Məhkəmə qərarları › İş №2(076)-3441/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3441/2024

29.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3441/2024 29.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 fərdi yaşayış evinə yazılmış 144 (bir yüz qırx dörd) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, 4Ə-380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "Satıcı" adlanan X2 və X1, onlara məxsus olmuş və ünvan 1 fərdi yaşayış evini "Alıcı" adlanan İddiaçı yəni, ona satmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Cavabdehlər xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman müqaviləyə əsasən evi bir ay müddətində ona təhvil verəcəkləri barədə öhdəlik götürmüşlər. Lakin, cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtdında icra etməyərək evi 1 (bir) ay ərzində ona təhvil verməmişdir. Buna görə də cavabdehlərlə aralarında narazılıq yaranmışdır. Cavabdehlər evi ona 18 iyun 2023-cü il tarixdə yəni müqavilə bağlanıldıqdan 3 ay sonra təhvil vermişlər. Üçüncü şəxslər alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl ona su sayğacının yararsız olduğunu və evi təhvil verənə qədər təmir etdirəcəklərini və təmirlə bağlı yarana biləcək xərcləri qarışlayacaqlarını bildirmişlər. Lakin, cavabdehlər evdə yaşadıqları müddətdə su sayğacı yararsız olduğundan kənar xəttdən istifadə etmişlər. Buna görə də Cavabdeh ASC tərəfindən üçüncü şəxslərə qanunsuz istifadəyə görə 144 (bir yüz qırx dörd) manat məbləğində cərimə məbləği hesablanmışdır. Lakin üçüncü şəxslər həmin borcu ödəmədikləri üçün su sayğacı əvəzlənməyərək su təchizatı bərpa olunmamışdır. Üçüncü şəxslərdən evi təhvil aldıqdan sonra su sayğacının və su təchizatının bərpa olunması üçün Cavabdeh ASC-nin Şəmkir rayon idarəsinə müraciət etmişdir. İdarədən 144 (bir yüz qırx dörd) manat borcun ödənildikdən sonra su sayğacının əvəzlənəcəyi və su təchizatının bərpa olunacağı ona bildirilmişdir. Üçüncü şəxslərin alqısatqı müqaviləsi üzrə və digər qaydada üzərlərinə götürdüləri öhdəlikləri icra etməməsi barədə Şəmkir RPŞ-nə yazılı qayda şikayət vermişdir. Lakin, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması haqqında qərarla cavabdehlərlə aralarında olan mübahisə mülki xarakterli olması ilə əlaqədar şikayəti rədd olunmuşdur. Bundan başqa üçüncü şəxs "xxxx" ASC-nin 8 nömrəli Regional Sukanal idarəsinə ünvan 1 fərdi yaşayış evinə verilən suya görə nə qədər borc məbləğinin olması və həmin borcun hansı tarixlərdə yaranması barədə arayış və ya cədvəl verilməsi barədə müraciət etmiş, lakin həmin müraciətinə “Azərsu" ASC-nin 8 nömrəli Regional Sukanal idarəsi tərəfindən cavab verilməmişdir. Hazırda cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı evə su verilməməkdədir. Buna görə çox əziyyət çəkir. Üçüncü şəxslərlə cavabdeh arasında yaranmış mübahisəyə görə təqsirkar deyildir. Cavabdeh idarə üçüncü şəxslərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququ var lakin cavabdeh idarənin bu barədə heç bir müraciəti yoxdur. Dəfələrlə su təhcizatının bərpa olunması üçün cavabdeh "xxxx" ASC- nin 8 nömrəli Regional Sukanal idarəsinə müraciət etsə də heç bir nəticə olmamışdır. Ona görə də, Cavabdeh X4 tərəfindən ünvan 1 fərdi yaşayış evinə yazılmış 144 (bir yüz qırx dörd) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və hesablanmış 144 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti, üçüncü şəxslər X2 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 13-16301/4/01-10/1-H-10xxxx/1528/2024 nömrəli Cavabdeh X3 məktubundan görünür ki, ünvan 1 ünvanın xx.xx.2023-cü il tarixdə su xəttinə baxış keçirilən zaman su təchizatı xidmətindən qanunsuz qoşulma və istifadə olunduğu aşkar edilmiş və bu səbəbdən həmin tarixdə AKT- 101169 saylı akt tərtib olunaraq, 144 manat (240m3) məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2-ci döngə 4 ünvanında yerləşən abonent İlqar Qələndərovun saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin dekabr ayında 144.0 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********87-10301 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, 147.40 kvadrat metrdən ibarət olan, Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2-ci döngə 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən əmlakın İddiaçı tam hüquqi sahibidir.(Qeydiyyat nömrəli **********) Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2-ci döngə 4 ünvanında yerləşən fərdi yaşayış evinin su ilə təmin edilməsi üçün Cavabdeh ASC ilə İlqar Qələndərov arasında 2018-ci ildə müqavilə bağlanmışdır. Lakin həmin ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmaqla hazırda onun istifadəsindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə sudan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə su təchizatı xidmətindən qanunsuz qoşulma və istifadə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 8.6 və 8.7-ci bəndlərinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, Cavabdeh ASC tərəfindən iddiaçının abonent hesabına 2023-cü ildə 144.0 manat cərimənin hansı əsaslarla hesablanması barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və bu hal iş materialları ilə müəyyən edilmədiyindən iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, akt əsasında **********000 saylı abonent koduna hesablanmış borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsi 2-ci döngə 4 (Yeni qaydalarla: AZ5705 ünvan 2 ünvanında yerləşən yaşayış evi üzrə akt əsasında **********000 (********) saylı abonent koduna hesablanmış 144 (bir yüz qırx dörd) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar