Məhkəmə qərarları › İş №2(076)-858/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-858/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-858/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 5598,96 manat borcun silinməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Dəllər Cəyir kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. Həmin qaz sayğacı onun mərhum əri X1 adına qeyd edilmişdir. X8 01 fevral 2021-ci ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra o və onun ailə üzvləri birlikdə qeyd olunan ünvanda yaşayırlar və təbii qazdan istifadə edirlər. 05 yanvar 2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları onlara məxsus evə quraşdırılmış sayğaca baxış keçirərək, sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə olunması barədə akt tərtib etmişlər. Bundan sonra onlara akt üzrə 5598.96 manat borc hesablamışlar. Hesab etmişdir ki, ona həmin cərimə düzgün hesablanmamışdır. Onlar yaşadıqları evdə sayğacdan kənar xətdən heç 10 gün istifadə etməmişlər. Həmçinin, "Azəriqaz” İB-nin əməkdaşları ayda iki dəfə istehlakçıların evinə quraşdırılmış sayğaclara baxış keçirir, yoxlayır və göstəriciləri götürürlər. Necə oldu ki, həmin baxış zamanı qeyri-qanuni qoşulma aşkar olunmamış və onlara əsassız olaraq 365 gün üçün cərimə hesablamışlar. Halbuki, 15 gündən bir sayğaca baxış keçirirlər. Onlar 365 gün sayğacdan kənar qoşulmadan istifadə etmiş olsaydılar o vaxtında müəyyən olunmalıydı. Yuxarıda qeyd edilənlərə əsasən həmin aktı əsassız və qanunsuz hesab edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, onun yaşadığı evdə yemək bişirmək və qaz sobası vardır. Onun kiçik oğlu ona məxsus torpaqda yerləşən əldamında qalmış, oraya qaz çəkdirmiş, lakin, o həmin qazdan təxmini 10 gün istifadə etmişdir. Sonra cavabdehin nümayəndələri evində yoxlama keçirmişər və həmin kənar xətti aşkar etmişlər. Ona hesablanmış cərimənin məbləği həddindən artıqdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Bələ ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, X1 adına 2023-cü ilin yanvar ayında 5598,96 manat akt üzrə sərfiyyat hesablanmışdır. 2021-ci il mart ayndan 2023-cü il dekabr ayınadək aktdan başqa sərfiyyat olmamışdır. İş materiallarında olan ******* nömrəli xx.xx.2020-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, X4 ilə Cavabdeh-İB-lə arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı X1 adına olan, ünvan 1i ünvanında yerləşən sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Qeyd olunalara əsasən 46658 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan AZ-İİ 136239 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan İİ-ЖГ 321856 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X5 və İddiaçı nikah bağlamışdılar. Nikah bağlanan sonra ərə “Aslanov”, arvada “Orucova” soyadı verlmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir rayon, Dəllər Cəyir kəndində olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə X4 (iddiaçının əri) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, X4 vəfat etmişdir. Həmin yaşayış evi isə hazırda iddiaçının istifadəsindədir. O, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayır və yaşadığı evdə Cavabdeh xidmət dairəsində əri X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023-cü il tarixdə yoxlama zamanı Cavabdeh İB–nin əməkdaşları sayğaca baxış keçirmiş, sayğacdan kənar əlavə xətt aşkar olunmuş və həmin fakt əsasında akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 5598,96 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının: 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. iddiaçının iddia ərizəsi ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən istehlakçı mərhum X2 məxsus ünvanda quraşdırılmış sayğaca və qaz xəttinə qaz paylayıcısının nümayəndələri tərəfindən baxış keçirilən zaman ünvanda quraşdırılmış sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə olunması, eyni zamanda həmin xəttin istehlakçının evinin daxilində yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə etmiş, həmin halı həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında sayğaca müdaxilə etməsini və kənar xətdən istifadə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 5598,96 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh İB–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar