Məhkəmə qərarları › İş №2(077)-276/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-276/2023

31.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-276/2023 31.10.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X21 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçı Əİddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Əİddiaçı Cavabdeh, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əİddiaçı Cavabdeh, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X15 həyat yoldaşı ilə birlikdə sosial yardım almaq üçün müvafiq qurumlara müraciət etdikləri zaman onlara məlum olmuşdur ki, ona məxsus 0,08 ha torpaq sahəsində özü (Vüsal Əliyev) tərəfindən inşa edilmiş məhz 85,7 kv metr olan evin yerləşdiyi torpaq sahəsini 1/2 hissəsi Cavabdeh adına keçmişdir. Araşdırma apardıqdan sonra məlum olmuşdur ki, Cavabdeh onun qocalığından, qulaqlarının eşitməməsindən (karlığından), savadsızlığından, latın qrafikası ilə yazıb-oxuya bilməməsindən və etibarından sui istifadə edərək və aldadaraq Tovuz rayon “ASAN xidmət” mərkəzi notariat ofisində onun adına olan 0,08 ha torpaq sahəsinin 1/2 hissəsini xx.xx.2019-cu il tarixdə AN-1№ 07899357 saylı saxta alqı-satqı müqaviləsi ilə guya 5000 manat qarşılığında almışdır. Bu hal məlum olduqdan sonra iddiaçılar X9, X15 və X14 cavabdehlər Cavabdeh, Əİddiaçı və Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinin xüsusi notariusu X23 və Cavabdeh barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Özü isə xx.xx.2021-ci il tarixdə Tovuz rayon PŞ-nə ərizə ilə müraciət edərək bacısı qızı Cavabdeh onun yaşlı olmasından istifadə edib aldadaraq özünə məxsus 0,04 ha torpaq sahəsini öz adına keçirməsini, mərhum valideynlərindən qalmış pay torpağını satmasını bildirmiş, izahat verərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd alır. Barəsində şikayət etdiyi Cavabdeh doğma bacısı qızıdır. Sevincə uşaq vaxtından özü və həyat yoldaşı İntizar baxıb böyütmüşlər. ünvan 2 ünvanında 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. Torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Əliyev Vüsal 2017-ci ildə ev inşa edib ailəsi ilə birlikdə orada yaşayır. 2017-ci ilin dekabr ayının 11-də bacısı qızı Sevinc onu Tovuz rayon Notariat kontoruna aparmışdır ki, özünə məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Vüsalın adına keçirsin. O da Sevincə inanmış və sonuncunun sözü ilə müxtəlif sənədlərə imza etmişdir. Ondan etibarnamə aldıqdan sonra Sevinc adına olan torpaq sahəsinin 0,04 ha hissəsini alqı-satqı ilə öz adına keçirmişdir. Bundan əlavə Sevinc onun mərhum valideynlərindən qalan 0,2512 ha torpaq sahəsini öz adına keçirib X2. Bütün bu olanlar barədə cari ilin fevral ayında xəbər tutmuşdur. Belə ki, gəlini Şəbnəm Əliyeva sosial yardım almaq üçün müraciət edən vaxt, ona yaşadığı evin torpaq sahəsinin Sevincin adına olmasını bildirmişlər. Bundan əlavə Sevinc onun qocalığından istifadə edib adına olan 0,04 ha torpaq sahəsini guya kiçik oğlu Ruslanın adına vəsiyyət etmək adı ilə onu Şəmkir notariat kontoruna aparmış və torpaq sahəsini Rusiyada yaşayan digər oğlu Ramin Əliyevin adına vəsiyyətnamə tərtib edilmişdir. O, bunu bildikdən sonra həmin vəsiyyətnaməni ləğv etdirmişdir. Göründüyü kimi, Cavabdeh etibarından, savadsızlığından, yaşlılığından və digər fiziki qüsurlarından sui-istifadə edərək onunla alqısatqı müqaviləsi bağlamağa nail olmuşdur ki, Mülki Məcəllənin bir sıra normaları həmin əqdin etibarsızlığına əsas verir. Tovuz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 802/2021 saylı qətnaməsi ilə iddiaçılar X9, X15 və X10 cavabdehlər Cavabdeh, Əİddiaçı və Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə- 1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddia tələbinin xüsusi qərardad çıxarılmasına dair hissəsində təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-346/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-802/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Vilayət Əliyevə alqı-satqı müqaviləsi üzrə pul verməmiş, onu sadəcə formal olaraq qeyd etdirmişdir. Bu da onu göstərir ki, cavabdeh onun yaşının çox olmasından, sağlamlıq vəziyyətinin yaxşı olmamasından, eşitmə və görmə orqanlarının zəifliyindən və ən əsası isə etibarından sui-istifadə edərək onun əmlakını dələduzluq yolu ilə özgəninkiləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsində belə bir izahat vermədiyini bildirsə də (halbuki məhkəmə iclas protokoluna bununla bağlı qeyd verməmişdir), guya həmin torpaq sahəsini almaq üçün 5000 manat pulu ona Rusiya Federasiyasında yaşayan digər oğlu Raminin yanında verdiyini bildirsə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən olnumuşdur ki, X3 evin alqı-satqısı zamanı Azərbaycan Respublikasında olmamışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq və ən əsası prosessual qaydalara zidd olaraq öz qətnaməsində göstərir ki, guya Vilayət Əliyev özünə məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini 5000 manata Cavabdeh satmışdır. Digər tərəfdən alqı-satqı müqaviləsi bağlanılarkən həmin əqdin mənası və əhəmiyyəti tərəflərə izah edilməmiş, bu əqdin qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlanılmamış, həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınmamış, həmin əmlak üzərində üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğu araşdırılmamışdır. Özünün karlığı və latın qrafikasını bilməməsi barədə arayışlar iş materiallarına əlavə olunur. Beləliklə, işin müəyyən edilmiş halları açıqdan-açığa göstərir ki, sözügedən əqd bağlanılarkən mövcud qanunvericiliyin (mülki və xüsusilə notariat haqqında qanunvericilik) tələbləri alt-üst edilmişdir. Göstərilənlərdən savayı notariat işinə görə torpaq sahəsi 5.000 manat məbləğində satılmışdır. Halbuki, həmin ərazidə torpaq sahəsinin və əmlakın dəyəri qat-qat bahadır ki, sözügedən əqdin etibarsızlığından xəbər verir. Belə ki, 5.000 manat göstərilməsi bu əqdə görə pulun bank vasitəsi ilə deyil, guya nağd şəkildə də həyata keçirilməsinə imkan verir. Hazırki əqdlə bağlı ümumiyyətlə pul ödənilmədiyi üçün bu əməliyyatın qanunsuzluğunu göstərir. Əmlakın satılması barədə hər hansı bir elan vermədiyi və ya daşınmaz əmlak bürolarına əmlakın satılması ilə bağlı tapşırıq vermədiyi halda əmlakı niyə satmalıydı?! Göründüyü kimi onun xüsusi mülkiyyəti olan əmlak etibardan sui-istifadə yolu ilə razılığı və məlumatı olmadan satılmışdır ki, qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur. Hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi əmlak satmaq haqda hər hansı şəxsə tapşırıq verməmişdir, onun belə bir iradəsi olmamışdır. Məhkəmə gedişində Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi tamamilə qanuna uyğun deyildir. İddiada qeyd edilir ki, o, birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, alqı-satqı müqaviləsi formal olmuş, həmin müqavilədə göstərilən 5000 manat məbləğində pul torpaq sahəsinin alınması məqsədi ilə tərəfiindən Vilayət Əliyevə ödənilməmişdir. Bundan sonra isə mötərizədə qeyd edilmişdir ki, “halbuki, məhkəmə iclas protokoluna bununla bağlı qeyd verilməmişdir.” Birinci instansiya məhkəməsində belə bir fikir bildirmədiyinə görə məhkəmə iclas protokoluna bu yanlışlığa görə qeyd vermişdir. Görünür, vəkil işlə tanış deyildir. Məhkəmə iclasında bildirmişdir ki, iddiaçılarla birlikdə yaşadığı yaşayış sahəsi kiçik olduğundan hazırda mübahisəli olan torpaq sahəsində 3750 manat xərcləyib yarım tikili ev tikdirmiş, torpaq sahəsini isə dayısı Vilayət Əlıyevə 5000 manat pul ödəməklə almışdır. Müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat ofisində bağlanılmış və etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmələrin icraatında iş olmuş, müqavilənin qanuniliyi yoxlanılmış, qanunvericiliyin tələbinə uyğun bağlanıldığı və həmin əqdin bağlanmasının digər şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçı X12 hüquq və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmadığı müəyyən edilmişdir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadında qeyd edilir ki, “hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Həmin qərardada əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır.” Eyni zamanda, iddiaçı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir, halbuki, həmin vaxtdan 4 il ötmüşdür və hazırkı iddianı iddia müddətinin buraxılması ilə qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1–ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə iddia müddətini buraxmışdır. Qeyd olunan Məcəllənin 375-ci maddəsinə əsasən iddia müddəti məhkəmə tərəfindən mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadık verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Göstərilənlərə əsasən, iddia müddəti keçdiyi üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Əİddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ərizə verərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iddiaçı Əİddiaçı onun əri, cavabdeh X11 isə onun baldızının qızıdır. O, mübahisə predmeti olan və əri Əİddiaçı valideynlərinə məxsus olmuş, daha sonra isə vərəsəlik hüququ əsasında Vilayət Əliyevin mülkiyyətinə keçmiş ünvan 3 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 85,7 kv.metr olan evə gəlin köçmüş və artıq 48 ildir ki, həmin əmlakda yaşayır, Son dövrlərdə Cavabdeh da onlarla birlikdə yaşamışdır. Onlar həmin torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Vüsal Əliyev üçün ayırmışlar və orada sonuncu onların da köməkliyi ilə ev inşa etdirmişdir. Sosial yardım almaq məqsədi ilə müraciət etdikdə onlara məlum olmuşdur ki, cavabdeh X11 onun əri Əİddiaçı yaşlı, savadsız və eyni zamanda qulaqlarının ağır eşitməsindən istifadə edərək, sonuncuya məxsus 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsini guya 5000 manat müqabilində satılmasına dair alqı-satqı müqaviləsi bağlamışdır. Nə ailə üzvlərinin, nə də, ərinin bu barədə məlumatı olmamışdır. Cavabdeh, ərini aldadaraq torpaq sahəsini onun oğlu Vüsal Əliyevin adına sənədləşdirəcəyini bildirmiş və bu yolla müqaviləyə imza etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, iddiaçı atasıdır. Atası özünə məxsus torpaq sahəsinin 4 sotunu ev tikmək üçün ona vermiş, o da, həmin sahədə kürsülü ev tikdirmişdir. Evdə özü, yoldaşı və uşaqları yaşayır. Lakin, anası yoldaşı ilə sosial yardım almaq üçün ASAN xidmətə müraciət edən vaxt, onlara yaşadıqları evin torpaq sahəsinin alqı-satqı yolu ilə Sevincin adına keçirildiyini bildirmişlər. Atasının bu barədə məlumatı olmamışdır. Cavabdeh yalandan deyir ki, torpağa görə Raminin yanında 5000 manat pul verib. Həmin vaxtı Ramin ümumiyyətlə Azərbaycanda olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahidlər X9 və X15 ilə eyni məzmunda ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 4Ə-1181 reyestr nömrəli notariat işində olan daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Əİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli kitabın 82 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Əliyev X8 rayonu Notariat ofisinin xüsusi notariusu P.M.Rzayevə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında torpağı satmaq istədiyini göstərmiş, bununla əlaqədar olaraq, həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmasını xahiş etmişdir. Satıcı Əİddiaçı ilə alıcı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsini (0,04 ha) 5000 manata alıcıya satmışdır. Müqavilənin 18-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlrını bildirmişdirlər. Müqavilənin sonunda qeyd olunmuşdur ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah olunmuş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə Əİddiaçı və Cavabdeh tərəfindən imzalanmlş və Tovuz rayonu Notariat ofisinin xüsusi notariusu P.M.Rzayev tərəfindən təsdiq edilərək reyestrdə 4Ə-1181 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 802/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4, X12 və X10 cavabdehlər Cavabdeh, Əİddiaçı və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, Əİddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 4 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin X1 dair xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, iddia tələbi xüsusi qərardad çıxarılmasına dair hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh müqavilədə göstərilən 5000 manat pulu torpaq sahəsinin alınması üçün Vilayət Əliyevə ödənilmədiyini, lakin müqavilənin qanunvericiliyin tələblərinə uyğun şəkildə notariat ofisində bağlandığını və ləğv edilməsinə əsas olmadığını bildirmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə formal bağlanmış, alqı-satqının qanunvericilikdə göstərilən öhdəlikləri tam yerinə yetirilməmiş, müqavilədə göstərilən əmlakın alınması ilə bağlı 5000 manat məbləğində pul alıcı tərəfindən satıcıya ödənilməmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(104)-346/2022 saylı qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-802/2021 saylı qətnaməsindən qətnamə ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, qətnamə tam ləğv edilmiş, iddiaçılar X4, X12 və X10 cavabdehlər Cavabdeh, Əİddiaçı və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına əsasən, Əİddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmış və həmin əqdin bağlanması digər şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçıların hüquq və qanunla qorunan rnənafeyinin pozulmasına səbəb olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı sorğu əsasında alınmış notariat işindən də müəyyən olunur ki, X28 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Vilayət Əliyev özünün sərbəst iradə ifadəsini əks etdirərək digər şəxslərin hüquq və qanunla qorunan mənafeyini pozmadan tam mülkiyyətində olan 0,08 ha.torpaq sahəsinin 1/2 hissəsi üzərində sərəncam hüququnu həyata keçirmişdir... Kollegiya hesab etmişdir ki, iddiaçıların qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadığından, eləcədə 25 sentyabr 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə tərəf olmadıqlarından hazırkı iddianı qaldırmaqda sonuncular sübyektiv hüquqa malik deyil. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 346/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilməmişdir. İş materiallarında olan Tovuz rayon PŞ TB-nin baş təhqiqatçısı polis mayoru Qənbərov Ramil israfil oğlunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Tovuz rayonu Qovlar şəhəri X.Məmmədov küçəsi ev 22-də yaşayan Əİddiaçı xx.xx.2021-ci il tarixdə Tovuz rayon PŞ-nə ərizə ilə müraciət edərək bacısı qızı Cavabdeh onun yaşlı olmasından istifadə edib aldadaraq özünə məxsus 0,04 ha torpaq sahəsini öz adına keçirməsini, mərhum valideyinlərindən qalmış pay torpağını satmasını bildirmişdir. Araşdırma əsasında toplanmış materialda AR CM-nin 178-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş və Əİddiaçı tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Tovuz rayon Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 981 saylı arayışın surətindən görünür ki, Əİddiaçı həqiqətən xx.xx.1951-ci ildə Qovlar qəsəbəsində anadan olmuşdur, orta məktəbdə oxuduğu dövrdə latın qrafikası olmadığı üçün kiril əlifbası ilə dərs keçib və oxumuşdur. İş materiallarında olan “Tovuz rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsinin həkim-otolorinqoloqu G.Əsədova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 119 saylı arayışın surətindən görünür ki, Əİddiaçı xx.xx.2022-ci il tarixdə Tovuz MRX PHŞ poliklinika şöbəsində həkim-otolorinqoloqun müayinəsində olub və ona aşağıdakı diaqnoz müəyyən olunub. Diaqnoz:Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi.Neyrosensor ağıreşitmə? Əsas-amb.karta: 918 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Tovuz rayon Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 33/3595 saylı məktubundan görünür ki, X16 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədindən çıxmışdır və həmin tarixdən sonra onun Respublikanın ərazisinə girişi qeydə alınmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərlə (şəxsiyyət vəsiqəsi, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış) müəyyən olunur ki, Əİddiaçı və onun ğulları X16,X6 rayonu Qovlar qəsəbəsi, X.Məmmədov küçəsi, ev 22 ünvanında, arvadı X9 isə ünvan 7 ünvanında qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarına əsasən, satıcı Əİddiaçı ilə alıcı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsini (0,04 ha) 5000 manata alıcıya satmışdır. Hazırda iddiaçı Əİddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan müqavilənin etibarsız hesab olunmasını xahiş etmiş, tələbini Cavabdeh onun qocalığından, qulaqlarının eşitməməsindən (karlığından), savadsızlığından, latın qrafikası ilə yazıb-oxuya bilməməsindən və etibarından sui istifadə etməsi və aldatması nəticəsində müqaviləni imzalaması, alqı-satqı müqaviləsi bağlanılarkən həmin əqdin mənasının və əhəmiyyətinin tərəflərə izah edilməməməsi, bu əqdin qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun yoxlanılmaması, həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması, həmin əmlak üzərində üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğunun araşdırılmamaması ilə əsaslandırmışdır. Eyni zamanda, Cavabdeh iddia ərizəsinə etiraz edərək, həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair məhkəmələrin icraatında iş olduğunu, müqavilənin qanuniliyinin yoxlanıldığını, qanunvericiliyin tələbinə uyğun bağlanıldığını və həmin əqdin bağlanmasının digər şəxslərin, eləcə də hazırkı iş üzrə iddiaçı X12 hüquq və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmadığının müəyyən edilni göstərmiş, bu əsasla iş üzrə icraata xitam verilməsini, həmçinin iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü göstərərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdehin iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisənin predmeti olan, satıcı Əİddiaçı ilə alıcı Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-802/2021 saylı qətnaməsi Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-346/2022 saylı qətnaməsi ilə məhz iddiaçıların qeyd olunan torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadığından, eləcədə xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəf olmadıqlarından iddia qaldırmaqda sübyektiv hüquqa malik olmamaları səbəbindən ləğv etmiş və iddianın təmin olunmamasını qət etmişdir. Buna görə də, cavabdehin həmin müqavilənin qanuniliyinin yoxlanılması ilə bağlı gətirdiyi dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.6-cı maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər... O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki,” Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Əİddiaçı Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı barədə ən azından Tovuz Rayon Məhkəməsində iddiaçılar X4, X12 və X10 ona və digər cavabdehlər Cavabdeh, Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə baxılması zamanı, yəni 2021-ci ilin əvvəllərində məlumatı olmuş, lakin, iddiaçı isə hazırki iddia ərizəsi ilə Şuşa rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki, qanunvericiliklə əqdin etibarsızlığını mübahisələndirmək üçün 1 illik kəsici müddət müəyyən edilmişdir, bu müddət isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə, iddiaçının sübut olaraq təqdim etdiyi, onun latın qrafikasında yazıb-oxuya bilməməsi, eşitmə qüsurunun olması, alqı-satqı müqaviləsi bağlanılarkən həmin əqdin mənasının və əhəmiyyətinin tərəflərə izah edilməməsi, bu əqdin qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunun yoxlanılmaması, həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması, həmin əmlak üzərində üçüncü şəxslərin əmlak hüquqlarının mövcudluğunun araşdırılmaması barədə mülahizələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr iş materialları ilə tamamilə təkzib olunmaqla özünümüdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə araşdırmaları zamanı sorğu əsasında alınmış notariat işindən də müəyyən olunur ki, X28 rayon notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan torpaq sahəsini satmaq istədiyini və həmin əmlakın üzərində qadağanın olub-olmaması və ya üzərinə həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, Vilayət Əliyev özünün sərbəst iradə ifadəsini əks etdirərək digər şəxslərin hüquq və qanunla qorunan mənafeyini pozmadan tam mülkiyyətində olan 0,08 ha.torpaq sahəsinin 1/2 hissəsi üzərində sərəncam hüququnu həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandığı zaman isə, müqavilədə qeyd edildiyi kimi (bənd 18), müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Hazırki iş üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti torpaq sahəsi olduğundan məhkəmə hesab edir ki, iddiaçının “həmin ünvanda daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması” barədə mülahizələri əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı Əİddiaçı tərəfindən Cavabdeh, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair" iddia, xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq bağlandığından, müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası MM-nin 14-cü fəslində nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin iddia verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən kəsici müddət tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və. Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Əİddiaçı Cavabdeh, 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı Tovuz regional “ASAN xidmət” mərkəzi notariat ofisində ünvan 1 ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin 0,04 ha hissəsinin Cavabdeh satılmasına dair bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-1181 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar