxx" ASC-yə 38000 manat zərər dəymişdir. Hazırda biz qeyd olunan məbləği vətəndaşlardan tələb edirik, lakin İddiaçı hesablanmış 583.18 manat məbləğində pulun 38000 manatın içərisində olub-olmaması barədə məlumatım yoxdur. 583.18 manatı cərimə iddiaçıya əsaslı olaraq yazılıb. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.2015ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəmkir rayonu, Ağlavaşlı və Qılıncbəy hava xəttində nəzrətçi-mühəndis vəzifəsində işləmişdir. İşlədiyi dövürdə "xxxx" ASC –nin qanunsuz əməllərini ortaya çıxardığı üçün ondan qərəzli olaraq işlədiyi ərazilərdə xx.xx.2022-ci il tarixdən monitorinq yoxlama aparılmağa başlanmışdır. xx.xx.2022-ci ildə əmr ilə o tutduğu vəzifədən azad edilmiş və nəzarətçi vəzifəsinə təyin edilmişdir. Onlara rəhbərlik tərəfindən ərazidə olan köhnə tipli sayğacları yeni tipli müasir sayğaclarla əvəz etmələri barədə göstəriş gəlmiş. O və Azərişıq” ASC-nin əməkdaşı olan Aydın Qorçiyev ərazidə olan köhnə tipli sayğacları yeni tipli müasir sayğaclarla dəyişməyə başlamışlar. Həmin vaxt İddiaçı sayğacı da köhnə tipli erqomal sayğac olduğu üçün həmin sayğacıda dəyişməli olmuşlar. Həmin vaxt sayğaclar onun tərəfindən çıxarılmış, Aydın Qorçiyev tərəfindən isə protokollaşdırılmışdır. O iddiaçıya məxsus sayğacı sökən zaman, sayğac divardan çıxmadığı üçün onu bərk çəkmiş və bu zaman sayğacın blompu və üst qapağı sınmış, sayğac onun əlində sınıdığı üçün o xidməti məlumat yazıb Aydın Qorçiyevə vermiş və rəhbərliyə bildirməsini demiş, həmçinin İddiaçı sayğacın sınmasını bildirməmiş və əllərində olan yeni sayğac bitdiyindən sayğacı dəyişməmələrini bildirmişdir. Həmin vaxt rəhbərliklə onun arasında qərəzli münasibət olduğundan o, özü xidməti məlumatı Aydın Qorçiyevin vermsini istəmişdir. Sayğac onların əlində sınmış, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. İddiaçı onların səhvindən əsassız olaraq borc yazılmasını istəmədiyindən xx.xx.2022-ci il tarixdə sayğacın onlar tərəfindən sındırılması barədə xidməti yoxlama yazmış və Aydın Qorçiyevə vermişdir. Sayğacın blompu onlar tərəfindən sınıdırılmışdır. Həmçini həmin dövürdə rəhbəriliyin onunla olan qərəzli ünsiyyətindən 40 nəfər kənd sakininə əsassız olaraq cərimələr yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, O, "xxxx" ASC-də sayğacların quraşdırılması və uçota nəzarət şöbəsində işləyir. Onlar sayğaca baxış keçirən zaman müəyyən etmişlər ki, sayğacın alt qapağında möhür yoxdur. Bu səbədən də onlar tərəfindən yalnız akt tərtib edilmiş və onlar çıxıb getmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, O və Azərişıq” ASC-nin əməkdaşı olan Faiq Yusibov ərazidə olan köhnə tipli sayğacları yeni tipli müasir sayğaclarla dəyişməyə başlamışlar. Faiq Yusibov nəzarətçi kimi öndə gedərək sayğacları dəyişmiş, o isə protokollaşdırmışdır. Faiq Yusibov iddiaçıya məxsus sayğacı dəyişmək istəyərkən, sayğac divara bərk şəkildə bağlandığı üçün Faiq onu çəkmiş və sayğacın qapağı aralanmışdır. O həmin vaxt Faiqi sayğacı dəyişməsinə qoymamışdır. Sayğacın alt qapaq möhrünü Faiq çıxarmaq istəyərkən sındırmışdır. Laborotoriyada sayğac müayinə edilərkən sayğacın düzgün işləməsi müəyyən edilmiş, lakin sayğacın qapağında sınıq aşkar edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan **********90035 saylı abonent İddiaçı abunə haqqından görünür ki, abonent xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saygaca toplam 946.5 manat ödəniş etmişdir. İşdə olan Şəmkir RİHB Ağlavaşlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. İşdə olan xx.xx.2022-ci il tarixində 264306 nömrəli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğaca müdaxilə edildiyi müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi göstərilmişdir. Sayğacın alt qapaq möhürünün qırılması müəyyən edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Azərişıq ASC-nin “Qərb” RETSİ-nin icra vərəqinin surətindən görnür ki, İddiaçı yaşadığı Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən evinin sayğacın üst qapağının ilgəyləri yerindən çıxarılıb istismara yararsız hala salınmışdır. "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində hesabat dövrü verilmiş sərfiyyatın dəyəri nəzərə alınmaqla cəmi dəyəri 583.18 manat təşkil edən 4486 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında tərtib olunmuş 014529 nömrəli protokolun surətindən görünür ki, iddiaçı barəsində “EEİQ”-nın pozulmasına dair tərtib olunmuş AKT R xx.xx.2022-ci il tarixində 264306 saylı akta əsasən sıradan çıxmış sayğac çıxarılaraq onun əvəzinə iddiaçının yaşayış evinə yeni sayğac quraşdırılması qeyd edilmişdir. İş üzrə toplanılmış sənədlərə əlavə edilmiş Sayğacların və cərəyan transformatorlarının yoxlanması barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 047160 nömrəli protokoldan görünür ki, “sayğac işləyir, sayğacın üst qapağının ilgəyləri yerindən çıxarılmışdır”. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Azərişıq ASC-nin əməkdaşları abonent İddiaçı yaşadığı evə verilən elektirik sayğacı ilə bağlı tərəflərindən xx.xx.2022-ci il tarixində 264306 nömrəli akt tərtib edilmiş, akt onlar tərəfindən imzalanmış, lakin həmin vaxt abonent iştirak etməmiş. Laborotoriya şəraitində sayğacın işlək vəziyyətdə olması, üst qapağının ilgəyləri yerindən çıxarılması müəyyən edilmiş, bu hall abonentin sayğaca müdaxilə etməsi kimi qiymət verilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində 365 gün hesabat dövrü verilmiş sərfiyyatın dəyəri olaraq 583.18 manat təşkil edən 4486 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın əməkdaşları verdikləri ifadələrlə müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən yaşayış evinə quraşdırılmış elektirik sayğacı yenisi ilə əvəz edilərkən Azərişıq ASC-nin əməkdaşları tərəfindən zədələnmişdir. Bununla da sayğacın zədələnməsində abonentin təqsiri olması öz təsdiqini tapmamış, istehlakçı tərəfindən sayğaca hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusu törətməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən abonentin, habelə hal şahidlərinin iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan abonentə borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan iddiaçıya borc hesablanmışdır. Ümumiyyətlə sayğaca müdaxilənin nədə ifadə olması da aktda kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda küçədə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən halları və qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdeh təşkilat tərəfindən istifadə edilmiş və lakin dəyəri ödənilməmiş elektrik enerjisinin sərfinin miqdarını müəyyən etməklə, abonentin qəsdlə elektrik sayğacının yararsız hala salmasını bildirməklə ehtimala əsaslanmış, habelə aktın tərtibi və borc hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla da iddiaçıya məxsus ünvanda sayğaca müdaxilənin mövcudluğunu və bu pozuntunun məhz abonentin təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borc abonentin hesabından silinməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya (abonent kodu: **********90035 olan) hesablanmış borcun tələbdə göstərilən məbləğdə 583.18 (beş yüz səksən üç manat on səkkiz qəpik) manat hissəsində silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 583.18 (beş yüz səksən üç manat on səkkiz qəpik) məbləğində borc İddiaçı abunə hesabından (abunə kodu: **********90035 olan) silinsin. "xxxx" ASC-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar