Məhkəmə qərarları › İş №2(076)-404/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-404/2024

09.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-404/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu, Yolqullar kəndində İddiaçı adına 0,08 ha torpaq sahəsində yerləşən sahəsi 45,2 kv.m olan fərdi yaşayış evinin satılmasına dair Daşkəsən rayon notariat ofisində bağlanmış 02 iyun 2023-cü il tarixli, AN-1 seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evə dair Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Daşkəsən rayonunun Yolqullar kəndində İddiaçı adına 0,08 ha torpaq sahəsində yerləşən sahəsi 45,2 kv.m olan fərdi yaşayış evi vardır. Həmin mülkə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən İddiaçı adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Çıxarış DƏDRX-də 17 №-li reyestr kitabının 54 №-li vərəqində ********** №- ilə qeydiyyata alınmışdır. Bakı şəhəri 38 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində verilmiş 4518 reyestr nömrəli etibarnamə əsasında İddiaçı adına olan qeyd olunan mülkü Daşkəsən rayon notariat ofisində bağlanmış 02 iyun 2023-cü il tarixli AN-1 seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə cavabdehə sahəsi 45,2 kv.m olan yaşayış evini 7000 manat məbləğində, sahəsi 0,08 hektar olan torpaq sahəsini 2000 manat məbləğində olmaqla 9000 manata satmışdır. Qeyd edildiyi kimi həmin yaşayış evi İddiaçı tapşırığı və atasına verdiyi etibarnamə ilə alıcı, Cavabdeh satılmışdır. İddiaçı atası evi satarkən vacib əhəmiyyətli yanılmamn təsiri altında olmuşdur. İddiaçı atası evin alqı-satqısını həyata keçirərkən İddiaçı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir. Belə ki, dəyəri 15000-20000 arasında olan evi çox aşağı qiymətə satılmışdır. Bu zaman vicdanlılıq prinsipinin tələbi pozulmuşdur. Ona görə də həmin evə dair alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilməli və evə dair verilmiş çıxarış ləğv edilməlidir. Qeyd olunan alqısatqı müqaviləsi Daşkəsən rayon notariat ofisində rəsmiləşdirildikdən 20 gün sonra İddiaçı müvəqqəti yaşadığı və fəaliyyət göstərdiyi Rusiyadan atası ilə telefon əlaqəsi yaradaraq bildirmişdir ki, Rusiyada vəziyyəti yaxşı deyildir, orada fəaliyyət göstərməyə imkan vermirlər. Ona görə də Azərbaycan Respublikasına-Daşkəsənə qayıtmaq istəyir. Bu, İddiaçı qəti qərarıdır və qəti olaraq bildirmişdir ki, ona məxsus Daşkəsən rayonunun Yolqullar Xidməti tərəfindən verilmiş çıxarışı etibarsız hesab edilməli və ev İddiaçı adına qaytarılmalıdır. O bildirmişdir ki, Rusiyadan qayıdıb gəlsə, 9000 manata ev ala bilməyəcəkdir. Ona görə də vacib əhəmiyətli yanılma nəticəsində cavabdehlə İddiaçı atası arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Ona görə də, Daşkəsən rayonu, Yolqullar kəndində İddiaçı adına 0,08 ha torpaq sahəsində yerləşən sahəsi 45,2 kv.m olan fərdi yaşayış evinin satılmasına dair Daşkəsən rayon notariat ofisində bağlanmış 02 iyun 2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evə dair Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi (vəkil) X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, 2020-2023-cü illər ərzində Daşkəsən rayonu, Yolqullar kəndində yaylaq mövsümündə heyvanlarını otaran zaman, Qurban Abbasov evini satdığını ona bildirmişdir. O, evi almaq istəsə də, lakin pulu olmadığından və bankdan pul götürə bilmədiyindən ev ala bilməmişdir. 2023cü ilin may ayında “Unibank”ın Gəncə filialından kreditlə pul götürməsinin mümkün olması səbəbindən Qurban Abbasovla əlaqə saxlamış, Qurban evin oğlu Rufinin adına olduğunu bildirmişdir. Qurban oğlu İddiaçı Rusiya Federasiyasında olduğunu bildirmiş və o, İddiaçıla Rusiya Federasiyasında olan zaman **********7 nömrəli telefon nömrəsi ilə əlaqə saxlamışdır. Rufinlə danışmış, Rüfin Abbasovla danışan zaman onun yanında X5 adlı həmkəndlisi də olmuşdur. Onlar İddiaçıla danışandan sonra 10.000 manata razılaşmışlar. Evin həmin qiymətə satılmasını Qurban Abbasovla və İddiaçıla razılığa gəldikdən sonra xx.xx.2023-cü il tarixdə o, “Unibank”ın Gəncə filalından illik 24 faiz olmaqla 10.000 manat məbləğində kredit götürmüş və xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon Notariat ofisində alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Notariat ofisinin notariusu İddiaçıla Rusiya nömrəsi ilə əlaqə saxlamış və Rufin evin satılmasına razı olduğunu notariusa şəxsən bildirmişdir. Müqavilə bağlanarkən vergi pulunun ödənilməsi üçün müqaviləni 9.000 manata bağlamışlar, 400 manat vergi ödənişi etmiş və 600 manat pulu isə atası ilə birlikdə Qurban Abbasova vermişlər. Bundan başqa Daşkəsən rayon Yolqullar kəndində 15-20 min manata daşınmaz əmlak yoxdur. Həmçinin, evin texniki pasportunda 2018-ci ildə tikilməsi göstərilmişdir. Lakin evin divarında olan lövhə daşda evin 1970-ci ildə, yəni 53 il bundan əvvəl tikilməsi qeyd olunmuşdur. Bu barədə evin şəkillərini də təqdim etmişdir. Əlavə olaraq bildirdi ki, o iddiaçını evi satmağa məcbur etməmiş, hansısa məbləğdə uzun müddət evi satmaq istəmişdirsə, həmin pulu ödəyərək evi almışdır. İddiaçı evi ona satmasaydı o, bankdan kreditlə pul götürməzdi və başqa bir ev tapıb ala bilərdi. O, hər ay 24 faiz dərəcəsi olmaqla bankdan götürmüş olduğu kredit məbləğinə görə hesablanan faiz borcu, notariat kontorunda alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrindən evin mülkiyyət hüququna dair sənədlərin alınması üçün ödənilən məbləğ, Asan imza almaq üçün çəkilmiş xərclər, yol pulu və kredit götürməsi üçün çəkilmiş xərclər nəzərə alınarsa iddiaçının fikrini dəyişdirməsi nəticəsində ona dəymiş ziyanın həcmini mümkün etmək olar. Ona görə də, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Yolqullar kəndində yerləşən ümumi sahəsi 45.2 kv.m olan xüsusi mülkiyyət və 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Yolqullar kəndində yerləşən ümumi sahəsi 45.2 kv.m olan fərdi yaşayış evini 7.000 manata və ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini 2.000 manata Cavabdeh satmışdır. İş materiallarında olan invertar nömrəsi 2900 olan, reyestr nömrəsi **********77- 10301 olan, xx.xx.2023cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, Daşkəsən rayonu, Yolqullar kəndində yerləşən ümumi sahəsi 45.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışından görünür ki, Daşkəsən rayonu, Yolqullar kəndində yerləşən 45.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Beləliklə, araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, 02 iyun 2023-cü il tarixli, AN-İN ******* nömrəli ilə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli etibarnamə əsasında ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adından çıxış edən Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olan X4 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********77-10301 olan, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən İddiaçı məxsus 0.08 ha torpaq sahəsi, üzərində yerləşən ümumi sahəsi 45.2 kv.m fərdi yaşayış binası Daşkəsən rayonu Yolqullar kəndində yaşayan Cavabdeh satılmışdır. Həmin əmlak xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirmişdir ki, Daşkəsən rayonu Yolqullar kəndində 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 45.2 kv.m fərdi yaşayış evi 02 iyun 2023-cü il tarixli, AN-İ ******* nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmiş olsa da, həmin əmlakın alqı-satqısına dair cavabdeh tərəfindən evin az qiymətə alındığına görə Cavabdeh ilə aralarında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilməli və mülkə dair verilmiş çıxarış ləğv edilməlidir. (İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur) Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını, həmin əmlakın dəyərini tam şəkildə iddiaçıya ödədiyini və həmin kəndə torpağın iddiaçı tərəfindən göstərilən qiymətə olmadığını, əmlakın alqı-satqısına dair bağlanmış əqdi iddiaçı ilə razılaşmalarına əsasən öz iradəsi əsasında həyata keçirdiyini, əqdə uyğun hüquqi nəticə yaratmaq niyyətinin ortada olduğunu, həmin nəticə əsasında o, əqdə uyğun obyekt üzərində mülkiyyət hüququ əldə etdiyini bildirmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün ilk öncə alqı-satqı müqaviləsinin bağlanılmasına hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanında rəsmi qaydada təsdiqlənmiş və qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 347-ci maddəsinə əsasən, Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Göründüyü kimi yanılma nəticəsində bağlanan əqdi etibarsız hesab etmək üçün təkcə yanılma faktının olması kifayət etmir. Bunun üçün lazımdır ki, yanılma mühüm (vacib) xarakterə malik olsun. Yalnız mühüm (vacib) əhəmiyyətli yanılma olduqda, əqd etibarsız hesab edilə bilər. Qanunvericiliyin mühüm (vacib) əhəmiyyətli yanılmaya aid etdiyi hallar bunlardır: əqdin xarakterinə aid olan hal, yəni şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlaması; şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhvə yol verməsi, yanılması (məsələn, şəxs bağışlama müqaviləsi bağlamasını arzu edir, amma o biri tərəf belə hesab edir ki, əşya kirayəyə verilmişdir); əqdə şərt kimi daxil edildikdə, əqdin motivi barəsində yanılma; söhbət əqdin motivinin razılaşma predmeti olmasından gedir; əqdin predmeti barəsində yanılmaya yol verilməsi; kontragentin şəxsiyyəti barəsində yanılma, əgər əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olması. Hazırda iddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi izahatında fərdi yaşayış evinin dəyərindən aşağı satılması halına istinad edərək şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhvə yol verməsi, yanılması halı kimi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən hal vacib əhəmiyyətli yanılma üçün əsas deyil. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsindən və onun şərtlərindən müqavilə bağlandıqdan 20 gün sonra, yəni 22 iyun 2023-cü il tarixdə məlumatı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış olduğunu sübut etmiş olsa idi belə, mübahisələndirmə halının ona məlum olduğu andan bir ay ərzində mübahisə edə bilərdi. İddiaçı isə hazırki tələblə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə müqaviləni mübahisələndirmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar