Məhkəmə qərarları › İş №2(076)-731/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-731/2024

12.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-731/2024 12.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* saylı aktı üzrə hesablanmış 1053,12 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. Onlar hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişlər etmişlər. 09 fevral 2023-cü il tarixdə "Azəriqaz” İBnin əməkdaşları onun evinə quraşdırlmış Zenner tipli sayğacı dəyişdirərək, Zenner G4 tipli sayğac quraşdırmışlar. Həmin vaxtdan da hazırki vaxta kimi onlar ailə üzvləri ilə yeni quraşdırılmış sayğacdan istifadə edirlər, hər ay da mütəmadi olaraq ödənişləri etmişlər. Hazırda isə sayğaca pul yükləyərkən, ödədiyi pulun çox hissəsi silinmiş, bunan sonra "Azəriqaz” İB-nin Şəmkir regional Qaz İstismar İdarəsinə müraciət etdikdə, onun evdən çıxarılmış sayğaca görə akt əsasında borc yazıldığını bildirmişlər və həmin aktı ona təqdim etmişlər. xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İB- nin əməkdaşları 0388049 saylı akt tərtib edərək, sayğacın giriş dəmir süzgəcinin zədəli olduğunu, sayğacın membranını hərəkətə gətirən qolların iş prinsipinə maneə törətməsinin mümkün olduğunu qeyd etmişlər və ona həmin akt üzrə 1053.12 manat borc hesablamışlar. O heç vaxt sayğaca müdaxilə etməmişdir. Əgər sayğacın giriş dəmir süzgəci zədəlidirsə o onun təqsiri ucbatından baş verməmişdir. O istehlakçı olaraq qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik daşımır. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qazdan istifadəyə görə onun adına hesablanmış 1053,12 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-3296 nömrəli 23 iyun 2023-cü il tarixli aktdan görünür ki, **********496 daxili nomrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın giriş dəmir süzgəcinin zədəli olduğu, sayğacın membranını hərəkətə gətirən qolların iş prinsipinə maneə törətməsinin mümkün olduğunu aşkar olunmuşdur. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03888049 nömrəli 24 iyun 2023-cü il tarixli aktdan görünür ki, sayğacın giriş dəmir süzgəcinin zədəli olduğu, sayğacın membranını hərəkətə gətirən qolların iş prinsipinə maneə törətməsi mümkündür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********496 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********819 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Zenner tipli, G-4 markalı, **********496 nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın mənfiyə işləməsi qeyd edilmişdir. İş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il iyun ayında 1053,12 manat cərimə hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın giriş dəmir süzgəcinin zədəli olduğu, sayğacın membranını hərəkətə gətirən qolların iş prinsipinə maneə törətməsi müəyyən edilmişdir. Buna görə, itirilmiş qazın 8776 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1053,12 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli, G-4 markalı, **********496 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1053,12 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1053,12 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə müəyyən edilmiş borc üzrə də cavabdeh sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir, M. Əzizbəyov küçəsində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı adına hesablanmış 1053,12 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar