Məhkəmə qərarları › İş №2(076)-909/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-909/2024

14.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-909/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “22 iyun 2016-cı il tarilxi, 4Ə-1916 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı “22 iyun 2016-cı il tarixli, 4Ə-1916 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı1 arasında Gəncə Asan Xidmət Mərkəzində Notariat kontorunda 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-1916 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, 100+1 manat dövlət rüsumunun, 600 manat vəkil xidmət haqqının cavabdehdən alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onların iddiaçıların həmkəndlisidir. O, İddiaçı2 Cavabdeh ilə xala oğludurlar. 2015-ci ildə Vüsal ona birlikdə istilikxana qurmağı təklif etmişdir. Torpaq onlardan, həmin torpaqda istilikxananı qurmaq isə ondan olması barədə razılaşmışlar. Onun təklif etdiyi torpaq sahəsinin yaxınlığında torpaq sahəsi olmuş və o həmin torpaq sahəsində artıq iş qurmuşdur. Həmin işdən yaxşı gəlir də əldə etmişdir. Bu səbəbdən o cavabdehin təklifini qəbul etmişdir. Onların 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində istilikxana qurmuşlar. Həmin ərəfədə İddiaçı1 da ona məxsus olan və onun istilikxanasının qonşuluğunda yerləşən 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmışdır. O həmin torpaq sahəsini də alıb, təsərrüfatını daha da genişləndirmək qərarına gəlmişdir. Həmin torpaq sahəsini digər İddiaçı1 ilə razılaşıb, 4900 manata almışdır. Lakin, həmin torpaq sahəsi öz adına deyil, cavabdehin adına rəsmi qeydə alınmışdır. Alqı-satqı müqaviləsini bağladıqda onlar öz aralarında belə qərara gəlmişlər ki, o istədiyi vaxt həmin torpaq sahəsini öz adına rəsmi qeydə aldıracaq. 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində alqı-satqı predmeti olan torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. Torpaq sahəsində öz vəsaiti hesabına istilikxana qurmuşdur. Həmin istilikxanadan bu gün də öz təyinatı üzrə istifadə edir. O həmin torpaq sahəsini öz adına rəsmi qeyd aldırmaq istəmiş, lakin cavabdeh buna etiraz etmişdir. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı1 iddia tələbi ilə bağlı bildirir ki, doğrudan da mübahisə predmeti olan torpaq sahəsini İddiaçı2 satmışdır. Həmin torpaq sahəsinə görə ona pulu İddiaçı2 ödəmişdir. Eyni zamanda onların yaxın qohum olduqları ona məlum olmuşdur. Onların arasında olan razılaşmaya görə Pərvin istədiyi vaxt onun torpaq sahəsini öz adına qeydə aldıracaqdır. Buna cavabdeh heç bir etiraz etməmişdir. O hesab edir ki, cavabdehlə onun arasında 22 iyul 2016-cı ildə Gəncə Asan Xidmət Mərkəzində bağlanmış alqı-satqı müqaviləsi əsl həqiqəti əks etdirmir. Həmin alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsini ondan İddiaçı2 almışdır. Həmin müqavilədə nəzərdə tutulmuş məbləği ona İddiaçı2 ödəmişdir. Onun cavabdehlə heç bir razılaşması olmamış və o, ona ödəniş etməmişdir. Hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdehə satmaq niyyəti olmamışıdır. Məhkəmə iclasında İddiaçı1 və X2 nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçılarla həmkəndlidirlər. Oğlu Cavabdeh 22 iyul 2016-cı ildə həmkəndliləri İddiaçı1 0.2206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsinə dair onlar arasında 22 iyul 2016-cı il tarixli, 4Ə-1916 reyetsr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Oğlu Cavabdeh həmin torpaq sahəsinə görə İddiaçı1 4900 manat pul ödəmişdir. İddiaçı2 həmin torpaq sahəsinin alqı-satqısına görə pul ödəməmişdir. İddiaçılar hazırda qərəzli olaraq cavabdehə qarşı hazırki iddianı qaldırmışlar. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 Cavabdeh **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən onun tam mülkiyyətində olan 0.2206 ha torpaq sahəsini 4900 manata satmışdır. İş materiallarında olan **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestri nömrəli Çıxarışdan görünür ki, Şəmkir rayon, Məşədi Hüseynli kəndi ərazisində yerləşən 0.2206 ha olan kənd təsərrüfatı təyinatlı torpağın hüquqi sahibi İddiaçı1dur.(Qeydiyyat tarixi xx.xx.2016-ci il ) İş materialında olan xx.xx.2024-cü il tarixli 200 nömrəli Şəmkir rayon Məhkəməsinin məktubuna cavab olan “2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinin notariat tərəfindin verilmiş məktubundan görünür ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə 2 saylı Gəncə regional “Asan Xidmət” mərkəzinin notariat ofisində 22 iyun 2016-ci il tarixli 4Ə-1916 nömrəli alqı-satqı müqaviləsi təsdiq edilməmişdir. Beləliklə, araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestri nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Şəmkir rayonu Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha torpaq sahəsini Gəncə “Asan xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-1916 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Hazırda iddiaçılar qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirmişlər ki, İddiaçı1 **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestri nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan Şəmkir rayonu Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha torpaq sahəsini Cavabdeh deyil İddiaçı2 satmış və torpaq sahəsinə görə 4900 manat pul İddiaçı2 tərəfindən İddiaçı1 ödənilmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçıların qeyd etdiklərinin doğru olmadığını, həmin əmlakın dəyərinin tam şəkildə Cavabdeh tərəfindən İddiaçı1 ödənildiyini bildirmişdir. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün ilk öncə alqı-satqı müqaviləsinin bağlanılmasına hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət orqanında rəsmi qaydada təsdiqlənmiş və qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Hazırda iddiaçılar iddia ərizəsində və iddiaçıların nümayəndəsi izahatında İddiaçı1 mübahisəli torpaq sahəsini Cavabdeh satmaq niyyətinin olmamasını, Cavabdehla İddiaçı1 arasında bağlanmış alqı-satqı müqaviləsinin həqiqəti əks etdirmədiyini göstərərək, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişlər. Məhkəmə tərəflərin izahatını və mülki işin materiallarını tədqiq edərək, qeyd edir ki, iddiaçılar **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestri nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olan Şəmkir rayonu Məşədi Hüseynli kəndində yerləşən 0.2206 ha torpaq sahəsini Cavabdeh deyil İddiaçı2 Mirzəli oğluna satıldığını, ona görə də İddiaçı1lə Cavabdeh arasında bağlanmış 22 iyul 2016-cı il tarixli, 4Ə-1916 reyestr nömrəli alqı-satqı müqaviləsinin həqiqəti əks etdirmədiyini qeyd etmiş olsalar da, qeyd olunan hallar məhkəmə araşdırmasında cavabdehin nümayəndəsi tərəfindən təkzib edilmiş, iddiaçılar isə istinad etdikləri halı təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Belə ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində alqı-satqı müqaviləsinin subyekt tərkibini mübahisələndirmiş olsalar belə, həmin alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə İddiaçı1 ilə Cavabdeh arasında bağlanarkən müqavilənin subyekt tərkibi hər iki tərəfə məlum olmuş və müqavilə tərəfləri torpaq sahəsinin alqı-satqısı ilə bağlı öz iradələrini ifadə edərək, alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxslər Daşkəsən rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar