Məhkəmə qərarları › İş №2(076)-4140/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4140/2025

17.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4140/2025 17.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən ailə üzvülərinə mərhum X3, ona və ailə üzvülərinə verilmiş JN 243 KOD 50405038 nömrəli Dövlət AKT-ı əsasında kənd təsərrüfatı təyinatlı 25200,16 kv.m hektar torpaq sahəsinin ona və və ailə üzvülərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində anadan olmuşdur. 1976-cı ildə Şəmkir rayonunun Sarıtəpə kəndində yaşayan, X4 ilə faktiki ailə qurmuşlar, nikahlarını xx.xx.1982-ci il tarixdə 28 nömrə ilə rəsmişəşdirmişlər. Onların birgə nikahdan üç övladı olmuşdur; xx.xx.1978-ci il təvəllüdlü Sadıqova (Rzayeva) Anjela Arif qızı, xx.xx.1982-ci il təvəllüdlü X6 və 29.09. 1984cü il təvəllüdlü X5 dünyaya gəlmişlər. Həyat yoldaşı X4 21 sentyabr 2022-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 56 saylı qərarı ilə Şəmkir rayonunun Sarıtəpə kəndinin ərazisində onların ailəsinə JN-243 KOD 50405038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət AKT-na əsasən 25200, 16kv.m hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin vaxtdan bu günə kimi həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşlar və ailələrini dolandırmışlar. Mərhum həyat yoldaşı X1 həmişə torpaqlarının münbitliyinə onlar kübrə və ya vəsait alırdılar. Onların ailə üzvlərinə verilən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı 11 saylı Şəmkir Ərazi idarəsinə müraciət etmiş, onlara bildirdilər ki, onlara verilmiş JN-243 KOD 50405038 saylı Dövlət AKT-nın Arxiv nüsxəsi mövcud olmadığını səbəb göstərib, onlara mülkiyyət hüququnun verilməsindən imtina etmişlər. Lakin Dövət AKT-nda göstərilir ki, onlara verilən JN-243 KOD 50405038 saylı pay torpağının ikinci nüsxəsi Şəmkir rayon Torpaq şöbəsində saxlanılır. Torpaq Agentliyindən ona demişlər ki, Şəmkir raton torpaq şöbəsində olan bütün Arxiv sənədləri 11 saylı Şəmkir rayon Ərazi İdarəsinə təhvil verilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 243 KOD 50405038 nömrəli Dövlət Aktının mülkiyyətlərinə keçirilməsi üçün Dövət AKT-nın ikinci nüsxəsinin tapılmaması onların günahı deyildir. Bu səbəbdən o ailə üzvlərinə məxsus kənd təsərrüfatlı təyinatlı həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilməmişdir. Odur ki, bununla bağlı əlaqədar olaraq o AR ƏMDK YDƏDRX-nin 11 saylı Şəmkir ərazi idarəsinə müraciət etmişdir. Ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə o məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda göstərdiklərini, ərizəyə əlavə etdiyi doğum haqqında şəhadətnamələrinin, şəxsiyyət vəsiqəsinin, olüm şəhadətnaməsinin sürətlərini, yaşayış yerindən aldığı arayışı, məhkəməyə təqdim edəcəyi şahidlərlə təstiqlənir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin tələbi hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair formasında qeyd edilsə də, ərizənin məzmunundan aydın olur ki, hüquq müəyyən edici sənəddə yəni, Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-243 KOD 50405038 nömrəli Dövlət Aktının mülkiyyətlərinə keçirilməsinə dair şəhadətnamədə hər hansı bir ad səhvliyi olmamış, əksinə mübahisənin mahiyyəti hazırda ərizəçidə olan hüquq müəyyənedici sənəd əsasında ərizəçiyə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağa dair çıxarışın verilməməsi və onun torpağa mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsindən verilmiş məktubdan görünür ki, ərizəçinin təqdim etdiyi JN-234, kod 50405038 nömrəli “ Dövlət aktı”nın arxiv nüsxəsi mövcüd olmadığından, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair verilmiş ərizənin icrası mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Göründüyü kimi ümumi məhkəmələrdə baxılan mübahisələr üzrə tərəflər bərabər olmaqla biri digərinə qarşı hakimiyyət səlahiyyətini tətbiq etmir. Lakin hazırki halda isə iddiaçı inzibati orqana qarşı müəyyən tələblər irəli sürmüşdür. Halbuki inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və bu qanun inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Fiziki şəxslərin inzibati orqanların faktiki xarakterli hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətlərə, həmin orqanlar tərəfindən vurulmuş ziyanın ödənilməsi və.s ilə bağlı tələblərinə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanlar mülki dövriyyənin iştirakçısı qismində hərəkət etdikləri hallarda onlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış mübahisələr ümumi məhkəmənin araşdırma predmetinə daxil ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarında göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Belə ki, hazırki münasibətlərindən xarakterindən görünür ki, ərizəçiyə JN 243 KOD 50405038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi və çıxarışın verilməməsi ilə bağlı məsələ inzibati xarakterlidir və göstərilən mübahisə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və ərizəçi olan fiziki şəxs arasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələb inzibati mübahisə kateqoriyasına aid olduğundan tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən hazırkı tələbdə irəli sürülən məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsinə müraciət edilmiş və həmin idarə tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçıya izah olunur ki, inzibati orqanına etdiyi müraciətinin təmin edilməsindən imtina olduğu təqdirdə həmin inzibati orqanı - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir ərazi idarəsini cavabdeh qismində göstərməklə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Ödənilmiş 100 manat məbləğində dövlət rüsümü ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, 25200,16 kv.m hektar torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsin müraciət etmək hüququ vardır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar