Məhkəmə qərarları › İş №2(078)-1025/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1025/2022

01.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1025/2022 01.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh, cavabdeh-iddiaçının vəkili Vəkil2, iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiasına və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X30 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış və həyətyanı torpaq sahəsindən ibarət əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 12 oktyabr 2022-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə İddiaçı qarşı iddia verərək mərhum atası X30 miras qalan ünvan 1 ünvanında 460.8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.1 kv.metr olan fərdi yaşayış fərdi yaşayış evinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilmiş və işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddiası və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası çərçivəsində baxılmasına qərar verilmişdir. Mərhum atası X33 vərəsələri X39, X22, X34, X40, və mərhum X23 vərəsələri X7, X41 və X24 məhkəmə tərəfindən iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh İddiaçı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, atası mərhum X50 xx.xx.1994-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir. Atasından onlara ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. Atasının vərəsələrindən anası Mehdiyeva Məsmə K.Məmməd qızı xx.xx.2007-ci il tarixdə, qardaşı X42 19 iyul 2019-cu ildə vəfat edib, sağ qalan vərəsələr o, qardaşları X39, Cavabdeh, X34, X40, bacısı X14r. Bacısı Xuraman uzun illər əvvəl ailə qurub Rusiyaya köçüb və indi Rusiya vətəndaşıdır. Qardaşı Qadirin vərəsələri arvadı X8, qızı-X24, oğlu X31r. Hazırda onlar Türkiyə Respublikasının İstanbul şəhərində yaşayırlar. O atasının vəfatından sonra və ondan əvvəl də həmin evdə yaşamışdır. Atasının adına olan fərdi yaşayış evinin bir otağında o və yoldaşı yaşayır, qalan hissəsində qardaşı Ağa ailəsi ilə birlikdə yaşayır. Mirası o və Ağa qəbul edir. O yaşadığı evi sənədləşdirmək üçün Naxçıvan şəhəri bir saylı notariat ofisindən mirasın qəbulu ilə bağlı edəndə müraciətdə mirasın qəbulu müddətinin buraxıldığı göstərilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh evin sənəndlərini özündə saxladığından evi sənədləşdirə bilmir. Digər vərəsələrin onun mirası qəbul etməsi barədə heç bir narazıçılıqlari yoxdur. Hazırda həmin evdə yaşayır. Qardaşı Ağa da həmin həyətdə digər evdə yaşayır. 2002-ci il qədər həmin həyətdə yaşamışdır. Sonra 2002-ci ildə İstanbul şəhərinə işləmək üçün getmiş, 17 ildən sonra yəni 2019-cu ildə Naxçıvan şəhərində qayıtmışdır. 01 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı izahatında bildirmişdir ki, o əvvəldən ata evində yaşamışdır. Düzdür onun indi qaldığı otağı Xosrov qardaşı ilə Nadir qardaşı tikib. Atası öləndə Nadir qardaşı həmin otaqda qalırdı. Anası ilə yoldaşı yola gedə bilmədilər, o da kirayə köçmüşdür. Məhəllədə iki nəfərin evində ayrı-ayrı vaxtlarda kirayə qalmışdır. Atasının evi 4 otaqlı idi. Bir otağında o və ailəsi, qalanında ata-anası, Ağa qalırdı. O, Nadir, Ağa atası öləndə həmin həyətdə qalırdılar. Sonra o kirayə çıxmalı olmuşdur. O həyətə gələndə həmin vaxt Nadir evdən ayrılmışdı. İndi onun qaldığı otaq boş idi. O ailəsi ilə birlikdə həmin otağa yerləşmişdir. 3-4 il orada yaşamışdır. Sonra işləmək üçün ailəsi ilə birlikdə Türkiyəyə köçmüşdür. 4 il olar Türkiyədən qayıtmışdır və evində yaşayır. Onun qaldığı tərəfin ışığı, qazı ayrıdır və kommunalı özü ödəyir. O qardaşı Ağa ilə razılaşmışdır ki, hər kəsin yaşadığı sahə özünə qalsın. Ümumi giriş-çıxışı olsun. Ancaq indi mütəxəssis sxemindən görür ki, zirzəminin girişi də Ağa tərəfə salınıb. Belə olanda mən zirzəmiyə gedə bilməyəcək. Gərək pəncərə yerində qapı qoysun. Onun fikri o idi ki, otağın qarşısında mətbəx tiksin. Elə olanda zirzəmidən istifadə edə bilməyəcək. Bu gün zirzəmidən Ağa istifadə edir. Ona bölünən torpaq sahəsi yararsızdır, çünki kanalizasiya quyuları orada yerləşir, ayaq qoyanda batır. Həmin torpaq sahəsini düzəldib tikili aparmaq çox əziyyətli olacaq. O başa düşür ki, başqa torpaq sahəsi yoxdur. Qardaşı Ağa atası evini təmir etdirib, düzəldib, istəmir ki, bərabər bölünəndə onun evi də bölünsün. Necə qərar verilərsə o razıdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı- cavabdehin vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında iddiaçının izahatına əlavəsi olmadığını bildirib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, ilkin iddianı qəbul etmir. Atası 13 aprel 1994-cü ildə vəfat edibdir. O ailənin kiçik övladı kimi, miras qoyan mərhum atası X2 və onun vəfatından sonra da həmin evdə yaşayaraq və hal-hazırda yaşamaqla və idarə etməklə mirası qəbul etmişdir. Çünki atası rəhmətə gedənədək bütün bacı-qardaşlarının hamısı ailə quraraq həmin evdən ayrılıb getmişdilər. Atası rəhmətə gedəndən sonra ondan qalan miras əmlakı əsaslı təmir etdirmişdir. Atasının sağlığında İddiaçı ailə quraraq evdən ayrılaraq məhəllələrində kirayədə yaşayırdı. Atası rəhmətə gedəndən 2 il sonra (1996-cı ilin təxminən may aylarında) onu kirayədən çıxarıb yaşaması üçün həyətlərindəki əlavə tikiliyə yerləşdirmişdir. Miras əmlakda yerləşən həmin əlavə tikilini isə ailə qurarkən müvəqqəti yaşamaları üçün böyük qardaşları Xosrov və Qadir Əliyev atasının sağlığında tikmişdilər. Onlar daha sonra özlərinə ev aldıqdan sonra çıxıb getmişdilər. Atası rəhmətə gedəndən sonra da həmin evdə övladlarından yalnız o yaşadığına görə bütün kommunal, vergi və sığorta ödənişlərini özü ödəmişdir. Bununla da həmin əmlaka faktiki sahiblik edərək mirası özü qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh-iddiaçı bildirmişdir ki, doğulan gündən həmin həyətdə yaşayır. Abasət 1996-cı ildən həmin həyətdə yaşayır. Sonra bir müddət işləmək üçün Türkiyə Respublikasına getdi və təxminən 4 il olar ki, Naxçıvana qayıdıb həmin tikilidə yaşamağa başladı. Evin texniki pasportunun əsli ondadır, Daşınmaz Əmlaka müraciət etmişdir, gəlib bütün həyəti ölçüblər və tez bir zamanda yeni çıxarış veriləcəkdir. Abasətin yaşadığı otaq atasının sağlığında tikilibdir. Onu Xosrov və Qadir tikmişdilər. İndi atasının adına yeni çıxarış alacağı üçün bütün həyətdəki tikililərin ölçüsü aparılıbdır. Abasətin qaldığı hissənin işıqqaz xətti ayrıdır, kommunal ödənişlərini özü ödəyir. Hər birinin qaldığı hissənin adlarına sənədləşməsinə etiraz etmir. Orada nə tikili işi aparmışdırsa özü aparmışdır. O yaşadığın hissənin qarşısında olan bir balaca torpağı özünə götürüb və hasarını çəkmək istəyir. Qalan hissəni Abasət götürsün. Buna etiraz etmir. 01 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh-iddiaçı Cavabdeh bildirmişdir ki, qardaşı Abasət bəzi hissələri düzgün danışsa da bəzilərində yalnışlıq var. Şahid xatırlamadı, Abasətin kirayədən çıxıb ailəsi ilə bilrikdə Türkiyəyə getdiyini dedi. Ancaq Abasət indi qaldığı otaqdan çıxıb Türkiyəyə gedibdir. Abasət həqiqətən evlənib onun indi yaşadığı atamın sağlığında tikdiyi 4 otaqlı evlərin birində yaşayıb. Sonra söz-söhbət oldu və məhəllədə kirayə yaşamağa başladı. Atasının sağlığında onlar 4 otaqlı evdə qalırdılar. Qardaşları Xosrov və Nadir Abasətin indi qaldığı otağı hələ atasının sağlığında tikmişdilər. Qardaşı Nadir atası vəfat edəndə həmin otaqda yaşayırdı. Sonra Nadir özünə ev tikib köçdü. Atası vəfat edəndə Abasət qonşuluqda kirayə qalırdı. O ailə quran zaman 1996-cı ilin may ayında Abasət kirayə qalmasın deyə gedib onu Nadirin qaldığı otağa köçürmüşdür. Abasət bir neçə il orada qaldı və Türkiyəyə işləmək üçün getdi. Həmin vaxt dəfələrlə ona zəng vurmuşdur. Pul göndərdi işıq, qaz sayğacını ayırıb, düzəltmişdir. Özü yaşadığı tərəfi təmir etdirmişdir. Abasət 3-4 il olar Türkiyədən gəlib, əvvəki yaşadığı otaqda yaşayır. Həmin otağın altı zirzəmidir və oradan o istifadə edir. Ancaq Abasətlə razılığa gəlmişdir ki, o öz yaşadığım evi sənədləşdirib, onun qarşıdında 70 kv.metrə qədər torpaq sahəsində hasarını çəksin. Qalan bir otaq- Abasətin yaşadığı, altı zirzəmi və qalan torpaq sahəsi onun olsun. Çünki onlar bir-birini görəndə yola gedə bilmirlər. Abasətin yaşadığı otaq sənədsiz idi. Həmin otağı, zirzəmini də yeni texniki pasporta saldırmışdır və çıxarış almışdır. Qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh-iddiaçının vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək izahatında cavabdeh-iddiaçının izahatına əlavəsi olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh qardaşlarıdır. Digər qardaşı Nadir də Naxçıvanda yaşayır, lakin bir məhəllədə qalmırlar. Xosrov Bakı şəhərində yaşadığından, bacısı Xuraman isə Rusiya Federasiyasında yaşadığından hazırkı məhkəmə iclasında iştirak edə bilmirlər. Lakin məhkəmə iclasının mahiyyəti barədə lazımı qədər məlumatları vardır. Atası və anası öldükdən sonra həmin həyətdə Ağa və Abasət ailəsi ilə yaşayıb. Həmin həyətin müəyyən təmir işlərini Ağa qardaşı aparıb. Abasət evləndikdən sonra atası ilə yola gedə bilmədilər və evliliyinin üçüncü ayında atası onlara evdən çıxmağı söylədi. Abasət də digər qonşu döngədə ev kirayə tutub ailəsi ilə birlikdə həmin evdə yaşadı. Atası 1994-cü ildə anası isə 2006-cı ilə rəhmətə gedib. Atasının ölümündən sonra Abasət həyətə yenidən qayıtdı. Çox az müddət yaşadıqdan sonra ailəsini də götürüb Türkiyə Respublikasının İstanbul şəhərinə getdi və 15 ildən çox müddətdə orada yaşadı. Hazırda 2-3 ildir ki, yenidən həyətə qayıdıb və Ağa ilə anlaşıb yola gedə bilmirlər. Sədrlik edənin sualına cavab olaraq X40 bildirmişdir ki, atasının və anasının sağlığında da, onlar öldükdən sonra da daimi bu həyətdə yaşayan Ağa qardaşı olub. Tarixlərini tam xatırlamır. Ancaq onu deyə bilər ki, Abasət təzə ailə qurmuşdu və hazırda yaşadığı otaqda ailəsi ilə qalırdı. Gəlinlə atası yola getmirdilər. Atası onu çağırdı və dedi ki, Abasət evdən çıxsın. Abasət də qonşu evə kirayə köçdü. Atası vəfat edəndən sonra qayıtdı. Atası vəfat edəndən sonra Abasət arvadı ilə gəlib indi qaldıqları otaqda qaldı. Bir neçə il yaşadıqdan sonra Türkiyəyə işləmək üçün getdilər. Son illər qayıdıblar. Atasının evində Abasət və Ağadan başqa heç bir qardaşı və bacısı yaşamayıb. Bacısı Xuraman 1980-ci illərdə Dağıstanlı bir nəfərlə ailə qurub, orada yaşayırlar. Oranın vətəndaşlığını qəbul edibdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 01 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında izahatına əlavə olaraq bildirmişdir ki, həqiqətən Abasət evlənəndə atasının evində bir otaqda yaşayırdı. O Abasət və Ağa ilə ata bir ana ayrıdırlar. Onun anası vəfat edəndən sonra atası Abasətgilin anası ilə ailə qurub. O da qardaşları yaşadığı məhəllədə yaşayır. Özünün evi var. O əvvəldən evlənib evdən ayrılmışdır. Həmin həyətdə qardaşları Nadir, Abasət və Ağa yaşayıb. Nadir özünə ev tikib köçübdür. İndi deyir, onun mirasda heç bir tələbi yoxdur. Özünün də tələbi yoxdur. Qardaşları Abasət və Ağa orada yaşayır. Bir müddət atas Abasətin ailəsi ilə söz-söhbət olduğuna görə yola gedə bilmədi və onun yanına gedəndə dedi ki, qovub getdilər. Sonra atası vəfat etdi və Abasət Nadir otaqdan çıxandan sonra gəlib oraya yerləşdi. Bir neçə il qaldı və sonra çıxıb Türkiyəyə getdi. 3-4 il olar gəlibdir. Atasının evinin tikilməsində onun da çox zəhməti olub. Qanuni qərar qəbul edilməni xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X39, X22, X34, X7, X41 və X15 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X25, X12, X19, X4, X26 və X13 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Şahid3 ifadəsində bildirmişdir ki, o tərəflərlə qonşudur. Neçə illərdir bir məhəllədə yaşayırlar. Həmin evdə neçə illərdir Ağa qalıb. Abasət həmin ata həyətində çox az qalıb. Son 2 il olar ki, ailəsi ilə həmin həyətə köçüb. Lap əvvəllər də həmin məhəllədə kirayə yaşayıb. Ancaq uzun illərdir ki, həmin həyətdə Ağa yaşayıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X51 ilə Mehdiyeva (Əliyeva) Məsmə K.Məmməd qızı arasında xx.xx.1964-cü il tarixdə nikah bağlamış və bu barədə 156 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X51 xx.xx.1994-cü il tarixdə ağ ciyər-ürək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə xx.xx.1994-cü il tarixdə ölüm akt qeydləri kitabında 117 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Mehdiyeva Məsmə K.Məmməd qızı xx.xx.2007-ci il tarixdə Beyinə qan sızması diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2007-ci il tarixdə ölüm akt qeydləri kitabında 208 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01/0577 nömrəli arayışdan aydın olur ki, mərhum X11 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatda olmuş və onun vərəsələri aşağıdakılardır:

1. Mehdiyeva Məsmə K.Məmməd qızı (həyat yoldaşı)-vəfat edib;

2. X43-oğlu-1967;

3. İddiaçı Sübhü oğlu-oğlu -1970;

4. Cavabdeh Sübhü oğlu-oğlu-1972;

5. X27-qızı-1956;

6. X35-oğlu-1958;

7. X44-oğlu-1960-vəfat edib;

8. X45-oğlu -1962. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 748147 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2019-cu il tarixdə ağciyər xərçəngi diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 212 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1647 nömrəli arayışdan aydın olur ki, mərhum X5 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatda olmuş və onun vərəsələri aşağıdakılardır:

1. X8 (həyat yoldaşı)-1967;

2. X41-oğlu-1987;

3. X24-qızı-1990. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhər Hüquq Məsləhətxanasının xx.xx.2022-ci il tarixli 2/941 nömrəli məktubuna xx.xx.2022-ci il tarixdə verilmiş 04/451 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X46 adına 1004 inventar nömrəli texniki pasport verilmiş, lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Texniki pasportda fərdi yaşayış evinin ünvanı H.Aslanov küçəsi döngə 5 ev 7 kimi göstərilmişdir. 1004 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri H.Aslanov küçəsi döngə 5 ev 7 X46 adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər H.Aslanov küçəsi döngə 5-də 0.0448 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 150.39 kv.m olan 9 nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X36 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci ildə tərtib olunmuş 1004 inventar nömrəli Fərdi yaşayış evinin texniki pasportunun surətindən məlum olur ki, ünvan 2 X36 adına qeydiyyata alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/0559 nömrəli arayışından aydın olur ki, X6 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/0560 nömrəli arayışından aydın olur ki, Əliyev X20 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/0567 nömrəli arayışından aydın olur ki, Əliyev X38 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/0571 nömrəli arayışından aydın olur ki, X3 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 01/0570 nömrəli arayışından aydın olur ki, X1 şəhəri H.Aslanov küçəsi döngə 5 ev 9 ünvanında qeydiyyatdadır. ünvan 4 il tarixdə İddiaçı Sübhü oğlunun xx.xx.2022-ci il tarixli ərizəsinə verilmiş 160 nömrəli cavab məktubundan məlum olur ki, mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Naxçıvan MR Dövlət Sığorta Xidməti PHŞ Naxçıvan şəhər İdarəsinin xx.xx.2022ci il tarixdə verilmiş 01-08/233 nömrəli məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh Sübhü oğlu Daşınmaz əmlakın icbari sığortası müqaviləsini xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək bağlamışdır. Naxçıvan Şəhər Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 299 nömrəli arayışda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh Sübhü oğlu həmin ünvana aid vergi borcunu ödəmişdir. Naxçıvan Bələdiyyəsinə 2022-ci il vəziyyətinə vergi borcu yoxdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş G 02/208 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mərhum X32 miras qalmış əmlakın kütləsi 448.54 kv.m torpaq sahəsindən və 150.39 kv.m olan 4 otaqlı yaşayış evindən ibarətdir. Miras əmlakın 32.71 kv.m sahəsi olan 6,7,8 yerləşkəsindən İddiaçı Sübhü oğlu, qalan 117.68 kv.m sahəsi olan 1.2.3.4.5.9.10.12 yerləşkəsindən ilə Cavabdeh Sübhü oğlu istifadə edir. Tərəflər arasında qarşılıqlı razılaşma olarsa yaşayış evinin qarşısında yerləşən həyətyanı torpaq sahəsi təqdim olunmuş sxem əsasında ümumi istifadədə qalan yol nəzərə alınmaqla bölünə bilər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki qanunvericiliyə görə miras əmlak açıldığı andan vərəsənin mülkiyyəti hesab edilir. Məhkəmə belə hesab edir ki, mərhum X33 vəfatından sonra ondan qalmış ünvan 6 ünvanında yerləşən miras əmlak İddiaçı və Cavabdeh qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X33 vəfatından sonra ondan qalan miras əmlakı İddiaçı və Cavabdeh faktiki qəbul edərək yaşamış və hazırda yaşamaqda davam edirlər. Belə ki, iş üzrə tərəflərin izahatından aydın olur ki, iddiaçı-cavabdeh və cavabdehiddiaçı miras əmlakda yaşayırlar. Bu hal işə yerində müayinə və tədqiq aparılarkən və verilən mütəxəssis rəyi ilə də sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsələr İddiaçı və Cavabdeh atasının vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, evi mühafizə etmiş, onun idarəçiliyini həyata keçirmişdir. Hazırki vəziyyətdə həm iddiaçı-cavabdeh, həm də cavabdeh-iddiaçı eyni miras əmlakda yaşayırlar və yerində müayinə və tədqiq aparılarkən onların ayrı-ayrı giriş qapıları qoymaqla eyni fərdi yaşayış evində fərqli giriş qapılarından istifadə etmələri, hər iki sahənin ayrı-ayrı işıq, qaz xəttinin mövcud olması, hər ikisinin ümumi istifadəsində yaşayış otağı olmadığı, sadəcə ümumi yola giriş-çıxışın bir olduğu müəyyən edilmişdir. İddiaçı-cavabdehin 15 ildən artıq müddət ərzində həmin evdə yaşamadığı halda həmin sahənin boş qalması, iddiaçı-cavabdehin əşyalarının orada olması, cavabdehin iddiaçının göndərdiyi pul qarşılığında ona işıq-qaz xətti ayırması miras əmlakın cavabdeh-iddiaçı ilə yanaşı onun tərəfindən də qəbul edilməsini bir daha təsdiq edir. Məhkəmə İddiaçı və Cavabdeh mirasın faktiki olaraq qəbul edilməsinə münasibətdə ilkin iddia və qarşılıqlı iddianının təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə qarşılıqlı iddianın İddiaçı münasibətdə ilkin iddianın rədd edilməsinə dair hissəsini rədd edir və bunu aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə ər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı 1996-cı il tarixdə onun tərəfindən evə yerləşdirilməsi və atasının vəfatından iki il keçdikdən sonra bunun baş verməsini qeyd edərək qanunla müəyyən edilmiş müddətdə iddiaçının mirası qəbul emədiyini bildirmişdir. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid, hər iki tərəfin qardaşı olan üçüncü şəxs İddiaçı 1994-cü ildən 1996-cı ilə tarixə qədər mübahisəli miras əmlakda yaşamadığını bildirməmiş, bununla bağlı konkret münasibət qeyd etməmişdir. Hətta cavabdeh-iddiaçı Cavabdeh izahatında İddiaçı hazırda yaşadığı hissənin onun adına sənədləşməsinə etirazı olmadığını, iddiaçının məhz özünün təşəbbüsü ilə miras əmlaka yerləşdirdiyini bildirmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, X9 miras qalan ünvan 1 ünvanında 460.8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.1 kv.metr olan fərdi yaşayış fərdi yaşayış evi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin qarşılıqlı iddia qismən təmin edilməli, X9 miras qalan ünvan 1 ünvanında 460.8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.1 kv.metr olan fərdi yaşayış fərdi yaşayış evi Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia qalan hisssədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, ilkin iddia və qarşılıqlı iddia verilərkən ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İlkin iddia təmin edilsin. X9 miras qalan ünvan 1 ünvanında 460.8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.1 kv.metr olan fərdi yaşayış fərdi yaşayış evi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X9 miras qalan ünvan 1 ünvanında 460.8 kv.m torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.1 kv.metr olan fərdi yaşayış fərdi yaşayış evi Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar