Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1026/2024 17.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Ərizəçi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Əliyev Anar Rza oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1985-ci il tarixdə doğulmuş qardaşı Əliyev Anar Rza oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, qardaşı Əliyev Anar Rza oğlu 01 mart 1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, İ qrup əlildir və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan şəhər şöbəsində əlilliyi olan şəxs kimi qeydiyyatda dayanır. Onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Əliyev Anar Rza oğlu özünü idarə etmək qabiliyyətində deyildir. Yəni onun sayəsində özünü idarə edir. Bundan başqa mülkiyyət hüquqlarının, həmçinin onun öz hüquqlarının həyata keçirilməsi üçün imzası lazım olur ki, onun fəaliyyət qabiliyyətinin olmaması səbəbindən qardaşı Əliyev Anar Rza oğlu həmin hüquqlarını həyat keçirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin səhhəti yol verirsə, məhkəmə iclasına çağırılması nəzərdə tutulduğundan 18 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuş və ekspertin qarşısına Əliyev Anar Rza oğlunun sağlamlıq vəziyyətinin onun məhkəmə iclasında iştirak etməsinə imkan verib-verməməsinin araşdırılması ilə bağlı sual qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 17 avqust 2024-cü il tarixli, 304 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Anar Rza oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Bunu nəzərə alan məhkəmə Əliyev Anar Rza oğlunu məhkəmə iclaslarına dəvət etməmiş və dindirməmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi izahatında qardaşı Əliyev Anar Rza oğlunun xəstə olduğunu, özünü idarə edə bilmədiyini, qardaşına özünün və anasının baxdığını, qardaşının ailə qurduğunu, ancaq hazırda faktiki olaraq ayrıldıqlarını qardaşı fəaliyyət qabiliyyətsiz olduğu üçün onun sənədləşmə işləri apara bilmədiyini, onun adından sənədləşmə işləri aparmaq istədiyini, buna görə qəyyumluq təyin edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X1 Əliyev Anar Rza oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsində hər hansı sui-istifadə hallarının olmamasını müəyyən etdiyini, ekspert rəyindən də şəxsin həqiqətən fəaliyyət qabiliyyəti olmadığının göründüyünü bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə verilmiş Əliyev Anar Rza oğlunun 01 mart 1985-ci il tarixdə ünvan 1 ünvanında yaşaması, Ərizəçi Əliyev Anar Rza oğlunun qardaşı olması, Əliyev Anar Rza oğlunun birinci dərəcə əlilliyə görə sosial müavinət və prezident təqaüdü alması mülki işin mübahisəsiz hallarıdır. Bunların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -İş materiallarına əlavə edilmiş 17 oktyabr 1985-ci il tarixli, Xİ-ЖГ seriyalı, 289323 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Əliyev Anar Rza oğlunun 01 mart 1985-ci il tarixdə Babək rayonunda anadan olması, atasının Əliyev Rza Yolçu oğlu, anasının isə X8 olması; -İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 18 iyul 1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 394579 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Ərizəçi xx xxxx 1993-cü il tarixdə Naxçıvan şəhərində anadan olması, atasının Əliyev Rza Yolçu oğlu, anasının isə X8 olması; - İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli arayışdan Əliyev Anar Rza oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyə görə 270.00 AZE (iki yüz yetmiş manat) məbləğində sosial müavinət, 200.00 (iki yüz manat) məbləğində Prezident təqaüdü alması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X6 tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 994 nömrəli arayışdan Əliyev Anar Rza oğlunun xx.xx.2001-ci il tarixdən “Anadangəlmə əqli zəiflik. İmbesillik səviyyəsində” diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X3 dispanser qeydiyyatda dayanması; -İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 mart 2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsindən Əliyev Anar Rza oğlunun ümumi xəstəlikdən müddətsiz birinci dərəcə əlilliyinin olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil- İstismar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 721 nömrəli arayışdan Ərizəçi Naxçıvan şəhəri, Əcəmi, ev 1, mənzil 16 ünvanında qeydiyyatda olması; -İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil- İstismar İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 722 nömrəli arayışdan Əliyev Anar Rza oğlunun Naxçıvan şəhəri, Əcəmi, ev 1, mənzil 16 ünvanında qeydiyyatda olması; Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində onları bir-biri ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etməsinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmənin hazırlıq iclasında bunun müəyyən olunması üçün 18 iyul 2024-cü il tarixli qərardadla məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X2 17 avqust 2024-cü il tarixli, 304 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, Əliyev Anar Rza oğlu “Orta dərəcəli əqli gerilik “ psixi xəstəliyindən əziyyət çəkir. Əliyev Anar Rza oğlu öz hərəkətlərini dərk etmək və öz hərəkətlərini idarə edə bilmək iqtidarında deyil. Əliyev Anar Rza oğlunun sağlamlıq vəziyyəti onun məhkəmə iclasında iştirakına imkan vermir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi Əliyev Anar Rza oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malikdir. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, Əliyev Anar Rza oğlunun əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin və Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsinin izahatları ilə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Əliyev Anar Rza oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - ərizə təmin olunmalı; - 01 mart 1985-ci il tarixdə Babək rayonunda anadan olan Əliyev Anar Rza oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 01 mart 1985-ci il tarixdə Babək rayonunda anadan olan Əliyev Anar Rza oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1026/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1026/2024
17.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver