Məhkəmə qərarları › İş №2(076)-3370/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3370/2023

07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3370/2023 07.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun «Azəriqaz» İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun adına ünvanına xəbərdarlıq göndərilərək bildirilmişdir ki, qazdan istifadəyə görə X8 Sahəsinə 2000 manat borcu yaranmışdır. Bildirildi ki, o həmin borcu ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. İddiaçı bildirir ki, yaşayış sahəsində 10041393 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğacı X1 Şəmkir ******* saylı aktda iddiaçının həmin sayğaca müdaxilə etdiyi bildirilmişdir. Lakin iddiaçı həmin sayğaca heç bir müdaxilə etməmişdir. Belə ki, aktda göstərilmişdir ki, sayğacdan kənar xətt aşkar edilmişdir. Şəmkir rayon Qaz İstismar İdarəsi tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra belə müəyyən edilmişdir ki, onun köhnə sayğacına müdaxilə olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona sayğacına müdaxilə ilə bağlı hansısa bir xəbərdarlıq bildirilməmişdir. Bu baxımdan da iddiaçı ilə həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və İddiaçı sayğaca müdaxilə etməmişdir. Həmin ziyanla bağlı tərtib edilmiş aktdan iddiaçının indi xəbəri olmuşdur. Hazırda iddiaçı həmin evdə tək övladları ilə yaşayır. Ev qaynatasının adınadır. Həmçinin həyat yoldaşı da rəhmətə getmişdir. Ona görə də ərizəni də öz adından vermişdir. Bildirir ki, həmin ziyanla bağlı hç bir məlumatı olmamışdır. Hesab edir ki, sayğaca müdaxilə olunubolunmaması müəyyən edilmədən olunubsa həmin müdaxilənin iddiaçının tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub-olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirir ki, evində qazla işləyən ancaq 4 göz qaz plitəsi və soba olub. Təxminən bir ay müddətinə təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edilmişdir. Lakin “Azəriqaz” İB əməkdaşları tərəfindən ona yazılan cərimə əsassız olaraq şişirdilmişdir. Akta imzanı da ona görə edib ki, dedilər ki, sayğacı yoxlamaya aparırıq ona görə imza etməlisiz. Bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkarlanmışdır. Abonentin saldosundan görünür ki, abonentə 2018-ci ildə 2011,20 manat məbləğində borc hesablanmışdır. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah şəhadətnaməsindən görünür ki, X2 ilə X4 xx.xx.1993-cü il tarixində nikaha girmişlər. xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2006cı il tarixində ölmüşdür. xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2017ci il tarixində ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 8-1-ci hissəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 30 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2011.20 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən təbii qazdan ancaq farsunka və hamam üçün qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə “Azəriqaz” İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh iştirak etməmiş və bunu sübut edə bilməmişdir və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Məhkəmənin iclasında iştirak etmiş iddiaçı ünvan 2 ünvanında radiator sobası (RP), qaz sobası (PQ-4) istifadə edilmişdir. Aktdan isə göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirərkən sayğacdan kənar xəttdən evin daxilində radiator sobası (RP), qaz sobası (POQ4) və QSSQ (200L) işlədicilərinin qidanlamasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya yazılmış akta əsasən PQ 4 göz qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 12 x 30= 432 m3 , Radiator sobasının (RP) maksimal saatlıq qaz sərfi 1.6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.6 x 12 x 30= 576 m3 , müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 120.96 manat ((1008 x 0,12 = 120.96) müəyyən edilməlidir. Odur ki, iddiaçıya məxsus ünvan 3 ünvanı üzrə qaz sərfinə görə (abonent kodu **********00150 olan) hesablanmış 1890.24 manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 1890.24 manat olduğundan cavabdehdən 38.9 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir şəhəri, E.Hüseynov küçəsi, ev 1, mənzil 15 ünvanı üzrə qaz sərfinə görə (abonent kodu **********00150 olan) hesablanmış 1890.24 (iki min) manat borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 38.9 (otuz səkkiz manat doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar