Məhkəmə qərarları › İş №2(076)-3859/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3859/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3859/2024 03.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin 09 may 2022–ci il tarixdə doğulmuş İnci adlı uşağın atası olması faktının müəyyən edilməsi, həmçinin, 09 may 2022–ci il tarixdə doğulmuş İnci və 19 may 2023–cü il tarixdə doğulmuş Cəsur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə xx.xx.2019–cu il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə qeyri– rəsmi nikahlarından 09 may 2022–ci il tarixdə İnci və 19 may 2023–cü il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrılarkən azyaşlı uşaqları onun yanında qalmışdır. Cavabdeh Cəsur adlı uşağa münasibətdə atalığını müəyyən etdirmişdir. Lakin rəsmi nikahları olmadığından İnci adlı uşağın atalığı müəyyən edilməmiş qalmışdır. Cavabdeh isə uşağına münasibətdə qeydiyyat orqanına gedərək atalığını etiraf etməkdən imtina etmişdir. Həmçinin, azyaşlı uşaqlarının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, mövcud vəziyyətdə azyaşlı uşaqların tələbatlarını tək başına qarşılaya bilmir. Kiçik övladının səhhətində problemlər var, onun müalicə və müayinələrinə kifayət qədər vəsait tələb olunur. Cavabdeh rəsmi olaraq işləyir və yaxşı qazanc əldə edir. Odur ki, cavabdehin faktiki nikah münasibətlərində olduqları vaxt anadan olmuş 09 may 2022–ci il tarixdə doğulmuş İnci adlı uşağın atası olması faktının müəyyən edilməsi, həmçinin, 09 may 2022–ci il tarixdə doğulmuş İnci və 19 may 2023–cü il tarixdə doğulmuş Cəsur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul edərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə qeyri–rəsmi nikahlarından 09 may 2022–ci il tarixdə İnci və 19 may 2023–cü il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə iddiaçı ilə ayrılmışlar və ayrılarkən azyaşlı uşaqları iddiaçının yanında qalmışdır. İddianın atalıqla bağlı hissəsini qəbul edir, İnci adlı uşaq onun uşağıdır. Lakin, uşaqların saxlanması üçün iddiaçının tələb etdiyi alimentin məbləği çox yüksəkdir. Belə ki, özü sürücü işləməklə 345 manat əmək haqqı alır. Həmçinin, birinci nikahından doğulmuş uşaqlarına da aliment ödəyir. Bununla belə İnci və Cəsur adlı uşaqların saxlanması üçün iddiaçıya hər ay hər uşaq üçün 100 manat məbləğdə aliment ödəyə bilər. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə qeyri–rəsmi nikahından 09 may 2022–ci il tarixdə İnci adlı uşaqları doğulmuş, tərəflərin rəsmi nikahları olmadığından uşağın soyadı ananın soyadı ilə “Həsənova” kimi qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə qeyri–rəsmi nikahından 19 may 2023–cü il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2024–cü il tarixli məktubdan görünür ki, Cavabdeh qeydiyyat orqanına gəlmədiyi üçün atalığın müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər 2019–cu il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişlər. Birgə qeyri–rəsmi nikahlarından 09 may 2022–ci il tarixdə İnci və 19 may 2023–cü il tarixdə Cəsur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar, ayrılarkən azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Cavabdeh Cəsur adlı uşağa münasibətdə atalığını müəyyən etdirmişdir. Lakin tərəflərin rəsmi nikahları olmadığından İnci adlı uşağın atalığı müəyyən edilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1–ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Belə olan halda məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan doğulmuş 09 may 2022–ci il təvəllüdlü İnci adlı uşağın atasıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri– müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmƏli maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının yanında yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 09 may 2022–ci il tarixdə doğulmuş İnci adlı uşağın atası hesab edilsin. 03 oktyabr 2024–cü il tarixdən başlayaraq, 09 may 2022–ci il tarixdə doğulmuş İnci və 19 may 2023–cü il tarixdə doğulmuş Cəsur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 60,8 (altmış manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar