Məhkəmə qərarları › İş №2(076)-857/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-857/2024

25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-857/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB–nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi“ tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İB–nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Abbaslı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı onun adına qeyd edilmişdir. O hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiyinə görə ödənişləri edir. 31 mart 2023-cü il tarixdə Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evə quraşdırılmış sayğaca baxış keçirərkən sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qoşulma aşkar etmişlər və bu barədə xx.xx.2023cü il tarixli, ******* saylı akt tərtib etmişlər. Bundan sonra onlar ona akt üzrə 3110.40 manat borc hesablamışlar. Akt tərtib olunarkən o onlara həmin xəttdən 10 gün müddətində istifadə etdiyini bildirmişdir. Lakin, onlar ona kənar xəttdən istifadə edilməsinə görə yazılmış cərimənin miqdarını olduqca çox hesablamışlar. Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən hər 15 gündən bir onun evində yerləşən qaz sayğacına baxış keçirilir, necə olar ki, həmin əlavə xətt qoşulu ola-ola onlar tərəfindən aşkar olunmamış olardı. Buna baxmayaraq, kənar xəttə görə ona bir neçə ay əvvələ cərimə hesablanmışdır. Hesab edir ki, ona həmin cərimə düzgün hesablanmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktı əsassız hesab edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3110,40 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh “Azəriqaz” İB–nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu Abbaslı kəndində yaşayan İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan fərdi yaşayış evində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır. Qanunsuz istifadə barədə Şəmkir XS-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə (iddiaçı tərəfindən akta imza edilməklə) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 25920 m3 təbii qaz sərfi - 3110,40 manat (üç min yüz on manat 40 qəpik) dəymiş ziyan məbləği hesablanmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023–cü il tarixli ******* saylı “Təbii X2nın pozulması haqqında” aktdan görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri-qanuni qoşulma aşkar olunmuşdur. (qaz işlədici avadanlıqlar- qaz plitəsi PQ-3, qaz sobası dəmir peçi, su qızdırıcı QSSQ-1202T) İşdə olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar edilmiş, 25920 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2023–cü ilin mart ayına ünvan 1 ünvanda yerləşən abonent istehlakçı İddiaçı adına hesabına 3110,40 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 3.1.10–cu maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11–1–ci və 2.11–2–ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11–ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10–cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5–1–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5–1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5–1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5–1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5–2–ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10–cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–3–cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5–1–ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5–4–cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5–ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5–2–ci və 6.5–3–cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulsa da, cavabdehin əməkdaşı tərəfindən əsassız şəkildə dəmir sobası üçün 180 günlük, qaz plitəsi PQ3-ün və su qızdırıcı QSSQ üçün 360 günlük müddət nəzərə alınmaqla dəymiş ziyanın məbləği hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəymiş ziyanın məbləği hesablanarkən 90 gün müddət nəzərə alınmalı, həmçinin, iddiaçının qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi halı diqqətdə saxlanılmalıdır. Həmçinin, sahə rəisi tərəfindən hər ay istehlakçıya bildiriş verilərkən sayğaca nəzarət etməli olması nəzərə alınarsa, iddiaçının həqiqətən qısa müddət ərzində sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə etməsi daha ağlabatan və inandrıcıdır. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən sutkanın 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq təbii qazdan istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və sutkanın 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş qazın həcmi (0.8+1.4+1.5)x12x90=3996m3, 3996m3x0,12=479,52 manat məbləğində müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 2630,88 (3110,40-2630,88) manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə “Azəriqaz” İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023–cü il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri–qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən “X2”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli ******* saylı akt edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış 3110,40 manat borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olması barədə sübut təqdim edə bilməmiş, ona görə də iddiaçıya “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulması halına görə hesablanmış 3110,40 manat cərimə borcundan 2630,88 manat silinməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2630,88 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İB–nin əməkdaşları tərəfindən təbii X2nın pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında abonent İddiaçı adına hesablanmış borcdan 2630,88 (iki min altı yüz otuz manat səksən səkkiz qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar