Məhkəmə qərarları › İş №2(076)-867/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-867/2024

28.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-867/2024 28.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tətbiq etdiyi 3110 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında qazdan istifadə edərək sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən evində istifadə etdiyi qazın sərfiyyatının ölçülməsi üçün istifadə etdiyi sayğac dəyişdirilərək yerinə başqa təzə deyil, istifadədə olmuş sayğac quraşdırılmış, bəhanələri isə olmuşdur ki, artıq onların sayğacın istifadə müddəti başa vurmuşdur. Onun yerinə quraşdırılmış sayğacın da təzə olmamasına iradını bildirdikdə, “cavabdehin əməkdaşları rəhbərliyin göstərişi belədir” deyə onu sakitləşdirmişlər. Səkkiz aydan sonra isə kartla işləyən sayğaca istifadə üçün ödədiyi pul vəsaitinin qısa müddətə qurtarmasından şübhələnərək cavabdehin əməkdaşlarından bunun səbəbini öyrənəndə onun barəsində cərimənin tətbiq edilməsini, yəni qaz sərfiyyatına görə borcunun olmasını, buna görə ödədiyi pul vəsaitinin əsas hissəsinin həmin borca silinməsini bildirdilər. O heç bir borcu olmamasını bildirdikdə, aktı almasını, əgər narazı olması məhkəməyə müraciət etmək hüquququ olmasını da əlavə etdilər. Ona təqdim edilən xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqda ******* saylı aktda qeyd olunmuşdur ki, “AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-1502 saylı akta əsasən (nömrəsi oxunmayan) sayğacın klapanı işlək vəziyyətdə deyil, sayğacın çıxış plasmas borusu deşilib, sayğac istismara yararsızdır” ifadələri qeyd edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan ümumiyyətlə onun xəbəri olmamışdır. Guya həmin aktda onun imza etməkdən imtina etmişdir, belə əsassız olaraq qeyd edilmişdir. Nəticədə həmin səbəbdən onun barəsində 3110 (üç min bir yüz on) manat məbləğində əsassız borc hesablanaraq yazılmışdır. Qeyd olunları nəzərə alaraq cavabdehin onun barəsində tətbiq etdiyi 3110 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahat verərək hesablanmış 3110 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkilin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü may ayına 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, AR DNŞ-nin Azəriqaz İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-1502 saylı akta əsasən 1302AZ**********95 nömrəli sayğacın klapanı işlək vəziyyətdə olmaması, sayğacın çıxış plasmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 2 ünvanında quraşdırılmış İTRON tipli, G-4 markalı, 1302AZ**********95 nömrəli qaz sayğacının istismar müddəti bitiyi üçün yeni Zenner tipli, G-4 markalı, **********982 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-1502 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi 1302AZ**********95 nömrəli olan sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək olmaması, sayğacın plasmas borusunun deşilməsi, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100 % nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “Əvəzetmə” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında çıxış borusunun deşik olmaq ehtimalı olması barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3110,40 manat pul tələb edilir. Tərəflər arasında mübahisə İtron G-4 markalı, 1302AZ**********32 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 3110,40 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 3110,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın çıxış plasmas borusunun deşilməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 3110 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar