Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-347/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli R 300300 nömrəli akt əsasında qanunsuz həsablanmış 606.83 (altı yüz altı manat, 83 qəpik) manat məbləğində borcun onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-ci il tarixdə yaşadığı ünvana baxış keçirilmiş və sayğacdan kənar xətt olduğu göstərilərək xx.xx.2023-cü il tarixli R 300300 nömrəli akt tərtib etmişlər. Bundan sonra həmin akt əsasında cavabdeh təşkilatın əməkdaşları tərəfindən xəyali hesablama aparılmaqla onun hesabına 606.83 manat məbləğində borc hesablamışlar. O bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyir. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən də görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Sayğacdan kənar xətti olsa idi o ay ərizndə cədvəldə göstəriləndən daha az elektrik enerjisi sərf edərdi. Həmçinin cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən evdə yaşayanlardan heç kəsi dəvət etməmiş, nə də ki, akta evdə yaşayan şəxsləri dəvət etməmələrinin səbəbi barədə heç bir qeyd aparmamışlar. Bu da onu göstərir ki, cavabdeh idarənin əməkdaşlarının aktda göstərikləri tam əsassızdır və tərtib edilmiş akt qanunsuzdur. Əgər onun sayğacdan kənar xətti olsa idi bu barədə ay ərzində bir dəfə sərf olunmuş elektrik enerjisinə görə bildiriş verən nəzarətçinin məlumatı olardı. Hazırda "Azərişıq” ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər, əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. O isə həmin borcun qanunsuz olaraq yazıldığını və borcun silinməsini tələb edir. Lakin tələbini heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli R 300300 nömrəli akt əsasında qanunsuz həsablanmış 606.83 (altı yüz altı manat, 83 qəpik) manat məbləğində borcun onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2023-cü ilin avqust ayında nəvəsi Rusiyada vəfat etmiş, avqust ayının 6-da Şəmkir rayonunda dəfn edilmişdir. Nəvəsinin yas mərasimi olan ərəfədə, yəni avqust ayının 4-dən kürəkəni yas mərasiminin aparılması üçün kənar xətt çəkmiş, cəmi 1 ay kənar xəttdən yas mərasimi üçün istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixdə Azərişıq Asc-nin əməkdaşları tərəfindən kənar xətt aşkar edilərək ləğv edilmişdir. Qeyd olunanlara əsasən iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, abonent kənar xətdən istifadə edir, bu barədə xx.xx.2023–cü il tarixli 300300 nömrəli akt tərtib və əsasında iddiaçıya 605,41 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli 300300 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abonent giriş xəttindən əlavə kənar xətt istifadə edir, amper masa ilə ölçmə aparılmış, kənar xətdən axan faktiki yük 1=0.96 A aşkar olunmuşdur. (aktın tərtibində abonent iştirak etməmişdir) İşdə olan abunə haqqından görünür ki, İddiaçı EİQ pozulması nəticəsində 605,41 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Təzəkənd kəndı İƏD-nin yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində sayğacdan istifadə edir. Həmin ünvanda 2023–ci ilin sentyabr ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması ilə bağlı abonentin iştirakı olmadan akt tərtib edilmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 60 gün müddətindən ziyan hesablanmış və 605,41 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 30 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Belə ki, iddiaçı da həmin halı öz izahatı ilə təsdiq edir. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən günün 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 30 günlük müddət və günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyəri 151,35 manat (4.62 kvt x 12 saat x (0,7) x 30 gün =1164,24 kvts, 2328,48 kvts x 0.13 qəpik = 151,35 manat) müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 454,06 manat (605,41 manat-151,35 manat) borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında abonent İddiaçı hesablanmış 454,06 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-347/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-347/2024
05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver