Məhkəmə qərarları › İş №2(077)-9/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-9/2024

12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-9/2024 12.01.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı (2019-cu il buraxılışlı, ağ rəngli) avtomobilin geri qaytarılması, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsinə əsasən 1213,54 manat əsas borc, 10,65 manat mükafat, 35,26 manat dəbbə pulu olmaqla cəmi 1259,45 manat borcun və 100,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsinə əsasən onun sifarişi ilə “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı (2019-cu il buraxılışlı, ağ rəngli) avtomobil 13330 manat məbləğinə MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan cəmi 18421 manatın 13330 manatı əsas məbləğ təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2023-cü il tarixə 1213,54 manat əsas borc, 10,65 manat mükafat, 35,26 manat dəbbə pulu olmaqla cəmi 1259,45 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, sonuncunun sifarişi ilə lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı “Khazar SD” minik markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı (2019-cu il buraxılışlı, ağ rəngli) avtomobili muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilməsini, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini lizin verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləği 13330 manat təşkil edir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsi üzrə İddiaçı MMC-yə borcu xx.xx.2023-cü il tarixə 1213,54 manat əsas borc, 10,65 manat mükafat, 35,26 manat dəbbə pulu olmaqla cəmi 1259,45 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 100,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. 748-1.12.4-cü maddəsiə görə isə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsində nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməməsi, nəticədə onun lizinq şirkətinə 1213,54 manat əsas borc, 10,65 manat mükafat, 35,26 manat dəbbə pulu olmaqla cəmi 1259,45 manat borcunun qalması təsdiq olunur. Ona görə də iddia tələbi təmin edilərək, lizinq obyekti olan avtomobil mülkiyyətçiyə qaytarılmaqla, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 100,40 manat məbləğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-1733 saylı daxili lizinq müqaviləsi üzrə 1213,54 manat əsas borc, 10,65 manat mükafat, 35,26 manat dəbbə pulu olmaqla cəmi 1259,45 (bir min iki yüz əlli doqquz manat 45 qəpik) manat borc və 100,40 (bir yüz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı (2019-cu il buraxılışlı, ağ rəngli) avtomobil İddiaçı MMC-yə geri qaytarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar