Məhkəmə qərarları › İş №2(076)-823/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-823/2023

03.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-823/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, iddiaçı X2, cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, cavabdehə olan 629,16 (altı yüz iyirmi doqquz manat on altı qəpik) manat məbləğində borcun hesabından silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbi onunla əsaslnadırmışdır ki, qeyd olunan ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evində ailəsilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında elektrik enerjisindən istifadə edirlər və sərf olunan elektrik enerjisinin sərfiyyat xərcini elektrik xəttinə quraşdırılmış sayğacın hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin, əməkdaşları: aparıcı mühəndis-Elbəy Məmmədov və nəzarətçi mühəndis Vüsal Bağırov tərəfindən 2022-ci ilin dekabr ayının 05-də istifadə etdiyi elektrik enerjisinin sərfiyyatını və elektrik enerjisindən istifadə qaydalarının yoxlanılması zamanı abonent sayğacından kənar xəttdən istifadə edilməsi faktı müəyyən edilməklə tərtib edilmiş xx.xx.2022-ci il tarixli AKTR 273675 №-li aktda «abonent sayğacından kənar xəttdən istifadə edir, ampermasa ilə ölçülüb istifadə edilən güc Pf=1(kv\saat)» kimi qeydlər edilmişdir. Ancaq, həmin aktda soyadı şəxsiyyət vəsiqəsində «Hacıyevə» olmasına baxmayaraq səhvən «Bayramova» kimi qeyd edilmişdir. Nəticədə elektrik enerjisindən sayğacdan kənar istifadə etməyinə görə onun adına olan **********00622 abonent kodu üzrə tərtib edilmiş cədvəldə xx.xx.2022-ci il tarixdə 192,00+329,16 və 108,00 manat, cəmisi 629,16 (altı yüz iyirmi doqquz manat on altı qəpik) manat borcunun olması qeyd edilmişdir. Ancaq, reallıqda xx.xx.2022-ci il tarixdə evinin elektrik xəttinin qoşulduğu transformatorun işləməsinə və onun xəstə yaşlı qadın olaraq həmin günü sistem vurdurmalı olmağına görə qonşunun uşağından xahiş edərək qaranlıqda qalmamağı üçün bir neçə saatlıq sayğacdan kənar qoşdurmuş və həmin günü ailənin uşaqlarının evdə olmamasına görə qoşulmuş xətti cavabdehin əməkdaşları aşkar etmişlər. Eyni izamanda qeyd edir ki, barəsidə hesablanmış maddi zərər reallıqdan həddən artıqdır. Belə ki, həmin aktdan əvvəl və sonrakı aylar üzrə ailədə istifadə olunmuş elektrik enerjisinə görə ödəmiş olduğu sərfiyyat dəyəri həmin məbləğdən həddən artıq azdır. Ona görə reallıqda onun təqsiri olmadan sayğacdan kənar qoşulma üzrə tətbiq edilmiş əsassız sərfiyyata görə hesablanmış zərərin məbləğinin adi aylarda sərf etdiyi enerji sərfiyyatına görə ödəmiş olduğu məbləğlərə uyğundaşdırılması ən ədalətli yanaşma olardı. Deməli, cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir. Həmçinin, insanlar üçün müəyyən edilmiş yaşayış minimumu göstərdiyi əsassız cərimənin tətbiqi zamanı nəzərə alınmamışdır. Onu da əlavə edir ki, himayəsində 5 ailə üzvü olmaqla biri də əlildir, ailədə tək onun pensiyasıla çətinliklə dolanırlar. Barəsində tətbiq edilmiş cərimənin isə artıq olmaqla ondan çıxılmaqdadır. Məhkəmə iclasında iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, kənar xəttdən istifadə etdiyini qəbul edir. O, məcbur qaldığı üçün kənar xəttdən istifadə qoşulmağı bildirmişdir. Hazırda pensiya alır. Borc məbləği yüksək hesablanıb, iddianın təmin edilməsini hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, iddiaçı kənar xəttdən istifadə etdiyini etiraf edir. Qanunvericiliyin tələbinə uyğun 12 aylıq hesabat aparılıb və abonentə 629.16 manat borc hesablanıb. Məhkəmədən iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli AKTR 273675 №-li nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində olan istehlakçı X4 məxsus ünvanda yoxlama zamanı elektrik sayğacından kənar xəttdən istifadə aşkar edilmişdir. İşdə olan abunə haqqından görünür ki, X2 672.47 manat borcu var. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, **********00622 saylı abonent X5 məxsus ünvanda yoxlama zamanı elektrik sayğacından kənar xəttdən istifadə aşkar edilmişdir. W=1,0kvt x 24s x 0,7x365g=6132 kvt.s. W1=2400 kvt.s x 0,08; W2=1200 kvt.s x 0,09; W3=2532 kvt.s x 0,13. Cəmi 629.16 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı X1 rayonu, Qaracəmirli kəndində yaşayır və yaşadığı evdə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına qeydə alınmış elektrik sayğacından istifadə edir. Azərişıq ASC-nin X6 əməkdaşları abonent X2 yaşadığı evə verilən elektirik enerjisinin sayğacına baxış keçirərkən elektrik sayğacından kənar xəttdən istifadəsi aşkar edilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixli AKT R 273675 №-li akt tərtib edilmiş və abonent tərəfindən imzalanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixli AKTR 273675 №-li akt əsasında "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən iddiaçı barəsində elektirik xəttindən keçən enerjinin yükü nəzərə alınmaqla W=1,0kvt x 24s x 0,7x365g=6132 kvt.s. W1=2400 kvt.s x 0,08; W2=1200 kvt.s x 0,09; W3=2532 kvt.s x 0,13. Cəmi 629.16 manat itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılmışdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə etməsi gözlə görünən nöqsan olmaqla, xx.xx.2022-ci il tarixli AKTR 273675 №-li akt tərtib olunmamışdan əvvəl abonentin elektirk sayğacına cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş, həmin vaxt gözlə görünən nöqsan aşkar edilməmiş və aylıq sərfiyyat yazılaraq abonentə bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı istehlakçı tərəfindən sayğacdan kənar xəttdən uzun müddət əvvəl istifadə etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali)-yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə iddia tələbinin qismən əsaslı hesab edirərək qeyd edir ki, cavabdeh təşkilatın əməkdaşı nöqsanın aşkar olunmasından əvvəl sayğaca baxış keçirərkən gözlə görünən qeyd edilən nöqsanı aşkar edilməməsinə baxmayaraq, aylıq sərfiyyatın dəyəri nəzərə alınmadan 365 gün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparmaqda haqlı olmamışdır. Belə ki, işin müəyyən olunmuş hallarını və abonentin aylıq sərfiyyat məbləği nəzərə alınmaqla altı aylıq dövr nəzərə alınmaqla itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, sayğaca nəzarətçi tərəfindən əvvələr baxış keçirilməsi və bundan sonra qeyd edilən nöqsanın aşkar edilməsi və abonentin aylıq sərfiyyatı əsas götürülməli, son altı ay nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, altı aylıq dövr üçün itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması fakti vəziyyətə uyğun olaraq 314.58 manat hissəsində borc saxlanılmalı, hesablanmış borcun 314.58 manat hissəsi iddiaçının (abonent kodu: **********00622 olan) hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 314.58 manat (üç yüz on dörd manat əlli səkkiz qəpik) məbləğində borc məbləği X2 abunə hesabından (abunə kodu: **********00622 olan) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar