Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3270/2024 12.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Quliyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Üçüncü şəxs “X7 Service” MMC–nin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən aparılmış 8İ-12402 №-li, 29 iyul 2024cü il tarixli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon 1 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən AZ2006, ünvan 1 ünvanında yerləşən “X7 Service” MMC-nin xeyrinə müddət üçün vaxtında ödənilməmiş 20419 manat 00 qəpik və cərimə peniya 2000 manat 00 qəpik, 25 manat 00 qəpik dövlət rüsumu, ümümilikdə 22444 manat 00 qəpik məbləğin tutulması barədə 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli İcra qeydi aparılmışdır. İcra qeydi ilə razılaşmayaraq aşağıdakı səbəblərdən onu əsassız hesab edir. Bildirir ki, qeyd olunan icra sənədinə səbəb olmuş Şəmkir rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusunun icra qeydi ona rəsmi qaydada təqdim olunmamış və İcra qeydindən onun yalnız Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraya dəvət edildiyimdən sonra xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur. Borcla razı olmadığını və həmçinin təqdim etdikləri alqı-satqı müqaviləsi öhdəliyini tam olaraq ərizəyə əlavə etdiyi ödəniş qəbzləri ilə yerinə yetirmişdir. Qanunvericiliyin tələblərinə əsasən Notariusda İcra qeydi həyata keçirilməmişdən öncə onun tələbkar tərəfindən icra qeydinin aparılmasına 20 gün qalmış məlumatlandırılmalı olduğunu, lakin buna baxmayaraq bu barədə onun ünvanına heç bir bildiriş daxil olmamış və məlumatlandırılmamışdır. Bu halda bu icra qeydinin aparılması həyata keçirilə bilməz. Bu da icra qeydinin qanunvericiliyin tələblərindən kənara çıxmaqla tərtib edildiyinin göstəricisidir. Əlavə olaraq bildirir ki, qanunvericiliyə əsasən İcra qeydinin aparılması üçün növbəti ödənişlərin müddətini keçirməyə görə vətəndaşlardan borcu tutmaqdan ötrü icra qeydi almaq üçün borclunun tapşırıq-öhdəliyinin əsli, borcun məbləği və ödənilməsi müddətləri göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı təqdim olunmağı tələb olunsa da, notariusa tələbkar tərəfindən hüquqi əsası olmayan (tarixsiz) alqı-satqı müqaviləsi təqdim olunmuşdur. Bu səbəbdən də borc haqqında icra qeydinin aparılması vaxt və müddət baxımından absurddur. Odur ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o 2021-ci ildə həmin şirkətdən 18000 manat faizə pul götürmüş, lakin borcunu tam olaraq ödəmişdir. “X7 Service” MMC-yə ümumilikdə 23000 manat pul ödəmişdir. Ödənişlərə dair qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Həmçinin pul götürən zaman avtomobilini şirkətə təhvil vermiş və onların adına rəsmiləşdirmiş, lakin borcunu ödəsə belə avtomobili onun əlindən almışlar. Həmçinin qeyd etmək istəyir ki, notariusa təqdim olunan sənədlərdə olan imzalar ona məxsus deyildir. Onun müqavilədə olan imzası başqa imza olmuşdur. Hazırda İcra qeydində göstərilmiş borcla razı deyil, o, borcunu tam şəkildə ödəmişdir. Odur ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, icra qeydinin mübahisəsiz qaydada alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər təqdim olunmamışdır. Şəmkir rayon 1 saylı notariat ofisi icra qeydini verərkən qanunvericiliklə nəzərdə tutulmuş sənədlər tələb etməmiş və tərəflər arasında mübahisənin olub-olmamasını müəyyən etməmişdir. Həmçinin Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra qeydinin aparılacağı barədə bildiriş göndərməmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №li, 29 iyul 2024-cü il tarixli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs “X7 Service” MMC–nin nümayəndəsi (vəkili) X4 izahatında göstərdi ki, İddiaçı ilə “X7 Service” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə ödəmək şərti ilə 23200 manat dəyərində inşaat malları satılmışdır. xx.xx.2021-ci il tarixli akt əsasında İddiaçı 23200 manat dəyərində inşaat malları təhvil verilmişdir. Lakin iddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuş və “X7 Service” MM-yə ödənilməyən borcu qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borca dair bildiriş göndərilmişdir. İddiaçı bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. İddiaçı “X7 Service” MMC-yə 23200 manat borcundan cəmi 2781 manat ödəniş etmişdir. Bu səbəbdən “X7 Service” MMC icra qeydi barədə ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Hesab edir ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydi əsaslıdır və ləğvi üçün heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icra qeydi haqqında ərizənin surətindən görünür ki, “X7 Service” MMC xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi barədə ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmiş, İddiaçı 20419 manat əsas kredit borcu, 2000 manat dəbbə borcu olmaqla, cəmi 22419 manat pulun tutulması xahiş edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, İddiaçı 22419 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun tutulub “X7 Service” MMC-yə ödənilməsi qeyd edilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı “X7 Service” MMCyə borclu olduğu 23200 manat məbləğində borcu xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 99003877 saylı aktdan görünür ki, “X7 Service” MMC tərəfindən İddiaçı 12 ay müddətinə ödəmək şərti ilə 23200 manat dəyərində inşaat malları satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 99003877 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, “X7 Service” MMC İddiaçı 23200 manat dəyərində inşaat malları təhvil verilmişdir. İşdə olan “X7 Service” MMC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı “X7 Service” MMC-yə 23200 manat olan borcundan 2781 manat ödəniş etmiş, 20419 manat əsas, 2000 manat cərimə borcu qalmışdır. İşdə olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı “X7 Service” MMC-yə olan borcundan müxtəlif vaxtlarda ödəniş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə “X7 Service” MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçıya 12 ay müddətinə ödəmək şərti ilə 23200 manat dəyərində inşaat malları satılmışdır. “X7 Service” MMC xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə icra qeydinin verilməsi barədə ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydi əsasında İddiaçı 22419 manat məbləğində pulun və 25 manat dövlət rüsumunun tutulub “X7 Service” MMC-yə ödənilməsi qeyd edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, həmin icra qeydini mübahisələndirir və “X7 Service” MMC-nin ondan artıq məbləğdə pul tələb etdiyini iddia edir. Belə olan halda məhkəmə hesab edir ki, həmin icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. -İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. -Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. -İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. -Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. -Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. -Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. -İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. -Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, notarius tərəfindən icra qeydinin aparılması üçün ilk növbədə borc mübahisəsiz olmalıdır, qanunvericiliyin digər tələbi isə tələbkar tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməzdən əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilməklə məlumatlandırılmasıdır. Lakin Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim olunmuş icra qeydinin aparılması üçün əsas olmuş sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı ünvanlanmış poçt xəbərnaməsi olsada, tələbkar tərəfindən borcluya ünvanlanmış hər hansı bildiriş mövcud olmamışdır. Borclu isə icra qeydinin aparılması üçün ona heç bir bildiriş təqdim olunmadığını qeyd edir. Həmçinin müəyyən olunur ki, tərəflər arasında olan münasibətlər üzrə mübahisə vardır. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı borcun tutulmasına dair Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-12402 №-li, 29 iyul 2024-cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3270/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3270/2024
12.12.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver