Məhkəmə qərarları › İş №2(076)-4119/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4119/2025

19.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4119/2025 19.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 3030.60 (üç min otuz manat 60 qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2023-cü ilin aprel ayının əvvəlində ailəsi ilə birlikdə Ağcabədi rayonunda yaşayan qızı Aytənin evinə getmişdir. Səhəri gün evlərinə qayıdarkən naməlum avtomobilin küçədə quraşdırılmış və ailəsinin istifadəsində olan qaz sayğacını vuraraq ekran şüşəsini sındırdığını və sayğaca ziyan vurduğunu görmüşdür. Bundan sonra cavabdehin kənd üzrə təyin etdiyi qaza nəzarət edən əməkdaşı Mehman Əhmədovun telefonuna zəng edərək bu barədə ona məlumat vermişdir. Sonradan cavabdehin əməkdaşları zədələnmiş sayğacı açaraq götürmüş və yerinə smartkartla işləyən yeni sayğac quraşdırmışlar. Həmin sayğacdan təxminən bir il müddətində istifadə etmişdir. Bir müddət sonra sayğac üzrə ödənişlərin çox yazıldığından şübhələnmiş və bu barədə cavabdehin kənd üzrə təyin edilmiş əməkdaşı Mehman Əhmədova məlumat vermişdir. Daha sonra cavabdehin əməkdaşları həmin sayğacı da açaraq götürmüş və yerinə başqa sayğac quraşdırmışlar. Bir müddət keçdikdən sonra nəzarətçi Mehman Əhmədov ona qazdan istifadəyə görə 3030.60 AZN məbləğində borcu olması barədə qəbz təqdim etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları onun iştirakı olmadan baxış keçirərək sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün açıldığını, əsas çap vərəqinin kənar təsir nəticəsində sındırıldığını, bunun hesablama mexanizminin iş prinsipinə maneə törətmək ehtimalı yaratdığını, qoruyucu örtüyün üzərində yapışqanlı maddənin aşkar olunduğunu və sayğacın istismara yararsız vəziyyətdə olduğunu göstərən akt tərtib etmişlər. Həmin aktda göstərilən hallar barədə nə onun, nə də ailə üzvlərinin hər hansı məlumatı olmuşdur. Həmin aktda göstərilənlər nəticəsində havaya axmış qazın əsassız olaraq ona borc kimi qeydiyyata alınmışdır. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Şəmkir rayonunda yerləşən istehlakçı İddiaçı adına qeydiyyatda olan sayğaca baxış keçirilərkən **********511 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və əsas çap vərəqi kənar təsir nəticəsində sındırılıması, həmiçinin hesablama mexanizmi iş prinsipinə maneə törətmək mümkündür qoruyucu örtüyünün üzərində yapışqanlı maddə aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2025–cü ilin aprel ayına Şəmkir rayonu, Sabirkənd ev 1 mənzil 703 sakini olan abonent İddiaçı adına 3014.78 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçının istifadəsində olan, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində İddiaçı öz adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023–cü il tarixdə baxış keçirilmiş və **********511 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və əsas çap vərəqi kənar təsir nəticəsində sındırılıması, həmiçinin hesablama mexanizmi iş prinsipinə maneə törətmək mümkündür qoruyucu örtüyünün üzərində yapışqanlı maddə aşkar olunması əsası ilə Cavabdeh İB–nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə halı aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X2” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8– 1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB– nin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə quraşdırılmış 10275595 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və əsas çap vərəqi kənar təsir nəticəsində sındırılıması, həmiçinin hesablama mexanizmi iş prinsipinə maneə törətmək mümkündür qoruyucu örtüyünün üzərində yapışqanlı maddə aşkar edilmiş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X1”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3030.60 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3030.60 (üç min otuz manat 60 qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar