Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4186/2024 05.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi İdarəsinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-13F/2-A-145 nömrəli arayışın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: Birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə qeyd edir ki, Dövlət Arxivi İdarəsinin Şəmkir filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-13F/2-A-145 nömrəli arayış hüquqmüəyyənedici sənəd deyil. Hüquqmüəyyənedici sənəd qismində arayışın verilməsi üçün əsas olan və ərizədə adı keçən Dövlət Arxivi İdarəsinin Şəmkir filialında saxlanılan 41 nömrəli sərəncam ola bilər. Hazırda isə iş materiallarına həmin sərəncamın əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, ərizəçi ilk öncə həmin sənədin təsdiq olunmuş surətinin alınması üçün arxiv idarəsinə müraciət etməli, bundan sonra müəyyən edilsə ki, həmin sərəncamda ərizəçinin ad, soyad və ata adında hər hansı yanlışlıqlar var, ərizəçi qeyd edilən hüquq müəyyənedici sənədi (sərəncamı) verən təşkilata müraciət etməli, həmin orqan tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilərsə bundan sonra ərizəçi həmin hüquq müəyyənedici sənədin (sərəncamın əslini və ya təsdiq olunmuş surətini iş materiallarına əlavə etməklə) ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən: ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi geri qaytarılmalı və göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizəçi ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 310.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-4186/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4186/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver