Məhkəmə qərarları › İş №2(076)-314/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-314/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-314/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi1 (Ərizəçi2 nümayəndəsi) iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-203A KOD-50405028 saylı Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 45 saylı qərarı ilə onların və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,26 ha həyətyani torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-203A KOD-50405028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 adı “Firuddin” ata adı Rəfael” kimi və Ərizəçi2 ata adı “Rəfael” kimi göstərilmişdir. Ancaq onların bütün sənədlərində soyadları, adları və ata adları Ərizəçi1 və Ərizəçi2 qeyd edilmişdir. Onların adlarında yalnışlıq olduğundan mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işləri apara bilmirlər. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında olan yalnışlığı aradan qaldıra bilmirlər. Ona görə də, JN-203A KOD-50405028 saylı Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 (Ərizəçi2 nümayəndəsi) məhkəmə iclasında ərizəsinin məzmununa uyğun çıxış edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan JN-203A KOD-50405028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəmkir rayonunda şəhərində 0,26 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə verilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyadları, adları və ata adları yalnış olduğundan hazırda Ərizəçi1 və Ərizəçi2 yaşadığı Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində yerləşən torpağa dair müvafiq sənəd ala bilmirlər. Məhkəmə hesab edir ki, ərizəçilər “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından və ərizəçilər həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiklərindən ərizə təmin edilərək, “torpağa mülkiyyət hüququna dair” JN-203A KOD-50405028 saylı dövlət aktında torpağın ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şəmkir şəhərində yerləşən “torpağa mülkiyyət hüququna dair” JN-203A KOD- 50405028 saylı dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar