Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-609/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcu silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus **********01990 saylı abonent koduna əsassız olaraq hesablanmış 25920 m3 qazın sərfiyyatına dair 3110 manat 40 qəpik məbləğində borcun silməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xəbəri və məlumatı olmadan onun adına olan Şəmkir rayonu X2 küçəsi ev 88 ünvanında yerləşən fərdi mənzildə olan G-4 markalı 1302AZ**********74 nömrəli qaz sayğacına "Azəriqaz” İstehsalat Birliyi tərəfindən MSK-14-2-2/3-5-879 nömrəli 31 may 2023-cü il tarixli "Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi" barədə akt tərtib olunmuşdur. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuşdur. Həmin tələbnamədə icra olunacaq tədbir qismində itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunacağı qeyd edilmişdir. Bu qeydə əsasən qaz sayğacının maksimal saatlıq qaz sərfi 6m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 25920 m3 qazın sərfiyyatına dair pul məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Onun tərəfindən vaxtlı-vaxtında sərf edilmiş qazın dəyəri ödənilmişdir. İddiaçı həmin evdə olduğu zamanlarda qazdan çox az istifadə edilir. Yəni sərfiyyata keçən qazın həcmini azaltmaqla bağlı hər hansı bir mənafe məqsəd olmamışdır. Tərtib olunmuş aktlar, onun nəticələri, eləcə də əsassız hesablanmış borca dair sənədlər İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur və iddiaçı bu hal ilə razılaşmır. Belə ki, sayğaclar dəyişdirilən zaman iddiaçının iştirakı olmadan dəyişdirilmişdir. Aktdan da görünür ki, köhnə sayğacın plombu üzərində olmuş, həmin plomb qaz idarəsinin əməkdaşları tərəfindən açılmışdır (qırılmışdır). Belə bir müdaxilə varsa, o buna görə cavabdehlik daşımalı deyil, həm də bu müdaxiləyə elə qaz idarəsində də yol verilə bilər. Qeyd edilənlərə əsasən "Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus **********01990 saylı abonent koduna əsassız olaraq hesablanmış 25920 m3 qazın sərfiyyatına dair 3110 manat 40 qəpik məbləğində borcun silməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın İddiaçı məzmununa uyğun izahat verərək 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan MSK-14-2-2/3-5-879 nömrəli 31 may 2023-cü il tarixli “Qaz sayğacının yoxlanılması keçirilməsi barədə” aktdan görünür ki, 1302AZ**********74 zavod seriya nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır, nəticədə qaz itkisi yaranmışdır. İş materiallardan olan 02 iyun 2023-cü tarixli dəymiş ziyanın bərpası dair tələbnamədən görünür ki, İddiaçı adına olan sayğaca baxış keçilmişdir. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 31 May 2023-cü il tarixli 14-2-2/3-5-879 №-li Aktına əsasən G-4 markalı 1302AZ**********74 №-li sayğaca baxış keçirilmiş, baxış zamanı, sayğacın klapanı işlək olmaması, yivli birləşmələrində korroziya izi mövcudluğu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Sayğac istismara yararsızdır, nəticədə 25920 m3 qaz itkisi yaranmışdır. İş materiallarında olan Şəmkir rayonu M.Ə Sabir küçəsində yerləşən ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ildə may ayında 3110,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri M.Ə.Sabir küçəsində yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə abonent İddiaçı adına hesablanmış 3110,40 manat (üç min bir yüz on manat 40 qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-609/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-609/2024
12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver