Məhkəmə qərarları › İş №2(076)-84/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-84/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-84/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü Gülşən adlı övladının atası Cavabdeh olmasının müəyyən edilməsinə və uşağının yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2021-ci ildə faktiki ailə qurmuşlar. Faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü Gülşən adlı övladları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olmuşdur. Lakin sonradan cavabdehin anası işlərinə qarışdığından münasibətləri pozulmuşdur. Cavabdeh qızları Gülşənin atası olmasını könüllü etiraf etmir. Ona görə də məhkməyə müraciət etməli olmuşdur. Həmçinin uşağın saxlanması üçün cavabdehdən hər ay 200 manat aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəmənin təyin etdiyi tibbi-genetik ekspertizanın keçirilməsi üçün iddiaçı uşaqla birlikdə ekspertizaya getmiş, lakin cavabdeh ekspertizanın keçirilməsi üçün gəlmədiyindən ekspertiza baş tutmamışdır. Cavabdeh işi yubatmaq məqsədilə ekspertizadan yayınır. Bütün bu dövr ərzində də iddiaçı uşağına təkbaşına baxmaq məcburiyyətində qalmışdır. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə nikahları yoxdur, ancaq münasibətləri olmuşdur. Ancaq Gülşən adlı uşaq onun deyildir. İddiaçının təqdim etdiyi şəkillərdə onlara qonaq getmişdir. Əgər atalıq müəyyən edilərsə 200 manat aliment müəyyən edilməsinə razı deyil. Yenicə Sirab firmasında işə düzəlib, aylıq qazancı hələ ki bilinmir. Buna görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində bildidi ki, İddiaçı anasıdır. Qızı ilə Cavabdeh 2021-ci ildən münasibətləri olub və faktiki evlənmişlər. Lakin, onların rəsmi nikahları olmamışdır. İddiaçı doğulmuş Gülşən adlı uşaq Cavabdeh övladıdır. Cavabdeh övladını görmək üçün tez-tez onların evlərinə gəlib və övladı ilə vaxt keçirtmişdir. Lakin, sonradan qızı ilə cavabdehin aralarında olan münasibətləri pozulmuşdur və Cavabdeh qızı Gülşənin ondan olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyərək, cavabdehin ekspertizadan yayınmasını nəzərə alaraq və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası kimi atalıq müəyyən edilmədiyi üçün X5, anası kimi İddiaçı qeyd edilmişdir. İşdə olan Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla İddiaçı X2 atalığının müəyyən edilməsi barədə müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İşdə olan fotoşəkillərdən müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə mütəmadi olaraq qucaqlarında azyaşlı uşaq şəkil çəkdirmişlər. Şəkillərin birində Cavabdeh və qucağında uşaq, stolun üzərində isə “ad günün mübarək, atası” sözləri yazılan tort şəkli də vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2021-ci ildə rəsmi nikaha daxil olmadan faktiki olaraq evlənmişlər. Birgə qeyri-rəsmi yaşadıqları dövrdə xx.xx.2022-ci il tarixdə Gülşən adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar və ayrılarkən azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. Cavabdeh məhkəmə tibbi bioloji ekspertizasının keçirilməsi üçün ekspertizaya getməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda, məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan doğulmuş 01 mart 2022-ci il təvəllüdlü Gülşən adlı uşağın atasıdır. Ona görə də iddia tələbi bu hissədə əsaslıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən cavabdehin mənafeyinə uyğun deyildir. Belə ki, cavabdeh izahatında da bildirdi ki, işə yenicə daxil olmuşdur, qazancı hələ ki müəyyən deyil. Buna görə də məhkəmə hesab edir ki, alimentin məbləğinin hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin alınması yetkinlik yaşına çatmamış uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarxili Qərarının 12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 01 mart 2022-ci il tarixdə doğulmuş X2 atası olması müəyyən edilsin. 01 mart 2022-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh 27 oktyabr 2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar