Məhkəmə qərarları › İş №2(076)-741/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-741/2024

05.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-741/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun barəsində tətbiq etdiyi 1036 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yəni, Şəmkir rayonu Yuxarı Seyfəli kəndində ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edərək və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablanması üzrə mütəmadi olaraq ödəmişdir. Təxminən 2 il bundan əvvəl cavabdehin, əməkdaşları tərəfindən istifadəsində olan Elestr markalı, ******* №-li qaz sayğacını istifadə müddətinin bitməsini bəhanə edərək sayğacını bilavasitə onun iştirakı olmadan dəyişmiş və yerinə başqa sayğac quraşdırmışlar. Hətta o həmin əməkdaşlara sayğacında heç bir qüsurun olmaması, blombunun yerində olmasına dair aktın tərtib edilməsini tələb etsə də zərurətin olmamasını bildirdimişlər. xx.xx.2023-cü il tarixdə cavabdehin o göndərdiyi bildirişdə guya onun cavabdehǝ 1620, 55 (bir min altı yüz iyirmi ) manat 55 qəpik məbləğində borcumun olması qeyd edilmişdir. Ancaq, həmin borcun 1036 (bir min otuz altı) manatının onun barəsində əsassız borc olaraq qeyd edilmişdir. Ona görə ki, xx.xx.2023-cü il tarixli «Qaz sayğacının yoxlanılması» barədə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş AKT-da “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması, xətaların normaya uyğun olması, sayğacın istismara yararsız olması» qeyd edilmişdir. Cavabdehlərin əməkdaşları sayğacı onun iştirakı ilə dǝyişdirərkən heç bir qüsurun olmaması ona şifahi bildirilməsinə baxmayaraq yazılı akt tərtib edilməsini tələb etsə də nəticəsi olmamışdır, ancaq sonradan guya labarotoriyada özləri həmin qüsurların olmasını qeyd etməklə barəsində əsassız borcun olmasını tərtib etmişlər. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir, ona görə də əsassız olaraq borclu hesab edildiyi 1036 (bir min otuz altı) manat pulun onun hesabından silinməsi vətəndaşların cavabdehin əməkdaşlarının qanunsuz əməllərindən qorunmağı üçün ən ədalətli nəticədir. Yuxarda qeyd olanlara əsasən cavabdeh onun barəsində tətbiq etdiyi 1036 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan MSK-29/1710-04659-1 nömrəli nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi ******* nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilməsi və daxili qulaqcılıqlarında əzik-cızıq izləri olması, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ildə yanvar ayında 1036,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, dekabr ayında 2022-ci il tarixində iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə sayğacın hesablama mexanizmin qapağı yan tərəfində əzilməsi və daxili qulaqcılıqlarında əzik-cızıq izləri olması aşkar olunmuşdur. Buna görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1036,80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, dekabr ayında 2022-ci il tarixdə sayğac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir sübut təqdim edilmədiyindən, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə müəyyən edilmiş borc üzrə də cavabdeh “Azəriqaz” İB sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı adına hesablanmış 1036 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar