Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3640/2024 16.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonun Yeniabad kəndində qeydiyyatda olub həmin kənddə yerləşən fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. "xxxx" ASC–nin əməkdaşları tərəfindən yaşadığı ünvanda adına quraşdırılmış PA4D tipli ********** nömrəli sayğaca ona və ailə üzvlərinə məlumat vermədən baxış keçirilmiş sayğacda müdaxilə olduğu üçün akt tərtib etmişlər. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Aktda göstərilmişdir ki, EEİQ-na uyğun ərazidə yoxlama aparan zaman məlum olmuşdur ki, abonent sayğacı sxemdən kənarlaşdıraraq bir başa kənar xəttdən istifadə edir. Halbuki, sayğacın sxemdən kənarlaşdırılmasından onun və ailə üzvülərinin xəbəri olmamışdır. Qeyd etdiyi kimi sözü gedən sayğac küçədə quraşdırılmışdır. Yəni həmin sayğaca ola bilsin ki, kənar şəxs tərəfindən müdaxilə oluna bilərdi. Sayğacın mühafizəsinə dair cavabdehlə onun arasında heç bir müqavilə bağlanmamışdır. Belə ki, gecə sayğacın mühafizə olunmasına görə o məsuliyyət daşımır. Odur ki, hesab edir ki, həmin akt əsassız tərtib edilmişdir. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 340941 nömrəli akt əsasında hesablanmış 1469, 22 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac onun evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşkar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki "xxxx" ASC tərəfindən hesablanmış əsassız borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, iş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, 20 iyun 2024-cü il tarixdə "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin (bundan sonra Qərb RETSİ) struktur tərkibində fəaliyyət göstərən X3 (Şəmkir EŞ) əməkdaşları tərəfindən Şəmkir rayonu ərazisində, o cümlədən rayonun Yeniabad kəndində yaşayan və fəaliyyət göstərən abonentlər tərəfindən elektrik enerjisinin talanmasının qarşısını almaq məqsədilə, eləcə də abonentlərin X1 qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq üçün onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşlar tərəfindən hazırkı iş üzrə İddiaçı da yaşadığı ev üçün, onun istifadəsində olan, balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman “abonent sayğacı sxemdən kənarlaşdıraraq birbaşa kənar xətdən istifadə edir” qüsuru faktı aşkar edilmişdir. Kənar xəttdən axan yük xüsusi ölçmə cihazı olan Ampermaşa vasitəsi ilə ölçülmüş və məlum olmuşdur ki, P kənar xətt = 0,6 (sıfır tam onda altı) kvts təşkil edir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşlar tərəfindən hazırkı iş üzrə İddiaçı haqqında “EEİQ”nın tələbinə uyğun olaraq 20 iyun 2024-cü il tarixli, AKT R № 340941 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sözügedən aktın nəticə hissəsində “Qüsur aradan qaldırılsın. Hesablanacaq məbləğ ödənilsin. Əks halda şəbəkədən açılsın” tələbi qoyulmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, İddiaçı yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə əməkdaşlar tərəfindən baxış keçirilən zaman mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Video çəkilişdən də abonentin qanunsuz şəbəkəyə qoşulmaqla birbaşa sayğacdan kənar xətt vasitəsi ilə X1 etməsi açıq-aydın görünür. Tərtib olunmuş həmin akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən hazırkı iş üzrə İddiaçı haqqında cəmi dəyəri 75,91 (yetmiş beş manat 91 qəpik) manat təşkil edən 90 gün üçün 907 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Abonent qanunsuz şəbəkəyə qoşulmaqla sayğacdan kənar xətt vasitəsi ilə enerjidən istifadə etdiyi üçün sayğac ötürülən enerjini tam qeyd etməmişdir. Məhz bu səbəbdən də “EEİQ”-nın tələbinə uyğun İddiaçı barəsində yuxarıda göstərdiyi akt tərtib olunmuşdur. Həmçinin, iddiaçı məhkəməyə yanlış məlumat verərək iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASCnin əməkdaşları haqqında xx.xx.2024-cü il tarixdə 340941 nömrəli akt tərtib edərək adına 1469,22 manat məbləğində borc yazmışlar. Lakin iddiaçının göstərdiyi iş üzrə toplanılmış sənədlərlə təsdiq olunmadığından rədd olunmalıdır. Odur ki məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli R 340941 saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Yeniabad kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı, abonent sayğacı sxemindən kənarlaşdıraraq birbaşa kənar xəttdən istifadə etdiyi müəyyən edilmişdir. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2024–cü il tarixə İddiaçı EİQ pozulması nəticəsində 75.91 manat borc yazılmışdır. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2024–cü il tarixə İddiaçı EİQ pozulması nəticəsində 75.91 manat borc yazılmışdır. İşdə olan "xxxx" ASC-nin “Qərb” RETSİ-nin AKT komissiyasının sədrinin xx.xx.2024–cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı kənar xəttdən istifadə etdiyi üçün EİQ pozulması nəticəsində 75.91 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Yeniabad kəndində yaşamış və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2024–cü il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə aşkar olunmuş, bu səbəbdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın pozulması ilə bağlı R 340941 saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akt abonentin iştirakı olmadan tərtib olunmuş və akta əsasən abonentə 75.91 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonunu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Elektroenergetika haqqında qanunun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə elektrik enerjisinin sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2024–cü il tarixli 340941 saylı akt əsasında iddiaçıya "xxxx" ASC-nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 340941 nömrəli akt əsasında hesablanmış 1469,22 manat borcun silinməsini tələb etsədə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024–cü il tarixli 340941 saylı akt əsasında iddiaçıya itirilmiş enerjinin bərpası məqsədi ilə 1469,22 manat deyil, 75,91 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2024–cü il tarixli 340941 nömrəli akt əsasında hesablanmış 75.91 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları tərəfindən X1 qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2024–cü il tarixli R 340941 saylı akt əsasında hesablanmış 75.91 (yetmiş beş manat doxsan bir qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3640/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3640/2024
16.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver