Məhkəmə qərarları › İş №2(076)-882/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-882/2023

12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-882/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 264321 nömrəli akt əsasında qanunsuz hesablanmış 559,91 manat məbləğində borcun onun hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ailəsi ilə birlikdə Şəmkir rayonu Ağlavaşlı kəndində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın elektrik sayğacını yeni elektron sayğacla əvəz edib köhnə sayğacına müdaxilə şübhəsi olduğu üçün özləri tərəfindən 264321 akt tərtib edib 559,91 manat xəyalı dəyər hesablamışlar. Bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyir. Ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən də görünür ki, o ay ərzində nə qədər elektrik enerjisi sərf etmiş və nə qədər ödəniş etmişdir. Çobanlıqla məşğuldur, bəzən aylarla ailəsi ilə birlikdə evdə yaşamır. Eyni zamanda cavabdeh təşkilat akt tərtib edilərkən evdə yaşayanlardan heç kəsi dəvət etməmiş, aktı onların iştirakı və məlumatı olmadan tərtib etmişlər. Hazırda "xxxx" ASC-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər və əks halda elektrik enerjisinin verilməsini dayandıracaqlarını bildirirlər. Belə hesab edir ki, həmin ziyan qanunsuz və əsassızdır. Bu səbəbdən həmin akt əsasında yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilərək, cavabdeh X4 tərəfindən xx.xx.2022-ci il tarixdə 264321 nömrəli akt əsasında qanunsuz hesablanmış 559,91 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə, yəni oğlu ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı (Qasım İsmayılov) kəndində yaşayır. Həyat yoldaşı qızının yanında qalır və evdə çox zaman heç kəs olmur. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan 2022–ci ilin iyul ayında yaşadığı ünvanda adına quraşdırılmış sayğaca baxış keçirmiş, özbaşlarına sayğacı açaraq laboratoriya şəratində yoxlamağa aparmışlar. Qanunun tələbinə baxmayaraq, cavabdehin əməkdaşları sayğacın laboratoriyada yoxlanması zamanı onun iştirakını təmin etməmişlər. Bu hal isə onu deməyə əsas verir ki, "xxxx" ASC–nin əməkdaşları ona qarşı qərəzli mövqedə olmuşlar. Eləcə də, qeyd edir ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, həmçinin sayğaca hər hansı müdaxilə etməmişdir. Müdaxilə üçün səbəb yoxdur, belə ki, evdə demək olar ki, heç kim olmur və həmin evdə elektrik enerjisinin sərfiyyatının aşağı göstərilməsinə ehtiyac yoxdur. Belə olan halda sayğaca müdaxilə olunması və ona borc hesablanması tamamilə əsassız və qanunsuz olmuşdur. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan 559,91 manat borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verilişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022–ci il tarixli icra vərəqi əsasında hesablanmış 559,91 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Şəmkir rayonu, Qasım İsmayılov kəndi ərazisində nəzarətçi mühəndis vəzifəsində işləyən Fiaq Yusibov xidməti vəzifəsini yerinə yetirməmiş, ayrı ayrı abonentlərin elektrik enerjisindən istifadə göstərişini qəsdən azaltmaq məqsədi ilə qanunsuz şəbəkəyə qoşulmalarına, hesab mexanizmlərinə müdaxilə hallarına şərait yaratmışdır. İddiaçı da hazırda həmin kəndin sakinidir və cinayət işinin materiallarında qeyd olunan sakin İddiaçı də adı həmin abonentlər siyahısındadır. Həmin cinayət işi üzrə istintaq yekunlaşmamış və yekun məhkəmə hökmü çıxmamışdır. Qeyd olunan pozuntularla əlaqədar sayğaca baxış keçirilmiş, baxış keçirilən zaman sayğacın üst “A” möhüründə kənar müdaxilə izləri aşkar olunmuş, bu barədə xx.xx.2022–ci il tarixli 047178 nömrəli protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında iddiaçıya 559,91 manat cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 148403 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı adına qeyd edilmiş sayğac 264321 nömrəli Akta əsasən dəyişdirilmiş, çıxarılan sayğac rəy üçün laboratoriyaya aparılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 047178 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı adına qeyd edilmiş sayğacın üst “A” möhüründə kənar müdaxilə izləri, sayğacın üst qapaq möhürünün aralandığı aşkar olunmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli 264321 nömrəli AKT-dan göürünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı adına quraşdırılmış sayğacın yoxlanılması zamanı sayğacın göstəricisi 30769-29560=1209 kvts sərfiyyat sayğacın üzərində qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Qasım İsmayılov kənd sakini İddiaçı 559,91 manat borc hesablanmışdır. İşdə olan "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, abonent tərəfindən faktiki istifadə edilən (sayğacın üzərində qalan 1209 kvts) lakin dəyəri ödənilməmiş 1209 kvts enerjinin dəyəri 96 manat abonent tərəfindən tam ödənilmişdir. Sayğacın üst “A” möhüründə kənar müdaxilə izləri və sayğacın üst qapaq möhürünün aralanması aşkar olunduğundan Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən “EEİQ”-nin 8.17-1-ci bəndinin tələbinə görə on iki ay müddətinə dəyəri 559,91 manat təşkil edən hesabat dövründə verilmiş sərfiyyatın miqdarı nəzərə alınmaqla (2438 kvts) 4307 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qasım İsmayılov kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda 2022–ci ilin iyul ayında yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğac "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən sökülərək laboratoriya şəraitində yoxlanılmış, eləcə də, sayğacda müdaxilə izləri aşkar olunmuşdur. Eyni zamanda sayğac dəyişdirilən zaman istifadə edilən ödənilməmiş 1209 kvts enerjinin dəyəri 96 manat abonent İddiaçı tərəfindən ödənilmişdir. Müdaxilə izlərinə görə iddiaçının barəsində xx.xx.2022–ci il tarixli protokol tərtib edilmiş, eləcə də, xx.xx.2022–ci il tarixli icra vərəqi qəbul edilmişdir. Həmin icra vərəqi əsasında abonentə 559,91 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Qasım İsmayılov kəndində İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğaca dair 264321 saylı protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6– cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilməli, xx.xx.2022–ci il tarixli icra vərəqi əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən elekrtik enerjisindən istifadə qaydalarının pozulması halına görə hesablanmış 559,91 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 559,91 (beş yüz əlli doqquz manat doxsan bir qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar