Məhkəmə qərarları › İş №2(077)-261/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-261/2023

10.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-261/2023 10.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 2379,31 manat borcun və ödənilmiş 44,20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00400 olan X2 elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2379,31 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə borcunu bu günə qədər ödəməyərək iddiaçıya zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay X2 ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi, cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ailəsi 6 nəfərdən ibarət olmaqla məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışdır. Qaçqınların və məcburi köçkünlərin xx.xx.2016-cı il tarixinədək elektrik enerjisindən istifadəyə görə yaranmış borcları dövlət tərəfindən silinmişdir. Buna baxmayaraq, 2017-ci ildə Kürdəmir İşıq idarəsi tərəfindən ona 2647 manat məbləğində borc yazılmışdır. Halbuki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, həmin ildən sonrakı illərdə orta hesabla 467-474 manat məbləğində elektrik enerjisindən istifadə etmişdir. Bu da onu göstərir ki, tələb olunan borc ona əsassız olaraq yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında abonent kodu **********00400 olan abunə haqqında çıxarışdan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə "xxxx" ASC-yə cəmi 2379,31 manat borcu yaranmışdır. Məhkəmənin borcun yaranma səbəbləri ilə bağlı sorğusuna "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, “xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək (557 gün) bu gün bizə məlum olmayan səbəblərdən abonentin sayğac üzrə sərfiyyatı oxunmamışdır. Sayğac oxunan zaman yuxarıda qeyd edilən müddət ərzində sərfiyyatın 40881 kVt olduğu müəyyən edilmiş və həmin kVt-a uyğun olaraq 2861.65 manat hesablanmışdır. Bu fakt məhkəməyə təqdim edilmiş saldonun 1-ci səhifəsində öz təsdiqini tapmışdır. Təqdim edilmiş Saldonun 2-ci səhifəsində göstərilmiş, xx.xx.2016-cı il tarixinde 4139.20 manatın silinməsinə dair onu bildirmək istərdik ki, silinən həmin məbləğ "inteqrasiya dövrü"nə (2015-ci il) qədər hesablanmış borc məbləğidir. Silinən məbləğin xx.xx.2016-ci tarixində olmasına baxmayaraq, həmin silinmənin xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinə qədər istifadə edilmiş elektrik enerjisi üzrə hesablanmış, ödənilməli olan borc məbləğinə heç bir aidiyyəti yoxdur. Təqdim edilmiş saldoya əsasən **********00400 saylı abonent kodu üzrə 4826.92 manat dəyərində elektrik enerjisindan istifadə edilmişdir. Həmin məbləğin 1335.61 manatı "xxxx" ASC tərəfindən silinmiş, 1112.00 manatı isə abonent tərəfindən ödənilmişdir. Nəticədə abonentin "xxxx" ASC qarşısında 2379.31 manat məbləğində ödəməli olduğu debitor borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim olunmuş **********00400 saylı abonentin hərəkət cədvəlindən görünür ki, 2015-ci ildə Cavabdeh iddiaçı "xxxx" ASC-yə elektrik enerjisindən istifadəyə görə borcu 4832,20 manat təşkil etmişdir. 2016-cı ildə həmin borc sıfırlanmışdır. 2017-ci il üçün enerji sərfiyyatı 2647,24 manat təşkil etmiş, iddiaçı tərəfindən 2018-ci ildə həmin borcdan 781,85 manat silinmiş və qalıq borc 1865,39 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 2019cu ildə 547,91 manatlıq elektrik enerjisi istehlak edilmiş, 285 manat ödəniş edilmişdir. 2020-ci ildə 467,46 manatlıq elektrik enerjisi istehlak edilmiş, 391 manat ödəniş edilmişdir. 2021-ci ildə 474,49 manatlıq elektrik enerjisi istehlak edilmiş, 369 manat ödəniş edilmişdir. 2022-ci ildə 136,06 manatlıq elektrik enerjisi istehlak edilmiş, 67 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Qaydaların 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qaydaların 9.13.2-ci bəndinə görə isə, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Beləliklə, işin müəyyən edilmiş mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında elektrik enerjisindən istifadə üzrə müqavilə bağlanmış və onlar üzərilərinə müqavilə şərtlərinə uyğun müvafiq öhdəliklər götürmüşlər. Hazırda iddiaçı "xxxx" ASC iddia edir ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək (557 gün) məlum olmayan səbəblərdən abonentin sayğac üzrə sərfiyyatı oxunmamış, sayğac oxunan zaman qeyd edilən müddət ərzində sərfiyyatın 40881 kVt olduğu müəyyən edilmiş və həmin kVt-a uyğun olaraq 2861.65 manat hesablanmışdır. Daha sonra istehlakçı-Cavabdeh istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəməmiş və nəticə də, onun iddiaçı qarşısında 2379.31 manat məbləğində ödəməli olduğu debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə analogiya kimi Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə İddiaçı "xxxx" ASC-yə istehlakçılar tərəfindən öhdəliklər qanunvericiliklə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların ödənilməsini təmin etmək üsulu kimi bir sıra hüquqlar verilməsinə baxmayaraq, (məsələn, istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmaq, məhkəmədə iddia qaldırmaq və s.) iddiaçı həmin hüquqlarından vaxtında istifadə etməmişdir. Həmçinin, iddiaçı silinmədən əvvəlki dövrə aid olduğunu iddia etdiyi 2861.65 manat borcun yaranma səbəbləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, təqdim olunmuş sənədlərlə də, müəyyən olunur ki, cavabdeh tərəfindən illik sərf olunan enerjinin dəyəri 547 manat təşkil etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək (557 gün) 2861.65 manatlıq enerji istehlak edilməsi ilə bağlı mülahizələri də əsaslandırılmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına və onların şərhinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun öz Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, araşdırılmış sübuttlarla Cavabdeh elektrik enerjisindən istifadəyə görə borcunun 1865,39 manatının 2018-ci ilə aid olması, həmin borc üzrə iddiaçının tələbetmə hüququnun keçməsi, hazırda cavabdehin iddiaçıya 513,92 manat borcunun qalması müəyyən edildiyindən, iddia tələbi qismən təmin olunmalı, 513,92 manat Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. (2018-2022-ci illər üzrə cəmi borc 2379,31 AZN-1865,39AZN=513,92 AZN) Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 22 faiz həcmində təmin edildiyinə görə, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 44,20 manat məbləğində dövlət rüsümunun 9,72 manat hissəsi cavabdehdən tututlub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 513,92 (beş yüz on üç manat 92 qəpik) manat borc və dövlət rüsumunun 9,72 (doqquz manat 72 qəpik) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar