Məhkəmə qərarları › İş №2(076)-89/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-89/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-89/2023 27.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı, Cavabdeh X6 iştirakları ilə, İddiaçı cavabdeh X11 qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü Sadiq adlı övladının atası Cavabdeh olmasının müəyyən edilməsinə və uşağının yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmaslna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ildə faktiki evlənməklə nikahlarını rəsmi qeyd etdirməmişlər. Birgə nikah dövründə 2015-ci il təvəllüdlü Sadiq adlı övladları olmuşdur. Sonradan onların bir yerdə yaşamaqları mümkün olmamış və onlar ayrı yaşamağa qərara vermişlər. O vaxtdan bu günədək ayrı yaşamışlar. Uşağının bəzi ehtiyyacları üçün vəsait lazım olduqda o ata kimi yardım etmir. Artıq onların əlaqələri tamam kəsilib, övladı ilə maraqlanmır və ona yardım etmir. Bundan başqa övladı onun soyadını daşıyır. Atalığın müəyyən olunması üçün cavabdeh Qeydiyyat Şöbəsinə getməkdən imtina edir. O, övladının atalığını müəyyən olunmasına dair şəhadətnamə almaq istəyir. Onun vəziyyəti çətindir, artıq övladının bəzi ehtiyaclarını ödəmək üçün vəsaitə çox ehtiyacı var. Özü heç bir yerdə işləmir, cavabdeh işləyir və yaxşı qazanc əldə edir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin soyadının “Həsənov” deyil “İsayev” kimi, ata adının “Maksim” deyil “Maqsud” kimi qəbul edilməsini xahiş etmiş və xx.xx.2015-ci il təvəllüdlü Sadiq adlı övladının atası X15 olmasının müəyyən edilməsinə və uşağının yetkinlik yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmaslna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 iddia tələbini qismən etiraf edərək izahatında bildirdi ki, iddiaçı ilə 2014-cü ildə faktiki evlənmişlər. Birgə yaşadıqları dövrdə 2015-ci il təvəllüdlü Sadiq adlı övladları olmuşdur. Sadiq adlı uşaq onun övladıdır. Lakin, hər ay 200 manat aliment ödəməyə imkanı yoxdur. Belə ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 797/2020 saylı 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə başqa nikahdan da 2 azyaşlı uşağı onun himayəsinə verilmiş və həmin uşaqlarının anası valideynlik hüququndan məhrum edilmişdir. Həmin uşaqların ehtiyaclarını qarşılamağa da çətinlik çəkir. Buna görə də iddianın aliment hissəsində təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayonu, Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə doğulmuş, atası kimi atalıq müəyyən edilmədiyi X7, anası kimi İddiaçı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş cavabdeh X8 ərizəsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Sadiq adlı uşaq onun övladıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-797/2020 saylı 04 fevral 2021-ci il tarixli qətnamənin surətindən görünür ki, X16 ilə X9 arasında 24 yanvar 2020-ci il tarixdə Gəncə “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 188 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X2 Dilbər Qorxmaz qızından alınaraq X8 himayəsinı verilmiş və X9 valideynlik hüququndan məhrum edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh X15 ilə 2014cü ildə rəsmi nikaha daxil olmadan faktiki olaraq evlənmişlər. Birgə qeyri-rəsmi yaşadıqları dövrdə xx.xx.2015-ci il tarixdə Sadiq adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə tərəflər ayrılmışlar və ayrılarkən azyaşlı uşaq iddiaçının himayəsində qalmışdır. X15 məhkəmə tibbi bioloji ekspertizasının keçirilməsi üçün ekspertizaya getməkdən yayınmışdır. Həmçinin məhkəmə iclasında onun İddiaçı xx.xx.2015-ci il tarixdə doğulmuş Sadiq adlı uşağın atası olmasını qəbul və etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda, məhkəmə tələbin atalığın müəyyən edilməsi hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh X15 iddiaçıdan doğulmuş 21 may 2015-ci il təvəllüdlü Sadiq adlı uşağın atasıdır. Ona görə də iddia tələbi bu hissədə əsaslıdır. Eyni zamanda məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən cavabdehin mənafeyinə uyğun deyildir. Belə ki, cavabdehin himayəsində başqa nikahdan 2 azyaşlı övladları vardır. Buna görə də məhkəmə hesab edir ki, alimentin məbləğinin hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin alınması yetkinlik yaşına çatmamış uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarxili Qərarının 12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən prosessual hüquq normasına əsasən məhkəmə hesab edir ki, X5 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh X6 İddiaçı 21 may 2015-ci il tarixdə doğulmuş X4 atası olması müəyyən edilsin. 21 may 2015-ci il tarixdə doğulmuş X1 üçün X5 02 noyabr 2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. X5 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin aliment tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar