Məhkəmə qərarları › İş №2(076)-3529/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3529/2024

28.11.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3529/2024 28.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Üçüncü şəxs: "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan, Şəmkir rayonu, Fizulu qəsəbəsində yerləşən əmlak kompleksi “X7” MMC–nin "xxxx" ASC qarşısında kredit öhdəliklərinin ödənilməsinin təminatı kimi KX–112–HŞ ******* saylı və KM–112–HŞ ******* saylı müqavilələr üzrə ipoteka ilə yüklü edilmişdir. Hazırda borclu “X7” MMC bank qarşısında kredit öhdəliklərini lazımi qaydada yerinə yetirə bilmədiyi üçün Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydləri verilmişdir. İcra qeydlərinin verilməsi barədə ona heç bir məlumat verilməmiş, yalnız icra məmuru ona telefonla zəng edəndən sonra məlumatlı olmuşdur. Hesab edir ki, icra qeydinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalar pozulmaqla verildiyindən ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə "xxxx" ASC ona rəsmi bildiriş göndərməli, bildirişin forma və məzmununa əməl edilməklə verilmiş bildirişə əsasən 20 gün müddətində borcun ödənilməsi təklif edilməli və həmin müddət gözlənilməlidir. Lakin ona bildiriş göndərilmədən birbaşa notariat ofisinə müraciət edilmiş və qeyd etdiyi pozuntulara yol verilmişdir. Nəticədə mülkiyyətində olan, ipoteka qoyulmuş və tutma yönəldilməsi nəzərdə tutulmuş əmlak kompleksinin qiymətinə və kredit borcuna görə hesablanmış faiz və dəbbə puluna dair narazı olması barədə münasibət bildirmək imkanı olmamışdır. Həmçinin, notarius tərəfindən tutulmalı olan borcun mübahisəli olub– olmaması barədə heç bir araşdırma aparılmamışdır. Odur ki, Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydlərinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı üçüncü şəxs "xxxx" ASC–nin nümayəndəsi X3 izahatında göstərdi ki, iddiaçı tərəf icra qeydinin verilməsi barədə ona heç bir məlumat verilməməsini bildirsə də, onun iddiasının əsası yoxdur. Belə ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1–ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İcra qeydlərinin də verilməsi ilə bağlı poçt vasitəsilə iddiaçıya bildiriş göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən göndərilmiş bildirişin iddiaçıya deyil, poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılması nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ona təqdim edilməməsi əsası ilə icra qeydlərinin ləğvini tələb etməsi əsassızdır. Həmçinin, qeyd edir ki, tərəflər arasında xx.xx.2024–cü il tarixdə notarial qaydada barışıq sazişi bağlanmış və həmin sazişə əsasən iddiaçı Əliyev X4 rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydlərinin ləğv edilməsi tələbindən imtina etməyə və gələcəkdə hər hansı iddia qaldırmayacağına dair, "xxxx" ASC isə həmin icra qeydlərinin icra hərəkətlərini “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə əsasən dayandırmağı öhdəsinə götürmüş, həmçinin tərəflər "xxxx" MMC 1 ay müddətində krediti tam bağlamadıqda "xxxx" ASC–nin icra hərəkətlərini bərpa etmək hüququnun yaranmasına dair razılaşmışlar. Onlar həmin barışıq sazişinin təsdiq edilməsini istəsələr də, iddiaçı razı olmamışdır. Hazırda hesab edir ki, icra qeydlərinin ləğvi üçün hər hansı əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə və üçüncü şəxs Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Bununla belə, iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC–yə 12 ay müddətinə ödəmək şərtilə, illik 12 faiz olmaqla, 1.000.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli KM–112–HŞ–5107466 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC–yə 48 ay müddətinə ödəmək şərtilə, illik 12 faiz olmaqla, 2.500.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı və xx.xx.2022–ci il tarixli KM– 112–HŞ–5107466 saylı kredit müqavilələrinin təminatı kimi zamin durmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı və xx.xx.2022–ci il tarixli KM– 112–HŞ–5107466 saylı kredit müqavilələrinin təminatı kimi İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka ilə yüklü etmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı və xx.xx.2022–ci il tarixli KM–112–HŞ– 5107466 saylı kredit müqavilələri üzrə borcu xatırladılaraq ödəməsi, əks halda ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC–yə xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı və xx.xx.2022–ci il tarixli KM– 112–HŞ–5107466 saylı kredit müqavilələri üzrə borcu xatırladılaraq ödəməsi, əks halda icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli bildirişdən görünür ki, İddiaçı mülkiyyətində olan və "xxxx" ASC–nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İşdə olan kredit borcuna dair arayışdan görünür ki, xx.xx.2023–cü il tarixə "xxxx" MMC–nin xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi borcu 1.044.854,28 manat təşkil etmişdir. İşdə olan kredit borcuna dair arayışdan görünür ki, xx.xx.2023–cü il tarixə "xxxx" MMC–nin xx.xx.2022–ci il tarixli KM–112–HŞ–5107466 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi borcu 2.308.420,64 manat təşkil etmişdir. İşdə olan icra qeydi haqqında ərizədən görünür ki, "xxxx" ASC–nin nümayəndəsi X3 xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı və xx.xx.2022–ci il tarixli KM–112–HŞ–5107466 saylı kredit müqavilələri üzrə icra qeydi barədə ərizə ilə Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət edərək, borcludan cəmi 3.353.274,92 manat pulun tutulmasını xahiş etmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ– 19277 nömrəli icra qeydindən görünür ki, İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi qeyd edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ– 19440 nömrəli icra qeydindən görünür ki, İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən un dəyirmanı avadanlıqları ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi qeyd edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ– 19606 nömrəli icra qeydindən görünür ki, X1 və İddiaçı cəmi 3.353.299,92 manat məbləğində borcun tutulması qeyd edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixdə notarial qaydada bağlanmış barışıq sazişindən görünür ki, iddiaçı Əliyev X4 rayon 1 saylı notariat ofisinin xx.xx.2023– cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydlərinin ləğv edilməsi tələbindən imtina etməyə və gələcəkdə hər hansı iddia qaldırmayacağına dair, "xxxx" ASC isə həmin icra qeydlərinin icra hərəkətlərini “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə əsasən dayandırmağı öhdəsinə götürmüş, həmçinin tərəflər "xxxx" MMC 1 ay müddətində krediti tam bağlamadıqda "xxxx" ASC–nin icra hərəkətlərini bərpa etmək hüququnun yaranmasına dair razılaşmışlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2022–ci il tarixli KX–112–HŞ–5107466 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC–yə 12 ay müddətinə ödəmək şərtilə, illik 12 faiz olmaqla, 1.000.000 manat məbləğində kredit verilmişdir. Həmçinin, xx.xx.2022–ci il tarixli KM–112–HŞ–5107466 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC–yə 48 ay müddətinə ödəmək şərtilə, illik 12 faiz olmaqla, 2.500.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit müqavilələrinin təminatı kimi zamin durmuş, eləcə də iddiaçı qeyd olunan kredit müqavilələrinin təminatı kimi mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəni "xxxx" ASC–nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borclu "xxxx" MMC krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun hər iki müqavilə üzrə ödənilməmiş borcu yaranmışdır. "xxxx" MMC həmin müqavilələr üzrə yaranmış borcunu ödəmədiyindən bank icra qeydi barədə ərizələr ilə Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli icra qeydinə əsasən İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, xx.xx.2023–cü il tarixli 8İ– 19440 nömrəli icra qeydinə əsasən İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Fizuli qəsəbəsində yerləşən un dəyirmanı avadanlıqları ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi və xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli icra qeydinə əsasən X1 və İddiaçı cəmi 3.353.299,92 manat məbləğində borcun tutulması qeyd edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, həmin icra qeydlərini mübahisələndirir və icra qeydlərinin ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1–ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2–ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.2–ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir. Həmin Qanunun 36.3–cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 37.1–ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1–ci maddəsinə əsasən bu Qanunun 37.1–ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.2–ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1–ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76–cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373– cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığım təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79–cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə ‘İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqavilələri bağlanmış, borclu müqavilələr üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borcverən kreditin təminat üsulu olan ipoteka predmetinə tutma yönəldirməsi barədə notariusa müraciət etmişdir. Bundan sonra Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydləri verilmişdir. İddiaçı iddia etmişdir ki, ipoteka predmetinə tutma yönəldilərəkən ona bildiriş verilməmiş, bildirişdəki imza ona məxsus olmamışdır. Qanunvericiliyin yuxarıda sadalanan nomralarından göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi – bildirişin verilməsi, qeydə alınması və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. İşdə olan bildirişdən görünür ki, həm borclu, həm də ipoteka qoyanın ünvanlarına poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Bununla belə yuxarıda qeyd olunan qanunun normasından görünür ki, bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Başqa sözlə qeyd olunsa, “İpoteka Haqqında” Qanunun 36–cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000– ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin sırasında “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Həmin Siyahının 1–1–ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2–ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Beləliklə, ipoteka saxlayan tərəfindən icra qeydi almaq üçün ipotekaya tutmanın yönəldilməsi və ya borcun qaytarılması barədə bildirişin borcluya göndərilməsini və ya ona çatdırılmasını təsdiq edən sənədin təqdim edilməsi tələbi qanunvericilikdə mövcud deyildir. Bildiriş ipoteka qoyana göndərildiyi halda, çatdırılıb–çatdırılmamasından asılı olmayaraq, bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 8İ–19277 nömrəli, xx.xx.2023–cü il tarixli 8İ–19606 nömrəli və xx.xx.2023–cü il tarixli 8İ–19440 nömrəli icra qeydləri qanuni olmuş və ləğvi üçün hər hansı əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar