Məhkəmə qərarları › İş №2(076)-502/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-502/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-502/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 672,62 manat məbləğində cərimənin silinməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Sabir küçəsində yaşayır. "Azəriqaz” İB- nin əməkdaşları onu məlumatlandırmadan və evdə heç kimin olmamasından istifadə edərək adına quraşdırılmış sayğaca baxış keçirmiş və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda guya sayğaca müdaxilə edilməsi qeyd edilmiş və ona 672,62 manat borc hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Əlavə olaraq qeyd edir ki, əsmiş güclü külək nəticəsində evin qarşısındakı çinar ağacının budağı sınaraq qaz sayğacının üstünə düşmüş və sayğacı yararsız hala salmışdır. Cavabdehin əməkdaşları isə həmin halı araşdırmamış, sayğaca guya onun tərəfindən müdaxilə etməyini aktda göstərmişlər. Həmçinin, o yaşadığı evdə istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir və heç vaxt borcu olmamışdır. Bu da onu deməyə əsas verir ki, tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 672,62 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Şəmkir şəhəri, Sabir küçəsi ünvanında yerləşən İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan hesablama mexanizminin qoruyucu örtüyü bütövlükdə aşkar olunmaması faktı müəyyən edilmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğaca baxış keçirilmiş, Şəmkir RQİİ-nin tərtib etdiyi möhürlü kağıza əsasən zavod seriya nömrəsi 1302az**********53 olan sayğacın hesablama mexanizminin qoruyucu örtüyü bütövlükdə aşkar olunmamışdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2021-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırlması və istismara qəbul haqqında” aktan görünür ki, İddiaçı adına olan İTRON C-4 1302AZ**********53 nömrəli sayğac Zenner C-4 **********9 nömrəli sayğacla əvəz olunmuşdur. Sayğacanın elektron və mexaniki hesablama hissəsi saygacın üzərində aşkar olunmaması qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, 2022–cü ilin fevral ayına ünvan 2 ünvanda yaşayan abonent İddiaçı adına 432 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəz etmə” qeyd edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, mexanizmin qoruyucu örtüyü bütövlükdə aşkar olunmamışdır. Buna görə, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 432 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, 1302AZ**********53 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 432 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsədə, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 432 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı 672,62 manat borcun silinməsini iddia tələbində qeyd etsə də məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, akt üzrə iddiaçının hesabına 432 manat borc hesablanmışdır. Bu səbəbdən iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə saygac çıxarılan zaman ona abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə müəyyən edilmiş borc üzrə də cavabdeh sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla qismən təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı adına hesablanmış 432 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar