Məhkəmə qərarları › İş №2(076)-4338/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4338/2025

02.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4338/2025 02.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsi və xx.xx.2007-ci il tarixli 4Ə-04-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Şəmkir rayonu Təzəkənd kəndində yerləşən və ümumi birgə mülkiyyətlərində olan 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini guya ona satmaqlarına dair Cavabdeh2 xx.xx.2007-ci il tarixli 4Ə-04-414 reyestr nömrəli alqı-satqı müqaviləsi təqdim edir. Lakin heç bir vaxt həmin torpaq sahəsini Cavabdeh2 satmamışlar. Onlar, torpaq sahəsini müvəqqəti olaraq Cavabdeh2 icarəyə vermişlər. Cavabdeh2 özü də bunu yaxşı bilir. Bu səbəbdən də cavabdeh, onlara məxsus olan torpaq sahəsini 2015-ci ildək istifadə etmişdir. Həmin vaxtdan sonra torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların dövlət tərəfindən qorunan və təminat altına alınmış mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 izahatında bildirmişdir ki, iddiaçılar torpaq sahəsini Məmmədova Məhəmmədə satmamışlar, aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Onlar yalnız icarə müqaviləsi imzalamışlar. Torpaq sahəsi 600 manat məbləğində 10 il müddətinə icarəyə verilmişdir. İddiaçı və ailə üzvləri ağ kağız üzərində imza etmişlər. Daha sonra, icarə müddəti başa çatdıqdan sonra 2017-ci ildən özlərinin istifadəsində olmuşdur. 2023-cü ildə Banka borcu olduğuna görə torpaq sahəsi onlar tərəfindən Teymurova Xəyaləyə satılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, pulun ödənilməsini təsdiq edən heç bir yazılı sənəd olmamışdır, alqı-satqı müqaviləsinin mövcudluğu barədə yalnız Cavabdeh2 onları məhkəməyə verdiyi zaman məlumatları olmuşdur. Əlavə olaraq izahatında bildirmişdir ki, 600 dollar (manat) məbləği 50 dollar və “şirvanlar” vəsitəsi ilə ödənilmiş, torpağın istifadəsinə görə haqq bir dəfəyə alınmışdır və torpaq 10 il müddətinə icarəyə verilmişdir. Məhkəmə iclasında İddiaçı2 izahatında bildirmişdir ki, o torpağı Məhəmmədə satmamışdır, icarəyə vermişdir. 600 dollara 10 il müddətinə icarəyə vermişdir. Heç bir notariusa getməmişdir. Məhəmməd özü bələdiyyə sədri idi, icarə barədə razılaşdıqdan sonra Məhəmməd 600 dolları da götürüb ağ kərpic vərəqə imza etdirmək üçün onun evinə gəlmişdir. Dedi bura imza et ki, birdən sabah o əkin əkəndə uşaqların əkini mənimsəməsin və s. O da razılaşmış və boş ağ kərpic kağıza imza etmişdir. Qızı isə yeni ailə qurmuşdur, qızına imza etdirmək üçün isə Seyfəli kəndində qızının gəlin köçdüyü evə gedərək orada ona imza etdirmişdir. Oglu Niyaməddin isə o vaxt əsgərlikdə idi. Suallara cavab olaraq Sarabəyim İbrahimova bildirdi ki, Məhəmməd ona 600 dolların 50-sini dollarla, qalanını isə həm manat həm şirvanla vermişdir. Dolların kursu o vaxt 0.78 manat idi. Məhkəmə iclasında İddiaçı3 izahatında bildirmişdir ki, həmin vaxt yəni , 2007-ci ildə onun toyu olmuşdur və o gəlin köçmüşdür. Anası torpaq sahəsini 600 manat məbləğində, 10 il müddətinə icarəyə vermişdir. Məhəmməd müəllim ağ maşınla onlara gələrək ona yalnız ağ kağız üzərində imza etməyini bildirmişdir və o da imza etmişdir. Torpaq sahəsinə dair sənədlər onlarda olmamış, sənədlərin əsli bələdiyyədə saxlanılmışdır. Həmin vaxt Cavabdeh2 bələdiyyə sədri olmuşdur. İcarə müddəti başa çatdıqdan sonra torpaq sahəsi Teymurova Xəyaləyə satılmışdır. Suallara cavab olaraq bildirmişdir ki, pul anasına çatmışdır. 2017–2018-ci illərdə torpaq sahəsininin sənədlərini tələb etmişlər, Cavabdeh2 sənədləri tapmaq üçün 3 gün möhlət almış, lakin sonradan torpaq sahəsinin Elsəvər adlı şəxsə satıldığını bildirmişdir. Elsəvər tərəfindən torpaq sahəsinə dair çıxarış göstərildikdən sonra iddiaçılar torpaq şöbəsinə müraciət etmiş, sənədləri hazırlatmış və həmin sənədlər əsasında torpaq sahəsini Xəyaləyə satmışlar. Suallara cavab olaraq bildirmişdir ki, 2017-ci ildən sonra hazırda iddianın qaldırmasının səbəbi o idi ki, əgər torpaq onun idisə, nəyə ehtiyac var idi iddia qaldırsın?! Həmçinin bildirdi ki, bəli, bu gün torpaq Xəyalə xanımın mülkiyyətində olsa da, hazırki iddianı ona görə qaldırıb ki, Məhəmməd Xəyaləni və onları məhkəməyə verib. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İlahənin yoldaşının bacısıdır. Toydan bir müddət sonra onların evinə bir kişi gəlmiş, əlində ağ kağız olmuşdur. Həmin kağıza İlahə 600 manat məbləğində ödəniş etməklə torpaq sahəsinin 10 il müddətinə verilməsi yazılmışdır. Sonradan o öyrənmişdir ki, Niyaməddin, Sarabəyim və İlahə torpaq sahəsinin icarəyə verilməsi barədə razılığa gəlmişlər. Şahid2 ifadəsində bildirmişdir ki, İlahənin yoldaşının bacısıdır. Bir gün onların evinə gəldikdə ağ rəngli avtomobilin dayandığını, avtomobildən uzunboylu bir kişi və Sarabəyimin düşdüyünü görmüşdür. İlahə ağ kağız üzərində imza atmışdır. Kağızda nəyin yazıldığını bilməmişdir. Həmin hadisə toydan sonra baş vermişdir. Şahid1 ifadəsində bildirmişdir ki, İlahənin qonşusudur. 2007-ci ildə İlahə gəlin gəldikdən sonra onların evinə bir kişi avtomobillə gəlmiş, İlahə avtomobilin kapotu üzərində ağ kağıza imza atmışdır. Sonradan öyrənmişdir ki, İlahəgilin torpaq sahəsi 600 manat məbləğində, 10 il müddətinə icarəyə verilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, həmin sənəd boş kağız olmuşdur və İlahə ona ancaq imza çəkmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında çıxış edərək iddianı qəbul etməmişdir. Bildirmişdir ki, 2007-ci ildə bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada notariat qaydasında təsdiq edilmişdir və onun etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Müqavilənin bağlanmasından təxminən 20 il keçmiş, iddiaçılar iddia və kəsici müddəti buraxmışlar. Bundan əlavə qeyd etmişdir ki, iddiaçılar hüquqlarından su istifadə edərək, torpaq sahəsinə dair çıxarış almış və həmin çıxarış əsasında torpaq sahəsini Teymurova Xəyaləyə satmışlar. Hazırda həmin məsələyə dair məhkəmə çəkişməsi davam edir. Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin edilərək xx.xx.2023-cü il tarixli, reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və xx.xx.2023-cü il tarixli dövlət reyestr qeydiyyatı ləğv edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və iş hazırda Ali Məhkəmənin icraatındadır. Hazırda hətta iddiaçılar imza etməmişik də demirlər, çünki məhkəmənin qüvvəyə minmiş qətnaməsilə digər məhkəmə mübahisəsində ekspertiza rəyi ilə imzaların onlara məxsus olması öz təsdiqni tapmışdır. Bundan başqa bildirdi ki, iddiaçıların və şahidlərin ifadələrində ziddiyyətlər var və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarına olan 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Şəmkir rayon DƏDRX-nin Şəmkir rayon Əİ-nin xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışı əsasında Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0,17101 ha torpaq sahəsi və ******* nömrəli çıxarışa əsasən 0,325 ha torpaq sahəsi İddiaçı2 və X10 tərəfindən Cavabdeh2 2500 manata satılmışdır. İş materiallarında olan və elektron informasiya sistemindən əldə edilmiş iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1, İddiaçı3, X6, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Cavabdeh1 31 avqust 2023-cü ildə İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında bağlanmış, reyestrdə 4Ə- 1154 nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixdə X5 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və “Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 3-16-16/2-4/825 nömrəli məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əлиjва” sözünün qarşısındakı imza- İddiaçı2 tərəfindən icra olunmuşdur. 27 noyabr 2007-ci il tarixli, 4Ə-4-414 reyestr nömrəli alqı-satqı müqaviləsinin aşağı hissəsində “İmzalar” qrafasında “Əлиjв” sözünün qarşısındakı imza- İddiaçı3 tərəfindən icra olunmuşdur.” Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-956/2025 saylı, 12.08.202-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-60/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2, İddiaçı1 Rafiq oğlunun və İddiaçı3 paylı mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 dair İddiaçı2, İddiaçı1, İddiaçı3 ilə X8 arasında bağlanmış və reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X5 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********59 nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. Hazırkı məhkəmə araşdırması, habelə bundan əvvəl tərəflər arasında aparılmış məhkəmə mübahisəsi zamanı müəyyən edilmişdir ki, 27 noyabr 2007-ci il tarixli 4Ə-04- 414 nömrəli notarial alqı-satqı müqaviləsindən Şəmkir rayonu Təzəkənd kəndində yerləşən 0.325 ha (MH seriyalı ******* nömrəli Dövlət reyestrindən çıxarış) torpaq sahəsi İddiaçı2 və X10 tərəfindən Cavabdeh2 satılmış, X3 etiraz etməmişdir. Notarial qaydada alqı-satqı olduqdan sonra torpaq sahəsi Cavabdeh2 əmlak üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə aldırmamışdır. Bundan bir müddət sonra İddiaçı2, İddiaçı3 və İddiaçı1 AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 0.32 ha torpaq sahəsini 5000 manat müqabilində X4 və X8 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır. AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi (etibarsız hesab edilməsi) barədə tərəflər arasında olan məhkəmə mübahisəsinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin ona qədər qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin MH seriaylı ******* nömrəli Dövlət reyestrindən çıxarış əsasında İddiaçı2, İddiaçı1 və İddiaçı3 paylı mülkiyyətində olan, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 dair İddiaçı2, İddiaçı1, İddiaçı3 ilə X8 arasında bağlanmış və reyestrdə 4Ə-1154 nömrəsi ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən 0.325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X5 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində **********59 nömrə ilə aparılmış qeydin ləğv edilməsi qət edilmişdir. Bu hissədə xüsusi ilə vurğulanmalıdır ki, digər məhkəmə icraatında baxılmış iş ilə hazırkı işin faktiki halları bir-birilə əlaqəli olsa belə, digər qətnamə qanuni qüvvəsini almadığından hazırkı işdə preyudusial əhəmiyyət daşımır. Hazırkı mübahisənin predmeti isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə Cavabdeh2 arasında bağlanmış 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notarial alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Buna görə də məhkəmə, 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notarial alqı-satqı müqaviləsinin etibarlılıq şərtlərini yoxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. Hazırda isə iddiaçılar Cavabdeh2 ilə onlar arasında icarə münasibətlərinin olduğunu, alqı-satqı müqaviləsinin onların iradəsini əks etdirmədiyini əsas gətirərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bu faktı təsdiq edən sübut növü olaraq isə şahid ifadələrinə istinad etmişdir. Həmin şahid ifadələrinə diqqət yetirdikdə isə görünür ki, Şahid3, Şahid1 və Şahid2 iddiaçıların ağ kağıza imza atdıqlarından gördüklərini bildirmişdirlər, onlar tərəflər arasında danışıqların aparılmasında iştirak etməmişdır. Bu da onu deməyə əsas verir ki, şahidlər “razılaşma”nın məhz nədən ibarət olması barədə məlumatı iddiaçı vasitəsi ilə əldə etmişdirlər. Belə olduğu təqdirdə məhkəmə həmin şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirə bilməz. Bundan başqa, həmin şahidlərin verdikləri ifadələr də bir-birindən zidiyyət təşkil edir. Belə ki, Şahid3 verdiyi ifadədən görünür ki, (xx.xx.2026-cı il tarixli məhkəmən iclasının video qeydini 38:54-cü dəqiqəsindən başlayaraq vəkil tərəfindən ona verilmiş suallara cavab olaraq) o, kağızda torpaq sahəsinin 10 il müddətinə 600 manata kirayə verildiyinin yazıldığının gördüyünü bildirmiş, digər Şahid1 (xx.xx.2026-cı il tarixli məhkəmən iclasının video qeydini 42:44-cü dəqiqəsindən başlayaraq vəkil tərəfindən ona verilmiş suallara cavab olaraq) isə həmin ağ kağızda heç nə yazılmadığını, sonradan isə kağızda yazılanları görmədiyini bildirmiş, digər Şahid2 (xx.xx.2026-cı il tarixli məhkəmən iclasının video qeydini 45:56-cı dəqiqəsindən başlayaraq hakim tərəfindən ona verilmiş suallara cavab olaraq) isə boş ağ kağıza İlahə tərəfindən imza çəkildiyini bildirmişdir. Ümumiyyətlə, işin həqiqi halları iddiaçının dediyi kimi olsa idi belə, yəni əslində torpaq sahəsinin həmin kağız vasitəsi ilə cavabdehə icarəyə verilsəydi belə, həmin kağız icarə müqaviləsi kimi başa düşülməməlidir. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Odur ki, hazırkı məhkəmə araşdırması zamanı 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notarial alqı-satqı müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və 27 noyabr 2007-ci il tarixli 4Ə-04-414 nömrəli notarial alqı-satqı müqaviləsindəki imzaların İddiaçı3 və İddiaçı2 tərəfindən icra edildiyi müəyyən edilmişdir. İmzalarla bağlı məsələ işin mübahisəsiz halıdır. Odur ki, əqdin etibarlı olmasını şərtləndirən qanunla müəyyən edilmiş yuxarıda göstərilən dörd şərt pozulmamışdır. Belə ki, tərəflər arasında qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş yazılı notarial qaydada müqavilə bağlanmışdır. İddiaçılar torpaq sahəsini cavabdehə satmadıqlarını bildirsələr də , bu fakt iş materalları ilə təkzib edilmiş və iddiaçıların qeyd etdiyi kimi əslində alqı-satqı niyyətlərinin olmamaları sübuta yetirilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar