Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4256/2025 05.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Məsail oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı (bundan sonra MMMC-nin) Cavabdeh qarşı “Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMMC Cavabdeh qarşı “Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh hesabından 4191.9 (dörd min yüz doxsan bir manat, 90 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 61.92 manat məbləğində dövlət rüsumunun, cəmi 4253.82 (dörd min iki yüz əlli üç manat, 82 qəpik) manat pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının "Mülki "Mənzil Məcəlləsi"nə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. MMMC dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri- kommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ "xxxx" MMMC-ə həvalə olunub. "xxxx" MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 738 saylı mənzilin mülkiyyətçisi olaraq "xxxx" MMMC-ə ümumilikdə 4191,9 (dörd min bir yüz doxsan bir manat 90 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsək də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Hesab edirik ki, iddia tələbimizdə qeyd edilən 4191,9 (dörd min bir yüz doxsan bir manat 90 qəpik) manat məbləğindəki borc məbləği ve 61,92 manat dövlət rüsumunun əvəzi cavabdehden alınaraq iddiaçıya qaytarılmalıdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə göndərək hazırlıq və məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirib iddiasının təmin edilməsi barədə yazılı müraciət təqdim etmişdir. Cavabdeh məhkəmədə iştirak etməmişdir və onun iştirakı olmadan işə baxılması barədə hec bir məlumat daxil olmamışdır və bu səbəbdən hazırlıq və məhkəmə baxış iclaslarına təkrar gəlmədiyindən onun iştirakı olmadan keçirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə “Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir”. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Y-71-003/2024 nömrəli Tələbin güzəştinə dair müqavilədə göstərilir ki, bir tərəfdən tələbi güzəşt edən ünvan 2 ünvanında qeydiyyatda olan X5-“mülkiyyətçi” və digər tərəfdən güzəşti qəbul edən İddiaçı MMMC-nin -“idarə edən” idarə heyətinin sədri X10 şəxsində tələbin güzəştinə dair müqaviləni bu şərtlərlə imzalayıblar: 1.Hazırkı müqaviləyə əsasən “Mülkiyətçi” imüqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixinədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”-ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul edir. 2.”İdarə edən” öz bövbəsində "xxxx" Mənzil Tikinti Korperativi ilə Sumqayıt şəh., mik-5, ev29/4B, m.47 ünvanında qeydiyyatda olan X5 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Korperativinin inşa etdiyi Bakı şəhər, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”-ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Bu müqavilənin 2.3.3 maddəsinə uyğun olaraq – idarəçiliyə qəbul etdiyi əmlak üzrə kommunal xidmətlərə görə borcu olan şəxslərin siyahısını tələb etmək-“İdarə edən”-nin hüququ, eyni müqavilənin 2.4.2-ci maddəsinə görə isə-idarə etdiyi əmlakda mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlərə görə xx.xx.2024-cü il tarixinədək yaranmış borcun tam həcmdə ödənilməsini təmin etmək-vəzifəsidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə müddətsizdir və imzalandığı gündən quvvəyə minir. İddia ərizəsinə əlavə edilmiş çoxmənzilli evin idarə edilməsi barədə xx.xx.2016-cı il tarixli müqaviləsindən görünür ki, X1-“mülkiyyətçi” şəxsində "xxxx" MTK bir tərəfdən Sumqayıt şəh, mik-5, ev.29/4B, m.47 ünvanında qeydiyatda olan X5-“idarə edən” ilə bu müqaviləni bağlayıblar. Müqaviləyə əsasən mülkiyyətçi inşa etdiyi Bakı şəhər, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçi-nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Müqabilənin 2.4.2-ci maddəsində -idarə etdiyi əmlakda mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlərə üçün ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini təmin etmək, idarə edənin vəzifəsidir. Həmin müqavilənin 3.1 maddəsinə əsasən müqavilə xx.xx.2016-cı ildə başlanıb, xx.xx.2030-cu ildə yekunlaşır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMMC Nizamnaməsindən görünür ki, bu nizamnamə 1123-MM10-0305 nömrə ilə xx.xx.2023-cü tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMMC-nin təsis yığıncağının xx.xx.2025-ci il qərarında göstərilir ki, İddiaçı MMMC təsisçiləri 2025-ci ildə Bakı şəhəri, Yasmal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarının müəyyən edilməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0.30(otuq qəpik) AZN məbləğində razı olduqlarını təsdiq edirlər İddia ərizəsinə əlavə edilmiş xx.xx.2006-ci il tarixli 115 nömrəli Çoxmənzilli Yaşayış Binasının Tikintisi Haqqında Fərdi Müqavilədə göstərilir ki, Baki şəhəri «13» Noyabr 2006cı il Aşağıda imza edənlər, Azərbaycan Respublikası qanunvericiliyini əsas tutaraq, bir tərəfdən bundan sonra "Podratçı" adlanacaq "xxxx" MMM-nin direktoru X2 şaxsində, digər tərəfdən bundan sonra "Sifarişçi" adlanacaq ünvan 8i ünvanında yaşayan vatandaş Cavabdeh aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar: 2."Sifarişçi" bu müqaviləni əsas tutaraq sifariş edir, "Podratçı" Bakı şəhəri Yasamal r-nu, Zərdabi 88 küçəsi, 3166-cı məhəllədə tikilməkdə olan yaşayış binasının 8 blokunda 7 mərtəbədə, 3 otaqlı 4 №-li mənzilin tikintisini öz öhdəsinə götürür. 2.1. Mənzilin hesablaşma sahəsi 137.43 m². 2.2. Müqavilənin qiyməti 72 838 (Yetmiş iki min səkkiz yüz otuz səkkiz) ABŞ dolları olmaqla dəyişməz olaraq qalır. 2.3. Ödəniş Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən manatla ödənilir... 3.1. Müqavilə imzalanarkən, "Sifarişçi" müqavilənin ümumi dəyərinin 41.18 % -ni ödəməyə öhdəsinə götürür yəni 30 000 (Otuz min) ABŞ dollarını ödəyir. 3.2 "Sifarişçi" müqavilə qiymətinin 58.82 %-ni 12 ay müddətində ödəyir. Yəni 6419 (Alyi min dörd yüz on doqquz) ABŞ dollarını 7 gün müddətində, qalan məbləği hər ay bərabər olmaqla 3 035 (Üç min otuz beş) ABŞ dollarını 12 ay ödəyir. “Podratçı” müqavilədə göstərilən bütün şərtləri icra edib 18 ay müddətində “Sifarişçi”-yə mənzili, daxili bəzək-tamamlama, cihazlar və qapılar olmamaq şərti ilə təhvil verməyi öz öhdəsinə götürür. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 738 saylı mənzil Cavabdeh məxsusdur və cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun olaraq həmin mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi ilə bağlı mütləq ödənişlərin yığılması, çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya, texniki vəziyyətinin təmin edilməsi və cəmiyyətin nizamnaməsində qeyd edilən digər xidmətlərin göstərilməsi "xxxx" MMMC-i tərəfindən həyata keçirilir. Həmçinin bildiririk ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 738 saylı mənzilin mülkiyyətçisi kimi "xxxx" MMMC-ə 01 Oktyabr 2025-ci il tarixinə kimi ümumilikdə 4.191,9 (dörd min bir yüz doxsan bir manat doxsan qəpik) manat məbləğində borcu vardır. Tətbiq edilən Hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V. Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe əks olunmuşdur: “....Çoxmənzilli binanın sahə mülkiyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödənilməlidir. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.....” Konstitusiya məhkəməsi Plenumunun R.Məhərrəmovanın şikayəti üzrə 22 sentyabr 2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe əks olunmuşdur: “....Mənzil qanunvericiliyi sahə mülkiyətçilərinin mütləq şəkildə mənzil mülkiyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyətçilərinin mənzil mülkiyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyətçisinin mənzil mülkiyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir....” Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən iddiaçı tərəfindən təqdim edilən sübutları və normativ aktları nəzərdən kecirərək, hesab edir ki, iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar tədqiq olunan sübutlara sübut olmadığından aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, xx.xx.2006-ci il tarixli 115 nömrəli Çoxmənzilli Yaşayış Binasının Tikintisi Haqqında Fərdi Müqavilədə bir tərəfdən bundan sonra "Podratçı" adlanacaq "xxxx" MMM-nin direktoru X2 şaxsində, digər tərəfdən bundan sonra "Sifarişçi" adlanacaq ünvan 8i ünvanında yaşayan buiddia tələbi üzrə cababdeh olan vatandaş Cavabdeh ilə bağlanmış “Çoxmənzilli Yaşayış Binasının Tikintisi Haqqında Fərdi” müqavilə üzrə tərəflər öhdəliklərinin icra edilməsi barədə müqavilədə göstərilən müddət ərzində icra olunb-olunmaması barədə hər hası bir sübut təqdim edilməmişdir və həmin müqavilədə göstərilən mənzilin cavabdehin mülkiyyətinə keçməsini göstərən sənəd və ya mənzili cavadhehin istifadəsinə təhvil verilməsini təsdiq edən hər hası bir sənəd və ya digər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, 2006-cı il tarixli müqavilə üzrə hal-hazıradək cavabdeh göstərilən mənzil üzrə mülkiyyət hüququnun əldə edib-etməməsi barədə iddiaçı tərəfindən hər hansı bir məlumat təqdim etməmişdir. Bununla yanaşı İddiaçı MMMC-nin təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarında iştirakçılar siyahısında Cavabdeh adı və yuxarıdakı xx.xx.2006-ci il tarixli 115 nömrəli Çoxmənzilli Yaşayış Binasının Tikintisi Haqqında Fərdi Müqavilədə göstərilən mənzilin ona məxsus olması güman edilən mənzilin 738 saylı mənzil ilə eyni olması öz əksini tapmamışdır. Bundan başqa müqavilədə göstərilən mənzilin hal-hazırda cavabdehə qarşı qaldırılan iddiada göstərilən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 92A, 738 saylı mənzillə eynilik təşkil etməsini təsdiq edən hər-hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda, cavabdehin kommunal borcu kimi iddiaçının yəni İddiaçı MMMC-nin hesabladığı və xx.xx.2025-ci il tarixli arayışda əks olunan 4191.9 manat kommunal borcunu hansı müddət ərzində əmələ gəldiyini və hansı əsaslarla bu məbləğin əmələ gəlməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir sənəd təqdim edilməmişdir. Bunlarla yanaşı İddiaçı MMMC-nin təsis yığıncağının xx.xx.2025-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 237.2-ci maddəsinin 2-ci cümləsinə əsasən özünün və ya qarşı tərəfin başladığı məhkəmə proseslərini aparmaq üçün ona iddianın təmin edilməsi barədə sərəncamdan başqa, mülkiyyətçilər yığıncağının qabaqcadan verdiyi səlahiyyət verilməməşdir. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Buna görə də, iddianın təmin edilməsi üçün hüquqi əsas məhkəmə tərəfindən iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar siyahısında aşkar olunmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı “Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası, iddiaçının öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut olunmadığdan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia rədd edilsin İddiaçı "Yasamal-71” MMMC-nin Cavabdeh qarşı “Kommunal xidmətlərə görə borc pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası, iddia iddiaçının öz tələblərinin və tələbinin əsası kimi istinad etdiyi halları sübut olunmaması əsası ilə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: İlqar Quliyev
Məhkəmə qərarları › İş №2(076)-4256/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4256/2025
05.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver