Məhkəmə qərarları › İş №2(076)-4504/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4504/2024

12.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4504/2024 12.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024–cü il tarixli barışıq sazişinin 2–ci və 3–cü bəndlərində göstərilən şərtlərin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Maraqlı şəxs ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahdan 08 avqust 2021–ci il tarixdə Sərdar və 16 iyul 2022–ci il tarixdə Melisa adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar, ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar maraqlı şəxsin yanında qalmışdır. Bundan sonra maraqlı şəxslə arasında uşaqla görüş vaxtının müəyyən edlməsi barədə mediasiya prosesi həyata keçirilmiş və mediator tərəfindən xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən Maraqlı şəxs onun Sərdar və Melisa adlı uşaqları ilə ünsiyyətinə məhdudiyyətsiz razılıq vermiş, aralarında başqa tələb və ya şərt irəli sürülməmişdir. Lakin Maraqlı şəxs onun uşaqları ilə görüşməsinə imkan verməmişdir. O isə uşaqlarla məcburi görüşmək istəməmiş, bu səbəbdən barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə bağlanılmış xx.xx.2024–cü il tarixli barışıq sazişinin 2–ci və 3–cü bəndlərində göstərilən şərtlərin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Maraqlı şəxs izahatında göstərdi ki, həqiqətən ərizəçi ilə arasında uşaqla görüş vaxtının müəyyən edlməsi barədə mediasiya prosesi həyata keçirilmiş və mediator tərəfindən xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən o, ərizəçinin uşaqları ilə ünsiyyətinə mane olmayacağına razılıq vermişdir. O, ərizəçinin uşaqları ilə görüşüb ünsiyyətdə olmasına heç bir maneçilik yaratmamış, əksinə ərizəçi istədiyi vaxt uşaqlarla görüşmüşdür. Hazırda da ərizəçinin uşaqları ilə görüşməsinə etiraz etmir. Lakin uşaqların yaşını və həyat tərzini diqqətdə saxlayaraq, ərizəçinin həftədə bir dəfə, qalmamaq şərtilə uşaqlarla görüşməsinə etiraz etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınamasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından 08 avqust 2021–ci il tarixdə Sərdar və 16 iyul 2022–ci il tarixdə Melisa adlı uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2024–cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Sərdar və Melisa adlı uşaqların ataları Ərizəçi ilə ünsiyyətinə məhdudiyyətsiz görüşə razılıq vermiş, həmçinin tərəflər aralarında digər tələb və ya şərt irəli sürməmişlər. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2024–cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs Sərdar və Melisa adlı uşaqların ataları Ərizəçi ilə ünsiyyətinə məhdudiyyətsiz görüşə razılıq vermişdir. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin hərtərəfli və obyektiv araşdırılması nəticəsində məhkəmə hesab edir ki, hazırki vəziyyətdə barışıq sazişinin təsdiq edilməsi əsaslı sayıla bilməz. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024–cü il tarixli barışıq sazişi qeyri–müəyyən qaydada təsdiq edilmiş, ərizəçinin uşaqları ilə konkret olaraq hansı tarixdə və hansı saatlarda görüşməsi qeyd edilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33–cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Qanunvericiliyin qeyd olunan tələblərinə baxmayaraq, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunvericiliyə uyğun şəkildə tərtib edilməmiş, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri konkret olaraq göstərilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, barışıq sazişinin təsdiq edilməsi halında belə, həmin sazişdə göstərilən şərtlərin icra məmuru tərəfindən yerinə yetirilməsi də qeyri–mümkündür. Belə ki, barışıq sazişində ərizəçinin hansı tarixdə və saatda, hansı qaydada uşaqları ilə görüşməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355–26.1.1–ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qeyri–müəyyən şəkildə bağlandığına görə təsdiq edilməsi əsaslı və qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsinə əsasən xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar