Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-425/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, “Azəriqaz” İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı “borcun silinməsi“ tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 dekbar 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 2384,64 (iki min üç yüz səksən dörd manat 64 qəpik) manat məbləğində borcun və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borcun mərhum X4 abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır. Cavabdeh idarənin əməkdaşları tərəfindən 2021-ci ildə 2022-ci ildə və 2023-cü ildə sayğacda yoxlama aparılmışdır. xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, onun tərəfindən sayğacdan kənar qoşulma var. Bundan başqa xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, sayğacdan kənar qoşulma var. Həmçinin xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. Bundan sonra 2023-cü ilin oktyabr ayında məlumat əldə etdi ki, cavabdeh idarə tərəfindən onun abonent hesabına cərimə hesablanmışdır. Həmin məsələni aydınlaşdırmaq üçün "Azəriqaz” İB-nin X11 Sahəsinə müraciət etdi, həmin idarədən yuxarıda qeyd olunan aktlar verilmiş, aktları əldə etdikdən sonra ona məlum olmuşdur ki, 12 aprel 2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat, 09 dekbar 2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 2384,64 (iki min üç yüz səksən dörd manat 64 qəpik) manat və 28 sentyabr 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində abonent hesabına borc hesablanmışdır. Cavabdeh idarə tərəfindən yazılmış aktlar tam əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda qeyd olunduğu kimi həqiqətən sayğacdan kənar xətt olsa idi qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13 maddəsinin 8-1-ci bəndinin tələblərinə əməl edilməli və təqsiri müəyyən edildikdən sonra müvafiq qaydada zərər hesablanmalı idi. O hər ay sərf etdiyi təbii qazı vaxtlı vaxtında ödəmişdir. Bu hal ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Həmçinin ödəniş cədvəlində hər ay hesabatının olduğu müyyən olunur. Əgər onun kənar xəttdi mövcud olsaydı ödəniş cədvəlində qeyd olunandan daha az qaz sərfiyyatı və ya ümumiyyətlə sərfiyyatı olmazdı. Bundan başqa cavabdeh idarənin əməkdaşları akt tərtib edərkən yalnız idarənin əməkdaşları aktın doğruluğunu təsdiq etmişlər. Bu da onu göstərir ki, cavabdeh idarənin əməkdaşlarının aktda göstərikləri tam əsassızdır və tərtib edilmiş akt qanunsuzdur. O qeyd olunanlarla razılaşmadığı üçün aktlara imza etməkdən imtina etmişdir. Cavabdeh idarənin əməkdaşları sayğacdan kənar qoşulmaları aşkar etmək üçün mütəmadi olaraq yoxlamalar aparmaqdadır. Əgər onun sayğacdan kənar xəttdi olsaydı həmin yoxlamalarda əlavə xəttdi aşkar olunardı və ay ərzində bir dəfə qaz sərfiyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumatı olardı. İstifadə etdiyi qaz sayğacı (abonent) mərhum atası X4 adınadır. Mərhum atası X9 xx.xx.2016-cı ildə vəfat etmişdir. Hazırda həmin evdə o və onun ailə üzvləri yaşarlar. Qeyd olunları nəzərə alaraq , cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 aprel 2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat 80 qəpik) manat məbləğində borcun, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 dekbar 2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 2384,64 (iki min üç yüz səksən dörd manat 64 qəpik) manat məbləğində borcun və təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 sentyabr 2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat 60 qəpik) manat məbləğində borcun mərhum X4 abone hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh “Azəriqar” İB–nin nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Zəyəm kəndində yaşayan İddiaçı atasının adına olan Nazim Musayev adına olan sayğaca baxışlar keçirilmişdir. xx.xx.2021–ci il tarixdə və xx.xx.2022-ci il tarixdə kənar xətt aşkar olunmuşdur, xx.xx.2023–cü ildə sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur. Həmin fakt haqqında aktlar tərib olunmuşdur və iddiaçıya həmin akt əsasında qaz sərfiyyəti hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan olan xx.xx.2021-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar qoşulma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 8208 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı abonentin həyətin daxilində quraşdırılmış qaz sayğacından əvvəl ventildən rezin boru qoşaraq sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. İş materillarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 19872 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İş materillarında olan xx.xx.2023–cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdir, 6480 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayon, Zəyəm qəsəbəsində istehlakçı İddiaçı məxsus ünvanda zamanı sayğacın çıxış plastmas borusunun deşildiyi, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmiş, 6480 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2021–ci ilin aprel ayına Şəmkir rayon, Zəyəm qəsəbəsi, Sabir küç, ev-1, mən-207 ünvanda yerləşən abonent X9 hesabına 820,80 manat, 2022-ci ilin dekabr ayına 2384,64 manat, 2023–cü ilin avqust ayına 777,60 manat borc hesablanmışdır. İş materillarında AZ-İ seriyalı 831736 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X9 07 oktyabr 2016-cı ildə ölmüşdür. İş materillarında olan XX-ЖГ seriyalı 351479 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. X2, anası X1 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün “Azəriqaz” İB ilə X9 (iddiaçının atası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB–nin xidmət dairəsində onun mərhum atasının adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2021–ci il tarixdə baxış zamanı sayğacdan qeyri–qanuni qaz xətti vasitəsi ilə qoşulma faktı aşkar olunmuş, xx.xx.2022-ci il tarixdə baxış zamanı sayğacdan qeyri–qanuni qaz xətti vasitəsi ilə qoşulma faktı yenə aşkar olunmuşdur və xx.xx.2023–cü il tarixdə baxış zamanı sayğacdan çıxış plastmas borusunun deşildiyi aşkar olunmuşdur, həmin fakt əsasında aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında xx.xx.2021-ci il tarixinə 820.80 manat, xx.xx.2022-ci il tarixində 2384,64 manat ,xx.xx.2023-cü il tarixndə onun abonent hesabına borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə 189 günlük (6 aydan artıq) müddət nəzərə alınmaqla dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi halı diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandrıcıdır. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən sutkanın 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq təbii qazdan istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi xx.xx.2021-ci il tarixli akt üçün 3.8x12x90=4104m3, 4104m3x0.10=410,4 manat, xx.xx.2022-ci il tarixli akt 3.8x12x90=4104m3, 3 4104m x0.12=492,48 manat müəyyən edilməlidir. Həmin aktlar əsasında hesablanmış hesablanmış 902,88 manat borc saxlanılmalı, 2302,56 (3205,44(820,80+2384,64) -902,88) manat borc məbləği silinməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir sübut təqdim edilmədiyindən, həmin vaxt sayğaca müdaxilə olunması X8 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla həmin hissədə təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış 3983,04 manat borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olması barədə sübut təqdim edə bilməmiş, ona görə də iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış 3983,04 (820,80+2384,64+777,60) manat cərimə borcundan 3080.16 (3983,04-902,88 (410,40+492,48) ) manat silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent X4 adına hesablanmış 3080,16 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-425/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-425/2024
19.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver