Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3772/2025 14.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Əmiraslanova Esmira Sarif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qaz sərfiyyatına görə müəyyən olunmuş əsassız borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən adına tərtib edilmiş “Abonentin saldosunda” adına qeyd edilən 1674,32 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhəri Sərxan Yeni-yaşayış massivində yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edir və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəyir. Şəmkir Xidmət sahəsində **********00040 nömrəli abonent kodu ilə adına qeydiyyatda olan və fərdi yaşayış evinin yanında, küçədə quraşdırılmış G-4 markalı 11470480 nömrəli qaz sayğacına onun iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən 21 may 2025-ci il tarixdə baxış keçirilərək sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, göstərici şarxının üzərində əzik-cızıq izləri olması barədə akt tərtib etmişlər. Ona görə də ona əsassız olaraq 1674,32 manat məbləğdə borc yazmışlar. Ondan tələb edilən borcu ona görə əsassız hesab edir ki, o və onun ailə üzvlərindən heç biri mübahisə predmeti olan sayğaca müdaxilə etməmişlər. Sayğac küçədə quraşdırıldığından kim tərəfindən müdaxilə edilməsi ona və ailə üzvülərinə məlum deyil. Sayğac küçədə quraşdılıdığından daima onun və ailəsinin ona nəzarət etməsi mümkün deyil. Həmin sayğacın mühafizə olunması barədə öhdəliyə dair cavabdehlə aralarında heç bir müqavilə bağlanmamışdır. Onun iştirakı olmadan baxış keçirərək sayğacın kənar şəxs tərəfindən müdaxilə olunması barədə akt tərtib edərək cavabdeh əsassız olaraq ona 1.674.32 manatməbləğdə borc tələbi qoymuşdur. Cavabdeh əsil təqsirkarı müəyyən edib məsuliyyətə cəlb etmək əvəzinə onlara qarşı heç bir sübutu olmadığı halda ondan 1.674,32 manat məbləğdə borc ödəməyini tələb edir. Ona görə ona qarşı edilmiş haqsızlığın aradan qaldırılması, pozulmuş hüququnun bərpa edilməsi üçün məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ona hesabladığı borc məbləği əsassızdır. Odur ki borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, hazırda istehlakçı İddiaçı yaşadığı evə baxış keçirilmiş və aktda abonentin sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, göstərici şarxının üzərində əzik-cızıq izləri olması halı müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2025-ci ilin avqust ayında 1674,32 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş foto şəkillərdən görünür ki, mübahisə predmeti olan qaz sayğacı küçədə, yəni yaşayış evin girəcəyindən sol tərəfdə quraşdırılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il il tarixdə iddiaçının hazırda yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış, sayğaca baxış keçirilmişdir. Həmin baxış zamanı abonentin sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin fiziki təsir nəticəsində deşici alətlə deşilməsi, göstərici şarxının üzərində əzik-cızıq izləri olması müəyyən edilmişdir. Buna görə, dəymiş ziyan hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan dəymiş ziyanın bərpası məqsədilə cəmi 1674,32 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Şəmkir şəhəri Sərxan Yeni-yaşayış massivində yerləşən fərdi yaşayış evində küçədə quraşdırılmış qaz sayğaçına ziyan vurulması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına ziyan vurulmasına görə, iddiaçıya dəymiş ziyanın bərpası üçün cəmi 1674,32 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Eyni zamanda qeyd olunması zəruridir ki,İddiaçı kənar xətta qeyri qanuni qoşulması ilə bağlı Azəriqaz İstehsalat birliyi tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir (qeyri qanuni qoşulmanı təsdiq edən video görüntü,foto şəkillər və.s) Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması və barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə EN-ə müraciət etməli olması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə akt tərtib edilməklə 1674,32 manat borc məbləği hesablanmışdır. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş ziyanın dəyərinə görə 1674,32 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Beləliklə, Cavabdeh iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddia təmin edilərək, xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış 1674,32 (bir min altı yüz yetmiş dörd manat otuz iki qəpik) manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu Sərxan Yeni-yaşayış massivində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00040) hesablanmış 1674,32 (bir min altı yüz yetmiş dörd manat otuz iki qəpik) manat borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-3772/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3772/2025
14.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver