Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-360/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi tələbinə dair Şəmkir Rayon Məkəməsində iddia qaldırmışdır. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən diametri 1020 mm olan magistral qaz kəmərinin mühafizə zonasından 9 metrlik məsafəsində qanunsuz olaraq istixana inşa etmişdir. Bununla da cavabdeh AZ. Dövlət Tikinti Normaları 2.9–2 X4 Layihələndirmə Normalarının tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999–cu il tarixli 103 nömrəli qərarının tələblərini pozumuşdur. Cavabdehin isə inşa etdirdiyi istixana kəmərin təhlükəsizlik zonasında yerləşdiyindən qanunsuz tikilidir. Həmin məsafədə, yəni magistral qaz kəmərinin 50 metr məsafəsində hər hansı tikinti işlərinin aparılması qadağandır. Cavabdeh tərəfindən inşa olunmuş həmin istixana isə yüksək təzyiqli magistral qaz kəmərinin təhlükəsizlik zonasında inşa olunmuşdur. Həmin tikili daim təhlükə mənbəyidir, belə ki, kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən iddiaçı təşkilat tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, məhkəmədən Cavabdeh, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən diametri 1020 mm olan magistral qaz kəmərinin mühafizə zonasından 9 metrlik məsafəsində qanunsuz olaraq inşa etdiyi istixananın cavabdehin öz vəsaiti hesabına sökülməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X3 məhkəməyə “İddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, Cavabdeh, Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçən diametri 1020 mm olan magistral qaz kəmərinin mühafizə zonasından 9 metrlik məsafəsində qanunsuz olaraq inşa etdiyi istixananın cavabdehin öz vəsaiti hesabına sökülməsi, 100 manat dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı “Qaz İxrac” İdarəsinin İsmayılov Rahid Mahal oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli istixananı özünə məxsus torpaq sahəsində inşa etdirmişdir. Hesab edir ki, həmin tikili mülkiyyətdə olan torpaq sahəsində inşa edildiyi üçün qanunsuz sayıla bilməz. Əlavə olaraq qeyd edir ki, həmin istixanada əkinlə məşğul olaraq ailəsini dolandırır. İstixananın sökülməsi onun mənafeyinə uyğun deyildir. Ona görə də iddianı əsassız hesab edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Qazax MQKS–nin əməkdaşları tərəfindən tərtib olunmuş 20 iyun 2022–ci il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən diametri 1020 mm olan Qazıməmməd–Qazax MQKS magistral qaz kəmərinin 9 metrlik məsafəsində istixana inşa edilməsi aşkar olunmuşdur. İşdə olan və Qazax MQKS tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli 18 saylı arayışdan görünür ki, 118,3 km uzunluğu olan yeraltı Qazıməmməd–Qazax 1020 mm– lik İ xətt magistral qaz kəməri 1970–ci ildə istismara verilmiş, hazırda Qazax MQKS– nin balansında və istismarındadır İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində inşa edilmiş istilikxana həmin ərazidən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən 14–15 metr məsafədə yerləşir. Qeyd olunan qaz kəmərinin təhlükəsizlik zonası tikinti–texniki normalara əsasən qaz xəttindən 25 metr məsafə təşkil edir və inşa edilmiş istixana kəmərin təhlükəsizlik zonasına düşür. Cavabdeh tərəfindən Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində inşa edilmiş istixana tikilərkən onun qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsi məqsədləri üçün tikinti–texniki normalara əməl edilməmişdir. Qeyd olunan 1 nömrəli istixana 0.0351 ha (351 kv.m), 2 nömrəli istixana 0.0690 ha (690 kv.m) ərazini əhatə edir. Qeyd olunan istixana qurğu hesab edilir. Mübahisəli torpaq sahəsi JN–174 saylı Dövlət Aktına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022–ci il tarixli 10/5555 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində inşa edilmiş istilikxana həmin ərazidən keçən diametri 1020 mm olan magistral qaz kəmərindən 14– 15 metr məsafədə yerləşir. Qeyd olunan qaz kəmərinin təhlükəsizlik zonası tikinti– texniki normalara əsasən qaz xəttindən 25 metr məsafə təşkil edir və inşa edilmiş istixana kəmərin təhlükəsizlik zonasına düşür. Cavabdeh tərəfindən Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində inşa edilmiş istixana tikilərkən onun qaz kəmərinin təhlükəsizlik zonasında yerləşməsi məqsədləri üçün tikinti–texniki normalara əməl edilməmişdir. Qeyd olunan 1 nömrəli istixana 0.0351 ha (351 kv.m), 2 nömrəli istixana 0.0690 ha (690 kv.m) ərazini əhatə edir. Qeyd olunan istixana qurğu hesab edilir. Mübahisəli torpaq sahəsi JN–174 saylı Dövlət Aktına əsasən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsidir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, həqiqətən Cavabdeh Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən keçən və diametri 1020 mm olan magistral qaz kəmərindən 14–15 metr məsafədə istixana inşa etdirmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddiaçı təşkilatın tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1–ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998–ci il tarixli 773 saylı Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. Qaydaların 2.7–ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonaları təyin edilir: –boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi qeyd olunan normativ– hüquqi aktın sadalanan tələblərinə görə kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsinin mühafizə zonası üçün ayrılması nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin inşa etdirdiyi tikili qaz kəmərindən 14–15 metr məsafədə yerləşir. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən mühafizə zolağı kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrinə münasibətdə kəmərin orta oxundan 25 metr məsafədə müəyyən edilmişdir. Odur ki, mübahisələndirilən istixana kəmərin 14–15 metr məsafəsində inşa edildiyindən kəmərin mühafizə zolağına düşür və bu səbəbdən həmin istixana sökülməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19–cu maddəsinin İ hissəsinə əsasən sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorunmaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin maddənin İİ hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Göründüyü kimi qanun da mühafizə zonasında inşa edilmiş tikilinin mühafizə zonasının sərhədlərinədək kənarlaşdırılmasını nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, həmin istixana cavabdehin vəsaiti hesabına sökülməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999–cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7–ci bəndi tətbiq edilməli və qaz təchizatında mühafizə zonası üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə münasibətdə 25 metr məsafənin müəyyən edildiyi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Cavabdeh istifadəsində olan mübahisəli istixananın yerləşdiyi torpaq sahəsi cavabdehin istifadəsində olsa belə, tikinti məqsədləri üçün ayrılmadığından və cavabdeh tərəfindən tikintiyə lazımi qaydada icazə alınmadığından, həmin mübahisəli istixana qanunsuz olaraq özbaşına inşa edilmişdir. Ona görə də cavabdehin həmin özbaşına tikili üzərində heç bir hüququ dövlət tərfindən tanınmamış və qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1–ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2–maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4–cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi(orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymək verərək hesab edir ki, Cavabdeh Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində tikinti işlərinin aparılması üçün qanunla müəyyən olunmuş qaydada lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına apardığından, bu tikili 1020 mm–lik diametrli magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti qaz kəmərinin texniki istismarına və təmirinə maneələr törətdiyindən və orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaratdığından Cavabdeh hesabına sökülməli, qaz kəmərinin mühafizə zonası boşaldılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddianın təmin edilmiş hissəsinə uyğun olaraq Cavabdeh tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–nin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən keçən diametri 1020 mm olan magistral qaz kəmərinin 14–15 metr məsafəsində mühafizə zonasında inşa edilmiş istixana cavabdehin öz vəsaiti hesabına sökülsün və ərazinin kəmər keçən hissəsi kəmərin orta oxundan 25 metr məsafəyədək əvvəlki vəziyyətə qaytarılsın. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş xidmət haqqı cavabdehə aid edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul alınıb iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-360/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-360/2023
18.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver