Məhkəmə qərarları › İş №2(076)-739/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-739/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-739/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akt üzrə hesablanmış borcun silinməsi tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777.60 manat məbləğində borcun onun hesabından silinməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İB-nin X3 Sahəsi tərəfindən yaşadığı evin qaz sayğacının istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Qaz sayğacı dəyişdirildikdən bir müddət sonra məlumat əldə etmişdir ki, abunə hesabına 777.60 manat borc yazılmışdır. Bundan sonra X3 Sahəsinə həmin məsələni aydınlaşdırmaq üçün müraciət etdikdə ona “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt verilmişdir və bildirilmişdir ki, guya o qaz sayğacına müdaxilə etmişdir. Belə ki, aktda qeyd olunmuşdur ki, "sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarda əzik-cızıq izləri var”. O hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Bu ərizəyə əlavə etdiyi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh ona arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı absurddur. Əgər o sayğaca müdaxilə etsəydi bu barədə ay ərzində bir dəfə qaz sərfiyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumat olardı. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində "Azəriqaz” X1 X4 tərəfindən qanunsuz hesablanmış 777.60 manat borc əsassızdır. Ona görə də hazıkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777.60 manat məbləğində borcun onun hesabından silinməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qazdan istifadəyə görə onun adına hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Bələ ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03999237 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ******* daxili nömrəsi olan sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı yeni Haveyvel tipli, G-4 markalı, 13720128 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman sayğacın sol tərəfində zədə olması qeyd edilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, ünvan 3 ünvanında yerləşən G-4 markalı ******* daxili nömrəsi olan sayğaca baxış keçırilmiş və sayğacın hesablama mexanizmin qapağı yan tərəfində əzilməsi və daxili qulaqcılıqlarında əzik-cızıq izləri olması aşkar olunmuşdur. Qeyd olunlara əsasən 6480 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-10142 /Q002 nömrəli 23 oktaybr 2023-cü il tarixli aktdan görünür ki, ******* daxili nomrəsi olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmin qapağı yan tərəfindən əzilməsi və daxili qulaqcılıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Sayğac istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il oktyabr ayında 777,60 manat cərimə hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili qulaqcılıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın 6480 m3 olduğu hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777,60 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 777,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda olan qüsura abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə müəyyən edilmiş borc üzrə də cavabdeh “Azəriqaz” İB sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı adına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar