Məhkəmə qərarları › İş №2(076)-3148/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3148/2024

18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3148/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin onun barəsində yaydığı məlumatların həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, ona qarşı etdiyi əxlaqsız təkliflərə son qoyulması, barəsində yaydığı məlumatın yalan olduğunu yazılı qaydada təkzib etməklə ondan üzr istəməsi, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qaynı olmuşdur. Belə ki, o cavabdehin qardaşı Anar Alızadə ilə evlənmiş, lakin artıq 5 ildir ki, ayrılmışlar. Hal–hazıradək cavabdeh ondan əl çəkmir, onu küçədə görəndə, telefonda əxlaqsız təkliflər edir, ondan əl çəkməyəcəyini bildirir. O, cavabdehin təklifini rədd etdikdə, bütün kənddə, ictimai yerlədə onun pozğun, əxlaqsız qadın olmasını demişdir. O, cavabdehin hərəkətləri barədə polisə şikayət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Cavabdehin onun barəsində yaydığı məlumatlara görə kənd arasına çıxa bilmir. Həmçinin, özü isitilikxanalarda işləyir, cavabdehin hərəkətlərinə görə iş yoldaşları arasında işgüzar nüfuzu ləkələnmişdir. Hesab edir ki, cavabdehin onun barəsində yaydığı məlumatlara, təhqiramiz ifadələrə və böhtanlara görə onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gəlmişdir. O, Şəmkir rayonunda namuslu vətəndaş, tərbiyəli ana kimi tanınmasına baxmayaraq, cavabdehin hədəfinə tuş gəlmiş, barəsində mənfi rəy formalaşmışdır. Həmçinin, cavabdeh onun barəsində əsası olmayan məlumat yaymış, nəticədə o, sarsıntı keçirmiş, bununla da mənəvi zərərə məruz qalmışdır. Odur ki, cavabdehin onun barəsində yaydığı məlumatların həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi, ona qarşı etdiyi əxlaqsız təkliflərə son qoyulması, barəsində yaydığı məlumatın yalan olduğunu yazılı qaydada təkzib etməklə ondan üzr istəməsi, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin əlavə olaraq göstərdi ki, 2014–cü il tarixdə cavabdehin qardaşı Anar Alızadə ilə ailə quraraq evlənmişdir. Lakin təxminən 5 il əvvəl–ailə münasibətləri pozulmamışdan əvvəl qayını Cavabdeh ona əxlaqsız təklif edərək sevgi münasibətlərini olmasını tələb etmişdir. Bu barədə qayınanasına və qayınatasına desə də, onlar ona inanmamış, Elvinə böhtan atdığını iddia etmişlər. Bundan sonra ailə münasibətləri pozulmuş və əri ilə məhkəmə qaydasında boşanmışlar. Lakin sonralar da Elvin ona telefonla zəng edərək, həmçinin hər görəndə əxlaqsız təkliflər etmişdir. O, cavabdehin təklifi rədd etmiş və onun barəsində polisə şikayət etmişdir. Polisdə araşdırma aparılmış və tələbi mülki xarakterli olmasına görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəmə iddia qaldırmışdır. Qeyd edir ki, o, cavabdehin təklifini rədd etdikdən sonra cavabdeh onun barəsində şər–böhtan xaraketrli məlumatlar yaymağa başlamışdır. Belə ki, Cavabdeh heç bir əsası olmadan onu əxlaqsızlıqda günahlandırmış, kənd sakinlərinin, qohumların yanında onun barəsində xoş olmayan məlumatlar yaymışdır. Halbuki, onun heç bir əxlaqsız hərəkəti olmamışdır. Cavabdeh onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmək məqsədilə qərəzli şəkildə barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Nəticədə kənd sakinləri, eləcə də onu tanıyanlar arasında barəsində mənfi rəy formalaşmışdır. Cavabdehin həmin əməlləri ilə mənəviyyatına vurulmuş zərbədən özü və ailəsi dərin sarsıntı və iztirab keçirmiş, mənəvi zərərə məruz qalmışdır. Hazırda mənəvi zərəri 10.000 manat dəyərində qiymətləndirmişdir. Hazırda hesab edir ki, cavabdehin onun barəsində yaydığı məlumatların həqiqətə uyğun olmayan, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməli, ona qarşı etdiyi əxlaqsız təkliflərə son qoyulmalı, barəsində yaydığı məlumatın yalan olduğunu yazılı qaydada təkzib etməklə ondan üzr istəməli, mənəvi zərərə görə 10.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb ona verilməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun həmkəndlisidir. İddiaçının anası hələ Nübarın evli olduğu vaxt qaynının ona sataşmasını, onu yola verməməsini demişdir. Həmçinin, Nübar özü bu barədə demişdir. Lakin cavabdehin şəxsən Nübar haqqında nəsə deməsini eşitməmişəm. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndlisidir, onlarla hər hansı qohumluq münasibətləri və ya düşmənçiliyi yoxdur. Nübar cavabdehin qardaşı ilə evləndikdən sonra mütəmadi mübahisələri olmuş, hər dəfə mübahisə zamanı cavabdeh “gedin öz qızınızla maraqlanın”–demişdir. Bir dəfə də dava zamanı Elvin Nübarın əxlaqsız olmasını demişdir. Həmçin, kənddə Nübarın haqqında xoş olmayan məlumatlar yayılmışdır. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı onun qızıdır. X7 ilə evləndikdən sonra qayını Elvin ona imkan verməmiş, əxlaqsız təkliflər etmiş, söz–söhbət yaratmışdır. Qızı bu barədə qayınatasına və qayınanasına desə də, onlar Nübara inanmamışlar. Bir dəfə isə qızı ona zəng edərək Elvinin yataq otağına keçməsini demişdir. Bundan sonra onların ailə münasibıtləri pozulmuşdur. Buna baxmayaraq, Elvin qızından əl çəkməmiş, kənd camaatı arasında Nübarın barəsində şər–böhtan xarakterli məlumatlar yaymış, onun əxlaqsız olmasını demişdir. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2024–cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini, ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə iddiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə iddiaçının izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehin qardaşı Anar Alızadə ilə evlənmiş, ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar. Məhkəmə bu faktları işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdeh tərəfindən iddiaçının haqqında şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən böhtan xarakterli məlumatların yayılması, həmçinin iddiaçının mənəvi zərərə məruz qalması ilə bağlı ziddiyyətli hallar olduğundan məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidin ifadəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilməmiş, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzunun hansı şəkildə ləkələnməsini, o cümlədən cavabdehin birbaşa iddiaçı haqqında hər hansı xoşa gəlməz söz deməsini dəqiq göstərməmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi iddianın düzgün həll edilməsi zamanı nəzərə ala bilmir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün heç bir mötəbər mənbədən əldə edilmiş sübut təqdim etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı tərəf sübut növü kimi məhkəməyə CD disk təqdim etmiş və cavabdehə məxsus səs yazısının olmasını iddia etmişdir. Məhkəmə tərəfindən həmin CD diskə baxış keçirilmiş, lakin hər hansı səs yazısının mövcud olması müəyyən ediləmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin İddiaçı şərəf və ləyaqətini təhqir edən, alçaldan, işgüzar nüfuzuna xələl gətirən və ləkələyən ifadələr işlətməsi, eləcə də belə məlumatların cavabdeh tərəfindən yayılması müəyyən olunmamışdır. Azərbaycan Respublikası MM–nin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsindən bəhs edən 23.1–ci maddəsində göstərilmişdir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002–ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21–ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23–cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri–əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri–əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri–maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri–əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999–cu il tarixli 7 nömrəli qərarının 3–cü bəndində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatın şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması və bu məlumatların yayılması. Həmin qərarda daha sonra göstərilir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal–təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı–ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri–müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halın mövcud olması təkzib edilmiş, yəni cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması, bununla da iddiaçının maddi və mənəvi zərərə məruz qalması öz təsdiqini tapmamışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı yalnız formal mülahizələr əsasında cavabdehin onun barəsində yalan məlumatlar yaymaqla şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsini göstərməklə kifayətlənmişdir. Halbuki, mülki qanunvericilik mövcud vəziyyətdə, yəni şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələyən yalan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu iddiaçıda saxlanıldığı halda keçirdiyi sarsıntı və iztirabları sübut etmək vəzifəsini də məhz iddiaçıya aid etmişdir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Hazırkı iş üzrə iddiaçı məhkəmə iclası zamanı şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatların məhz cavabdeh tərəfindən yayılmasını, habelə onların yayılması nəticəsində mənəvi zərərə məruz qalmasını təkzib olunmaz dəlillərlə sübuta yetirə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatların olması, həmçinin həmin məlumatların məhz cavabdeh tərəfindən onun ünvanına deyilməsi və yayılması, habelə onların yayılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadığından, iddiaçının tələbi əsaslı sayıla bilməz. Ona görə də məhkəmə işin müəyyən ediılmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar