Məhkəmə qərarları › İş №2(076)-301/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-301/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-301/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi oğlu “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən 0,88 hektar pay torpaq sahəsinin ümumi paylı mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN-393 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 45 saylı qərarı və JN-393 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndində yerləşir. Həmin JN-393 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında onun atasının adı, şəxsiyyət vəsiqəsində qeyd olunan "Əhməd" əvəzinə səhvən "Məhəmməd" kimi qeyd edilməsinə görə həmin Dövlət Aktı üzrə mülkiyyətinə verilmiş pay torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir. Maraqlı şəxsə bu məqsədlə etdiyi müraciətinə verilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktublarında atasının adının şəxsiyyət vəsiqəsində qeyd olunduğundan fərqli olması səbəbindən müraciətinin təmin edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Ona görə həmin Dövlət Aktının, hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən 0,88 hektar pay torpaq sahəsinin ümumi paylı mülkiyyətinə verilməsinə dair tərtib edilmiş JN-393 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-393 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 45 saylı qərarı ilə Şəmkir rayonu, Daşbulaq kəndində yerləşən 0,88 ha torpaq sahəsi Ərizəçi Məhəmməd oğlu, X2, X1 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə verilmiş Şəmkir rayonu Daşbulaq kəndində doğulmuşdur. İş materiallarında olan Ərizəçi məxsus AZE seriyalı 0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Şəmkir rayonu Dəllər Cəyir kəndində anadan olmuş, Şəmkir Rayon Dəllər-Cəyir kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********45 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-393 kod- 50405028 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi oğlu” kimi göstərilsə də, JN-393 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında adı “Ərizəçi Məhəmməd oğlu” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “Ərizəçi Məhəmməd oğlu” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-393 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-393 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-393 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar