Məhkəmə qərarları › İş №2(076)-3437/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3437/2025

18.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3437/2025 18.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Məhkəmə iclas katibi Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 273677 və xx.xx.2023-cü il tarixli 318326 nömrəli aktlar əsasında hesablanmış 3378.61 (üç min üç yüz yetmiş səkkiz manat 61 qəpik) manat cərimə məbləğinin **********0 nömrəli abunə kodundan və ya ********** nömrəli sayğacının kart bazası hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə fərdi yaşayış evində yaşayır. Yaşadığı mənzil kiçik kvadrat həcmlidir. Daimi və mövsümi olaraq Rusiya Federasiyasında işlə bağlı yaşayır və həmin müddətdə mənzil boş qalır. Həmin mənzildə elektrik və istilik enerjisini daimi sayğaclar vasitəsilə əldə etmişdir. Onun mənzilinə məxsus elektrik sayğacı smart kart tipli sayğacdır. Həmin sayğaca əvvəlcədən pul vəsaitini ödəniş etdikdən sonra elektrik enerjisi istifadəsi mümkündür. Bugünədək nə elektrik sayğacına nədə qaz sayğacına heç bir kənar müdaxilə nə edilməyib nədə etməmişdir. Tam məsuliyyətli abonent olmuşdur. Lakin xx.xx.2025-ci ildə elektrik sayğacına vəsait yükləmək üçün poçt məntəqəsinə müraciəti zamanı ona məlum oldu ki, onun smart kart deyilən kart ödəniş sisteminin qabağı bağlanmışdır, yəni kartı blok olunmuşdur. O bununla bağlı cavabdehin Şəmkir rayon EŞnə müraciəti əsasında araşdırılan zaman onun sayğacına bir yox hətta iki ədəd 273677 və 318326 nömrəli aktlar tərtib olunmuşdur. Tərtibat nəticəsində 3378.61 manat cərimə pul məbləği əlavə olunmuşdur. Bu məqsədlə də onun kartının qarşısı blok edilmiş, akt tərtib olunan zaman həmin mənzildə olmadığı və akt tərtibatından xəbərsiz olduğu səbəbdən onu qəsddən idarəyə dəvət etsinlər. Aktlarda qeyd olunmuşdur ki, abonent sayğacdan kənar xəttdən istifadə edir, birinci aktda guya 1 saatda 6.6 kv/saat, ikinci aktda isə 1 saatda 6.8 kv/saat enerji oğurluq edirmişdir. O cavabdehə “niyə birinci aktı tərtib edən zaman öz xəyalınızda görmüş və sübut etmiş olduğunuz kənart xəttin ləvği ilə bağlı heç bir yaranmış qüsurun ləvğ edilməsi ilə bağlı xüsusi nömrəli protokol tərtib edilməmiş, həmin protokol əsasında yerli icra və yaxud prokrorluq orqanlarına inzibati tenbeh tədbiri məqsədi ilə müraciət etməmisiniz?” sualı vermişdir. Yəni ikinci aktı tərtib edənə qədər birinci aktın ümumi qüsurların ləvğinin ümumi prosedur qaydaları həyata keçirilməmişdir. O həmin vaxt hər iki aktla bağlı əyani və möhtəbər sübutları əldə etməyə çalışmışdır. Müasir dövr avadanlıqları sistemi altında qurulmuş idarə sistemində onun hər iki aktının heç bir sübut və dəlili barəsində azda olsa sübut təqdim olunmamışdır. Şikayəti zamanı onun ünvanına yenidən baxış keçirilmiş və onun oğurluq kimi qəbul etdikləri kənar xətt transformatorun yerləşdiyi ünvanda futbol stadionunda əvvəllər işiqlanma üçün çəkilmiş köhnə istismara yararsız naqil olduğu müəyyən edilmişdir. Əgər həmin borc onun oğurluğu altında hesablanmışdısa niyə iki il müddətində o məhkəməyə müraciət edən günədək nə ona məlumat verilmiş, nədə ödəniş edən zaman ödədiyi məbləğin bir qismi borca çıxılmamışdır? Hörmətli Məhkəmə, akt tərtibatına nəzər salınsa hər iki akt şablon üsülunda yazılmışdır. Aktda qeyd olunmuş Pfaktiki = 6.8 kv/saatı əldə etmək üçün birinci növbədə kənar xəttin hər bir naqilində keçən elektrik yükünün cərəyan məbləği aydın olmadan birbaşa faktiki qeyd etmək qeyri qanunsuzluqdur. Beləliklə həmin aktlar əsasında hesablanmış məbləğdə tamamilə qanuna uyğunsuzluqdur. Həmin kənar xətt ona aid olmadığı üçün cavabdehin məsləhəti ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qeyd olunan aktlar tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, yazılmış cərimə məbləğini əsassız hesab edir və məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin X10 Təchizatı və Satışı İdarəsinin (bundan sonra Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X3 (Şəmkir EŞ) əməkdaşları tərəfindən Şəmkir rayonu ərazisində Kür qəsəbəsində yaşan abonentlərin yaşayan və fəaliyyət göstərən abonentlər tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə abonentlərin X1 qaydalarına əməl edib-etməmələrini araşdırmaq məqsədi ilə onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşlar Şəmkir EŞ-nin rəisi Bəhruz Tağızadə, X7 rəisi Səbuhi Bayramov və şəbəkənin aparıcı mühəndisi Səxavət Məhərrəmov tərəfindən hazırkı iş üzrə "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında **********0 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydə alınmış, İddiaçı da yaşadığı ev üçün quraşdırılmış, özünün adına rəsmiləşdirilmiş sayğac uçot dəstinə iddiaçının özünün iştirakı ilə baxış keçirmişlər. Əməkdaşlar tərəfindən iddiaçının yaşadığı ev üçün onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla istifadəsində olan sayğac uçot dəstinə baxış keçirilən zaman “abonent sayğacdan kənar xətdən enerjidən istifadə edir” qüsuru faktı aşkar edimişdir. İşlədicilərin gücü ölçmə zamanı Pkənar= 6,6 kvt. Aşkar edilmiş enerji pozuntusuna dair əməkdaşlar tərəfindən iddiaçının yaşadığı ev üçün quraşdırılmış sayğac uşot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair abonent barəsində "X1 Qaydaları”nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 07 dekabr 2022-ci il tariixli, Akt R № 273677 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən abonent barəsində dəyəri 2.510,54 (iki min beş yüz on manat əlli dörd qəpik) manat təşkil edən 180 gün üçün 19958 kVt.s miqdarında itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Əməkdaşların tərtib etdiyi aktın nəticə hissəsində “Qüsur aradan qaldırılsın, hesablanmış məbləğ ödənilsin əks halda şəbəkədən açılsın” tələbi qoyulmuşdur. Tərtib olunmuş həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçiya dəyəri 863,02 (səkkiz yüz altmış üç manat sıfır iki qəpik) manat təşkil edən 60 gün üçün 6854 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Göründüyü kimi, norma enerjitəchizatı müəssisəsinə əlavə sərfiyyat aparılmasına o halda hüquq verir ki, göstərilən hallardan ən əsası biri mövcud olsun. Qeyd olunan hazırki isdə də iddiaçı tərəfindən elektrik enerji sərfiyyatı qəsdən azaltmaq məqsədi ilə (yəni təhrif etmək). Abonent qanunsuz şəbəkəyə qoşulmaqla elektrik enerjisindən fərdi yaşayış evinə sayğacdan kənar xəttdən istifadə etmişdir. Abonent qanunsuz şəbəkəyə qoşulmaqla sayğacdan kənar xətt vasitəsi ilə enerjidən istifadə etdiyi üçün sayğac ötürülən enerjini tam qeyd etməmişdir. İş materiallarına əlavə edilmiş istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, hər ay sayğaca vəsait yükləmiş, nə qədər enerji sərfiyyatı olmuşdur. Deməli abonent hər ay sayğaca vəsait yükləyirsə elektrikdən istifadə edilir, bu isə o deməkdir ki, evdə yaşayış olmuşdur. Digər tərəfdən əməkdaşlar tərəfindən təfrtib olunmuş 07 dekabr 2022-ci il tarixli, AKT R № 273677 saylı aktdan görünür ki, onun iştirakı ilə tərtib olunmuş, heç bir əsaslı səbəb göstərmədən akta imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, "xxxx" ASC-nin X10 Təchizatı və Satışı İdarəsinin Şəmkir rayon Elektrik şəbəkəsinin X7 mütəxəssisi vəzifəsində işləyir. İddiaçının adına qeydiyyata alınmış sayğac küçədə yerləşir. Cavabdeh sayğacdan kənar xətt istifadə etdiyi aşkar edilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Kənar xətt iddiaçının zirzəmisində istifadə olunduğu aşkar edilmişdir. İddiaçının adına qeydiyyata alınmış sayğacların iş mexanizmi belədir ki, əgər sayğaca olunan borc tam ödənilmirsə o zaman sayğaca kartla pul yükləmək olmur. İddiaçı mövcud borcunu ödəməmiş, lakin iddiaçı karta pul yükləyərək X1 etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 273677 saylı aktın surətindən görünür ki, abonent sayğacdan kənar xəttdən enerji istifadə etdiyi aşkar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 318326 saylı aktın surətindən görünür ki, abonent sayğacdan kənar xəttdən enerji istifadə etdiyi aşkar edilmişdir. İşdə olan abunə haqqında saldodan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi sakini İddiaçı akt əsasında 3378.61 (üç min üç yüz yetmiş səkkiz manat 61 qəpik) manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində öz adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə baxış zamanı sayğaca müdaxilə və sayğacdan kənar əlavə xətt aşkar olunmuş, bu səbəbdən "xxxx" ASC–nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli 273677 saylı və xx.xx.2023cü il tarixli 318326 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Həmçinin saldodan görünür ki, abonentə xx.xx.2022-ci il tarixli 273677 saylı və xx.xx.2023-cü il tarixli 318326 saylı aktlar əsasında borc yazılmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını və həmin fərdi yaşayış evində yaşayan istehlakçıları məlumatlandırmadan baxış keçirmiş, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşları borcu hesablayarkən kənar xəttin hansı ünvana, hansı abonentə aid olmasını araşdırmadan akt tərtib edərək borc hesablamışlar. Belə olan halda kənar xəttin həqiqətən də iddiaçıya məxsus ünvanda olması halı şübhə doğurur. Eyni zamanda məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eləcə də, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi və bu hal olduğu təqdirdə həmin hərəkətə görə birbaşa istehlakçısının təqsirli sayılması inandırıcı hesab edilmir. Bu hal isə bir daha tərtib olunmuş aktın və hesablanmış borc məbləğinin əsassız olduğuna dəlalət etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli 273677 saylı və xx.xx.2023-cü il tarixli 318326 saylı akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən hesablanmış 3378.61 (üç min üç yüz yetmiş səkkiz manat 61 qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 273677 saylı və xx.xx.2023-cü il tarixli 318326 saylı akt əsasında İddiaçı (abunə kodu **********0) hesablanmış 3378.61 (üç min üç yüz yetmiş səkkiz manat 61 qəpik) manat borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar