Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-763/2024 14.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “qaz sərfiyyatına görə müəyyən edilmiş borcun silinməsi tələbinə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən akt əsasında yazılmış 777,60 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Seyfəli kəndində yerləşən ailəsinə məxsus fərdi yaşayış evində ailə üzvüləri ilə birlikdə yaşayır. «Azəriqaz» X1 X2 İdarəsinin Şəmkir XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən, ailəsi istifadəsi üçün quraşdırılmış G-4 markalı, ******* zavod nömrəli, qaz sayğacına onun və ailə üzvülərinin, o cümlədən hal şahidlərinin iştirakı olmadan öz əməkdaşlarının iştirakı ilə baxış keçirmişlər və akt tərtib etmişlər. Həmin aktda sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın normal və minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin normal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması göstərilmişdir. Bu səbəbdən də cavabdehin nümayəndələri tərəfindən guya tərəflərinin sərf edimiş qazın bərpası üçün 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğdə borcu olması müəyyən edilmişdir. Halbuki, həmin sayğaca onun və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmiş, sayğacın çıxış plastmas borusunun deşilməsindən, istismara yararsız olmasından və sair qüsurlarından xəbəri olmamışdır. Sayğac küçədə quraşdırılmışdır. Yəni sayğacı quraşdırılmış küçə şəraitində günün bütün vaxtı o, eləcə də ailə üzvləri müşahidə və mühafizə etmək imkanına malik deyillər. Mübahisə predmeti olan sayğacın mühafizəsinə dair cavabdehlə onun və ailə üzvləri arasında heç bir müqavilə bağlanmamışdır. Sayğaca kənar şəxs tərəfindən müdaxilə olunması ehtimalı var. Sayğac uzun müddət istifadədə olmuş, artıq köhnəlmişdir. Odur ki, bir etimalı da sayğacin istismar müddəti keçməsi ilə bağlı ola bilər. Bu barədə dəqiq məlumatı yoxdur. Çünki cavabdeh tərəfindən onların istifadəsində olan sayğacın sökülüb aparılıb labaratoriya müayinəsindən keçirilərkən onların iştirakı təmin edilməmişdir. Buna görə onların əsassız olaraq maddi məsuliyyətə alınmağı nə dərəcədə haqlı ola bilər. Bu ona və onun ailəsinə qarşı yönəldilmiş haqsızlıqdır. Qeyd olanları nəzərə alaraq, cavabdeh tərəfindən akt əsasında yazılmış 777,60 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahat verərək, qazdan istifadəyə görə hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacının istifadə müddəti bitdiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. Aktda çıxarılan Elster tipli, S-4 markalı, ******* nömrəli qaz sayğacı çıxarılan zaman onda hər hansı qüsur aşkar edilməsi qeyd edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-10142/Q002 nömrəli “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə” aktdan görünür ki, ******* nömrəli sayğaca baxış keçirilmiş, çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın normal və minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin norminal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması aşkar olumuşdur. İş materiallarında olan ünvan 1 ünvanda yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına akt üzrə 777,60 manat borc hesablanmışdır. Tərəflər arasında mübahisə G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 777,60 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, qaz sayğacı çıxarılarkən aktda onun sayğacda hər hansı qüsurların olması ilə bağlı heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X3 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin nominal, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması müəyyən edilmədiyindən və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayonu Şəmkir rayonu Yuxarı Seyfəli kəndində (ev 595) ünvanda yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında İddiaçı adına hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-763/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-763/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver