Məhkəmə qərarları › İş №2(076)-4033/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4033/2025

10.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4033/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğvi, çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birinci növbə vərəsə tanınmaqla, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğvi, çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birinci növbə vərəsə tanınmaqla, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən iddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X3” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsində göstərilmişdir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin, iddia ərizəsindən görünür ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğvi, çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birinci növbə vərəsə tanınmaqla, miras əmlakdan payın müəyyən edilməsini məhkəmədən xahiş etsə də, iddia ərizəsinə mübahisələndirdiyi sənədləri əlavə etməmişdir. Belə olan halda həmin vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqaviləsinin və çıxarışın nədən ibarət olması müəyyən edilə bilməmişdir. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, tələb qeyri-müəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, ərizə məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəanın tələblərinə riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Eləcə də, iddiaçı, iddia ərizəsinə əlavə edilən sənədlər siyahısının 1-ci sırasında rüsum qəbzini, 2-ci sırasında şəxsiyyət vəsiqəsinin surətini, 4-cü sırasında notariat işlərinin təsdiq olunmuş surətlərini, 5-ci sırasında 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışını və 6-cı sırasında iddia ərizəsinin surətini ərizəsinə əlavə etdiyini qeyd etsə də, iş materiallarında həmin sənədlər aşkar olunmamışdır. Bu barədə Şəmkir Rayon Məhkəməsində akt tərtib edilərək imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Şəmkir Rayon 1 saylı Dövlət Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğvi, çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birinci növbə vərəsə tanınmaqla, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar