Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-386/2025 05.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin oğlunın sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən küçədə quraşdırılmış ZD3-14 tipli, V0015374 nömrəli işıq sayğacının hesablama mexanizminin işləməməsi və sayğacın keçən yükü qismən qeyd etməsi barədə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 020837 nömrəli akta əsasən hesablanmış 330,39 (üç yüz otuz manat otuz doqquz qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, Şəmkir rayonun Şiştəpə kəndində qeydiyyatda olub həmin kənddə yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Ev üçün küçədə "xxxx" ASC-nin Qərb RETSİ tərəfindən birgə yaşadığı, mərhum X1 adına küçədə quraşdırılmış ZD3-17 tipli V0015374 nömrəli işıq sayğacı uzun müddət istismarda olmuşdur. "Azərişıq” ASC-nin əməkdaşları onları ailəyə, o cümlədən qonşularına bildirmədən haqqında 11 dekabr 2020-ci il tarixdə 020837 nömrəli akt tərtib edərək 330,39 manat məbləğdə borc yazmışlar. Aktda göstərilmişdir ki, E.E.İ.Q-na uyğun baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus olan sayğac qusurla işləyir. Belə ki, sayğacın hesablama mexanizmi işləmir. Sayğac keçən yükü qismən qeyd edir. Həmin sayğac çıxarılaraq yenisi ilə əvəz olunaraq rəy verilməsi üçün laboratoriya göndərilmişdir. Halbuki, ailə üzvləri qeyd olunan sayğaca müdaxilə etməmiş və onda yaranmış qüsurdan xəbəri olmamışdır. Qeyd etdiyi kimi sözü gedən sayğac küçədə quraşdırılmışdır. Yəni həmin sayğaca ola bilsin ki, kənar şəxs tərəfindən müdaxilə oluna bilərdi. Eləcədə uzun müddət istismarda olduğundan, yəni istismar müddətini keçdiyindən qeyd olunan qüsur yarana bilərdi. Sayğacın mühafizəsinə dair cavabdehlə onlar arasında heç bir müqavilə bağlanmamışdır. Belə ki, gecə sayğacın mühafizə olunmasına görə o məsuliyyət daşımır. Odur ki, həmin akt əsassiz tərtib edilmişdir. Ona görə ki, o və ailə üzvləri qeyd etdiyi sayğaca heç cür müdaxilə etməmişdir. Cavabdehin əməkdaşları aktı tərtib edərkən onun və ya ailə üzvlərinin, o cümlədən qonşularının iştirakını təmin etməmələri aktın əsassız tərtib edilməsinə dəlalət edir. Ona görə də qeyd etdiyi akta əsasən ailəsinə yazılmış əsassız borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən küçədə quraşdırılmış ZD3-14 tipli, V0015374 nömrəli işıq sayğacının hesablama mexanizminin işləməməsi və sayğacın keçən yükü qismən qeyd etməsi barədə xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 020837 nömrəli akta əsasən hesablanmış 330,39 (üç yüz otuz manat otuz doqquz qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli AKT NDM № 020837 nömrəli aktın surətindən görünür ki, Musa Xəlilova məxsus Y ******* nömrəli sayğaca E.E.İ.Q-na uyğun baxış keçilən zaman fərdi yaşayış evinə məxsus elektrik sayğacı qüsurla işləməsi müəyyən edilmişdir. Belə ki, sayğacın implus lempası döyünür, lakin hesbalama mexanizmi işləmir. Sayğac keçən yükü qismən qeyd edir. İş materiallarında olan **********00674 nömrəli X1 abunə haqqından görünür ki, xx.xx.2020-ci il tarixdə NDM020837 nömrəli aktla ümumilikdə 330.39 manat borc hesablanmışdır. İş materiallarında olan ******* nömrəli məişət istehlakçıların sayğacın dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, Akt NDM 020837 istifadədə olan köhnə tipli sayğac dəyişdirilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində qayın atası X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yoxlanılmış, yoxlanışa görə abonentə ümumilikdə 330.39 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Şiştəpə kəndində olan fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün "xxxx" ASC ilə X4 (iddiaçının qayınatası) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin yaşayış evi isə hazırda iddiaçının istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından Elektrik enerjisindən istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Tərəflər sayğaca müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən sayğac üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən sayğaca müdaxilə faktı ilə əsaslandırır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca Enerjidən istifadə qaydalarının pozulması səbəbindən ümumilikdə 330.39 manat borc hesablanmışdır. Lakin məhkəmə iclasında cavabdeh qeyd olunan borcun hansı səbəbdən yazılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinin tələbinə əsasən Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, bundan sonra İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının (İstehlakçının) elektrik enerjisinin talanmasında təqsirli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən akt tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə aktda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi tam təmin edilməli, 020837 nömrəli xx.xx.2020-ci il tarixli akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış ümumilikdə 330.39 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə abonent X2 hesablanmış 330.39 (üç yüz otuz manat otuz doqquz qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-386/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-386/2025
05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver