Məhkəmə qərarları › İş №2(076)-411/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-411/2023

17.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-411/2023 17.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı xx.xx.2018–ci il tarixli 098776 nömrəli akt əsasında hesablanmış 46,64 manat, xx.xx.2018–ci il tarixli 012783 nömrəli akt əsasında hesablanmış 455,95 manat və xx.xx.2019–cu il tarixli 156036 nömrəli akt əsasında hesablanmış 97,92 manat məbləğində borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. 2018 və 2019–cu illərdə onun sayğacında nasazlıq olduğundan yanmışdır. Bundan sonra "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan xx.xx.2018–ci il tarixli 098776 nömrəli, xx.xx.2018–ci il tarixli 012783 nömrəli və xx.xx.2019–cu il tarixli 156036 nömrəli aktlar tərtib edərək, guya onun sayğaca müdaxilə etməsini iddia etmişlər. Eləcə də, həmin aktlar əsasında ona borc hesablamışlar. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları aktları tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da cavabdeh tərəfindən barəsində əsassız aktlar tərtib edilərək, ona borc hesablanmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Əlavə olaraq qeyd edir ki, tərtib edilmiş aktlardan məlumatlı olsa da, səhhətində problemlər yarandığı üçün vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018–ci il tarixli 098776 nömrəli akt əsasında hesablanmış 46,64 manat, xx.xx.2018–ci il tarixli 012783 nömrəli akt əsasında hesablanmış 455,95 manat və xx.xx.2019–cu il tarixli 156036 nömrəli akt əsasında hesablanmış 97,92 manat məbləğində borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2018–ci il il tarixdə "xxxx" ASC–nin X3 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin əməkdaşları tərəfindən iddiaçının evində quraşdırılımış sayğaca baxış keçirilən zaman pozuntular aşkar edilmiş və bu barədə xx.xx.2018–ci il tarixli 098776 nömrəli akt tərtib edilmişdir. Həmin akta müəyyən edilir ki, “sayğac yanıb, istifadə olunan elektrik enerjisini qeyd etmir” qüsuru aşkar edilmişdir. Bu səbəbdən abonentə 46,64 manat borc hesablanmışdır. Eləcə də, xx.xx.2018–ci il tarixdə iddiaçının evində quraşdırılımış sayğaca baxış keçirilən zaman “sayğacın qriflərində yanma, ərimə izləri var. Sayğac sxemdən keçən yükü qeyd etmir” qüsuru aşkar edilmişdir. Bu səbəbdən akt tərtib edilərək abonentə 455,95 manat borc hesablanmışdır. Bundan başqa, xx.xx.2019–cu il tarixdə iddiaçının evində quraşdırılımış sayğaca baxış keçirilən zaman “sayğac yanıb sıradan çıxmışdır” qüsuru aşkar edilmişdir. Bu səbəbdən akt tərtib edilərək abonentə 97,92 manat borc hesablanmışdır. Bu səbəbdən hesb edir ki, iddia əsassızdır. Həmçinin, cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qəbul etməməsindən əlavə, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı borcun silinməsi tələbinə dair iddianı üç illik iddia müddəti keçdikdən sonra irəli sürmüşdür. Odur ki, izahatında və ərizəsində göstərdikləri halları nəzərə alaraq, iddia müddətini tətbiq etməklə, İddiaçı iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, cavabdehin nümayəndəsinin ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2018–ci il tarixli 098776 saylı aktdan görünür ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın yanması, istifadə olunan elektrik enerjisini qeyd etməməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2018–ci il tarixli 012783 saylı aktdan görünür ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın qriflərində yanma, ərimə izlərinin olması, sayğacın sxemdən keçən yükü qeyd etməməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2019–cu il tarixli 156036 saylı aktdan görünür ki, Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın yanıb sıradan çıxması aşkar edilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, "xxxx" ASC tərəfindən aktlar müvafiq olaraq xx.xx.2018–ci il tarixdə, xx.xx.2018–ci il tarixdə və xx.xx.2019–cu il tarixdə tərtib edilmidir. Hər akta müvafiq olaraq həmin müddətlər bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1–ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2–ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1–ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2–ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, 098776 nömrəli akt xx.xx.2018–ci il tarixdə, 012783 nömrəli akt xx.xx.2018–ci il tarixdə və 156036 nömrəli akt xx.xx.2019–cu il tarixdə tərtib edilmiş, buna baxmayaraq iddiaçı xx.xx.2022–ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddəti bitdikdən sonra cavabdehə qarşı iddia qaldırmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsinin ərizəsindən görünür ki, o, iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eləcə də, iddiaçı məhkəmə iclası zamanı tərtib edilmiş aktlardan məlumatlı olmasını, lakin səhhətində problemlər yarandığı üçün vaxtında məhkəməyə müraciət edə bilməməsini göstərmişdir. Bu isə ona dəlalət edir ki, iddiaçının tərtib edilmiş aktlardan vaxtında məlumatı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Beləliklə, məhkəmə müəyyən etdi ki, 098776 nömrəli akt xx.xx.2018–ci il tarixdə, 012783 nömrəli akt xx.xx.2018–ci il tarixdə və 156036 nömrəli akt xx.xx.2019–cu il tarixdə tərtib edildiyindən hazırki tələbə iddia müddəti şamil edilməlidir. İddiaçı cavabehə qarşı iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar