Məhkəmə qərarları › İş №2(078)-1064/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1064/2020

11.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1064/2020 11.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 628.9 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 49.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən, Naxçıvan şəhəri, 1ci küçə (Əzizbəyov) 13 ünvanında 165.5 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 36.2 kv.m olan fərdi yaşayış evindən , Cavabdeh ilə mərhum atası X1 birgə nikah dövründə xx.xx.2016-cı il tarixində ünvan 3 mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 31.90 kv.metr olan 1 otaqlı mənzildən, Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın altında yerləşən 4 saylı qeyri-yaşayış sahəsindən miras əmlak kimi onların qanun üzrə vərəsəlik hüququnu tanıyaraq paylarının müəyyən edilərək qəbul etmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin forma və məzmununa düzgün riayət olunmamış, tələb konkret olaraq ifadə edilməmiş, notariat orqanına ərizə verilməklə artıq müəyyən edilmiş faktın yenidən məhkəmə tərəfindən müəyyən edilməsi xahiş edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı mərhum atası X1 vəfatından sonra mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirasın qəbulu üçün nəzərə tutulmuş müddət ərzində rəsmi qaydada notariat kontoruna ərizə ilə müraciət edərək atasından qalan mirası qəbul etdiyini bildirmişdir. Məhkəmə mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə o halda baxa bilər ki, faktiki olaraq şəxs miras əmlaka sahiblik edərək, əmlakı idarə edir, qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində notariat kontoruna müraciət etmir, həmin faktı başqa qaydada təsdiq edilə bilmir. Hazırki halda iddiaçı miras əmlakı rəsmi qaydada notariat orqanına ərizə verməklə qəbul etmişdir. Məhkəmə o halda fakt təsdiqinə baxa bilər ki, həmin fakt başqa sənədlərlə təsdiq edilə bilməsin. Buna görə də iddiaçıya izah olunmalıdır ki, artıq məhkəmənin qətnaməsi ilə miras əmlakın qəbulu faktının tanınması üçün hər hansı əsas olmadığından iddiaçı qəbul etdiyi miras əmlakdan payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Digər tərəfdən iddia ərizəsinin əsaslandırıcı hissəsindən və xahiş etdi hissəsindən aydın olur ki, iddiaçı qardaşı X2 onun əvəzindən mirası qəbul etmək üçün etibarnamə verdiyini, həmin etibarnaməni ərizəyə əlavə edərək iddianı özünün qaldırdığını göstərmişdir. Lakin iddia ərizəsində tərəflərin adı, soyadı, ata adı, poçt ünvanı göstərilməli olduğu halda X4 haqqında iddia ərizəsinin girişində heç bir zəruri məlumatlar göstərilməmiş, halbuki xahiş etdi hissəsində bizim-yəni onun və qardaşının payının müəyyən edilməklə mirasın qəbulu tələbi qoyulmaqla qeyri-dəqiq tələbin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Digər tərəfdən iddia tələblərindən biri olan mərhum atası X3 ilə Cavabdeh birgə nikah dövründə xx.xx.2016-cı il tarixində ünvan 3 mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 31.90 kv.metr olan 1 otaqlı mənzildən miras olaraq payın müəyyən edilməsi tələbi qoyulmuş, iddia ərizəsinə əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş məktubdan aydın olur ki, sözügedən əmlak Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakda mərhum atası X1 birgə nikah dövründə əldə edilmiş əmlakda payının müəyyən edilmədən həmin əmlak barəsində öz miras payının tələb etmişdir. İddiaçıya izah olunur ki, o birgə mülkiyyətdə olan əmlakda mərhum atasının payın müəyyən edilməsi üzrə ardıcıllığı gözləməklə (bu barədə iddia tələbi olaraq göstərməklə) atasına çatacaq olan paydan öz miras payının müəyyən edilməsi ilə müraciət edə bilər. Digər halda iddia tələblərindən biri olan və iddiaçının miras əmlak hesab etdiyi Naxçıvan şəhəri, Atatürk prospekti 14 saylı binanın altında yerləşən 4 saylı qeyri-yaşayış sahəsindən öz payının müəyyən edilməsini xahiş etmiş, iddia ərizəsinin əsaslandırıcı hissəsində həmin əmlakın mərhum atasının dərzi dükanı olduğunu qeyd etsə də sözügedən əmlakın miras qoyanın-mərhum X1 mülkiyyətində olmasını təsdiq edən zəruri sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən bu cür qeyri-dəqiq hallar iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini qeyri-mümkün hesab etdiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli 69799 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar