Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-36/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyul 2017-ci il tarixli, 3M-206 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun həmkəndlisidir. 2007-ci ildə iddiaçının böyük qardaşı Füzuli Quliyev və mərhum X7 Cavabdeh1 borc pul almışlar. Ramin Həsənov 2014-cü ildən 2019-cu ilədək Şəmkir rayon Əliyaqublu kənd bələdiyyəsinin sədri işləmişdir. 2017-ci ildə Ramin Həsənov iddiaçını öz iş yerinə dəvət edərək bildirmişdir ki, onun və X9 Mehdiyevə borcları vardır. Bu borcun ödənilməsinə görə möhlət alınması üçün cavabdehlə birlikdə borc müqaviləsinin bağlanmasında iştirak etməsini xahiş etmişdir. Ramin Həsənov iddiaçıya demişdir ki, həmin müqaviləyə görə ona heç bir zərər dəyməyəcək, sadəcə olaraq müqavilə Füzuli və Raminə möhlət verilməsi üçün lazım olacaq, Fərhadın borcu isə yola görə veriləcək kompensasiyadan ödəniləcəkdir. Bunun qarşılığında isə "xxxx" ASC tərəfindən həyata keçirilən “Gəncə- Qazax-Gürcüstan Dövlət sərhəd avtomobil yolunun tikintisi layihəsi” çərçivəsində iddiaçının torpaq sahəsinin həmin yola düşməsinə köməklik edəcəyini və hesablanacaq kompensasiyanın yuxarı hesablanmasına dəstək verəcəyini bildirmişdir. İddiaçı da bu təkliflə razılaşmışdır. Bu barədə Şəmkir rayon 1 saylı notariat ofisində Cavabdeh1, X7 və iddiaçı arasında xx.xx.2018-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Lakin həmin müqavilədən də göründüyü kimi, Cavabdeh1 müqavilədə qeyd olunan 44.300 manat məbləğində pulu verməmişdir. Müqavilənin imzalanmasından bir müddət keçsə də, Ramin Həsənov verdiyi sözə əməl etməmiş, Cavabdeh1 pulu qaytarmamışdır. Bundan sonra Cavabdeh1 iddiaçıya və Ramin Həsənova qarşı Şəmkir Rayon Məhkəməsinə pul tələbi ilə iddia ərizəsi vermişdir. İddiaçı Ramin Həsənovdan bu barədə soruşduqda, o, iddiaçıya narahat olmamağı, ona heç bir zərər toxunmayacağını demişdir. İddiaçı yenidən onun bu yalanlarına inanmış və nəticədə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsi çıxarılmışdır. İddiaçının qətnamənin mahiyyəti barədə məlumatı olmamışdır. O, yenə də işin məsuliyyətini anlamamış, çünki Ramin Həsənov hər dəfə onu aldadaraq sakitləşdirmişdir. Yalnız xx.xx.2019-cu ildə Şəmkir Rayon Məhkəməsi tərəfindən iddiaçı barəsində 10 gün inzibati həbs seçiləndən sonra iddiaçı başa düşmüşdür ki, Ramin Həsənov onu aldadaraq öz borcuna şərik etmişdir. İddiaçı həbsdən çıxdıqdan sonra 31 may 2019-cu ildə qeyd olunan qətnaməni Şəmkir Rayon Məhkəməsindən götürmüşdür. Həmin tarixədək qətnamə və onun məzmunu barədə heç bir məlumatı olmamışdır. Qətnaməni oxuduqda məlum olmuşdur ki, Ramin Həsənov onun savadsızlığından istifadə edərək aldadaraq çıxılmaz vəziyyətə salmışdır. Bundan sonra iddiaçı Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(076)-516/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş və Şəmkir Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. İddiaçı o vaxt işin qurtardığını və borc üzrə heç bir öhdəliyinin qalmadığını düşünmüşdür. Lakin bir neçə ay əvvəl iddiaçı barəsində yenidən eyni iş üzrə inzibati həbs seçilmiş və ona həmin borc müqaviləsi üzrə icra qeydinin verildiyi bildirilmişdir. İddiaçı bildirir ki, Cavabdeh1 heç vaxt borc pul almamışdır. X10 yalanlarına inanmış, onun savadsızlığından istifadə etməsi nəticəsində çətin vəziyyətə düşmüşdür. Ramin Həsənov başqa şəxsləri də aldadaraq onların pullarını mənimsəmişdir. Cavabdeh1 qeyd olunan məbləğdə pulu iddiaçıya verməmişdir. Notariat işində də pulun verilməsi barədə heç bir qəbz və ya ödəniş sənədi mövcud deyildir. Qeyd edilənlərə əsasən 22 iyul 2017-ci il tarixli, 3M-206 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, şahidlərin ifadələrini nəzərə alaraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 2(102)-4174/2022 saylı, xx.xx.2022-ci il tarixli Ali Məhkəməsinin Mülki kollegiyasının qərarından görünür ki, iddiaçı (Cavabdeh1) cavabdehlərə (İddiaçı və X7) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 44300 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-516/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ona aid olan hissədə ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3305/2019 nömrəli mülki iş üzrə 30 sentyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Nuru Quliyev (sədrlik edən), Rəhman Muradov (məruzəçi) və Şəfiqə Əliyeva) cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2(102)-4174/2022 saylı, xx.xx.2022-ci il tarixli Ali Məhkəməsinin Mülki kollegiyasının qərarına əsasən, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3305/2019 nömrəli mülki iş üzrə 30 sentyabr 2019cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 3M-206 nömrəli, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X1 Fərhad Mehdi oğlundan 44300 (qırx dörd min üç yüz) manat xx.xx.2018-ci il tarixinədək qaytarmaq şərti ilə borc almışlar. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İ8-3294 nömrəli icra qeydindən görünür ki, Cavabdeh1 xeyrinə İddiaçı və X2 44300 (qırx dörd min üç yüz) manat və 10 (on) manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2(104)-1545/2024 nömrəli Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh1 və Şəmkir rayon İcra və Probasiya Şöbəsinə qarşı – Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 8İ-3294 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh1 və Şəmkir rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra qeydinin ləğv olunması” barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1545/2024 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023-cü il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə X7 və Cavabdeh1 arasında 22 iyul 2017-ci il tarixli, 3M-206 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 borc alan İddiaçı və X5 44300 manat məbləğində borc vermiş, borc alanlar krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, borc alanlar tərəfindən onların üzərinə düşən öhdəliyi icra etmədiklərinə görə Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən 28 sentyabr 2018-ci il tarixli icra qeydi verilmiş və icraya yönəldilmişdir. Həmçinin iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X5 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 516/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3305/2019 nömrəli mülki iş üzrə 30 sentyabr 2019-cu il tarixli qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3305/2019 nömrəli mülki iş üzrə 30 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı cavabdehlər Şəmkir rayonu 1 saylı notariat kontoruna, Cavabdeh1 və Şəmkir rayon İcra və Probasiya Şöbəsinə qarşı – Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 8İ-3294 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2887/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1545/2024 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2887/2023 saylı mülki iş üzrə 22 dekabr 2023-cü il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qətnamələri ilə İddiaçı 22 iyul 2017-ci il tarixli, 3M-206 reyestr nömrəli kredit müqaviləsini öz razılığı imzalaması müəyyən edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyul 2017-ci il tarixli, 3M-206 reyestr nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə sözügedən kredit müqaviləsinin etibarlı olub–olmamasını yalnız təqdim edilmiş sübutların məhkəmə iclasında tədqiq olunması yolu ilə araşdırılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.2–ci maddəsinə əsasən bu Məcəllənin 347.1–ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə əsasən pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsi daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, iddiaçı istinadla kredit müqaviləsini bağlayarkən kredit müqaviləsinin tərəfi olan X4 onu aldadaraq vəd verdiyini, onun vədinə aldanaraq ona Cavabdeh1 tərəfindən 44300 manat pul verilmədiyi halda kredit müqaviləsini imzaladığını qeyd edərək, kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı kredit müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Şəmkir rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş 22 iyul 2017ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Şəmkir rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş 22 iyul 2017-ci il tarixli müqaviləni mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə edilən əqd onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə–bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni,müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019–cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə, iddiaçının dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsassız olduğunu müəyyən etmişdir. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Göründüyü kimi, etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyildir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh1 (üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) qarşı “müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-36/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-36/2025
11.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver