Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1078/2025 23.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, İsmayılova Mədinə Səməddin qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 21 yanvar 2025-ci ildə X2 bağlanmış MŞN/25-00060 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında olan nikah pozulmuş və 23 iyun 2014-cü il tarixli 41 nömrəli nikahın pozulması akt qeydi ilə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından 16 fevral 2014-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur.
3. MŞN/202500061 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə 21 yanvar 2025-ci il tarixdə barışıq sazişi imzalamışlar.
4. Barışıq sazişinin şərtlərinə əsasən, 16 fevral 2014-cü il təvəllüdlü X1 üçün atası Maraqlı şəxs 2025-ci ilin yanvar ayından hesablanmaqla hər ay sabit 220( iki yüz iyirmi) manat məbləğində vəsaiti Ərizəçi müvafiq bank kartına ödəyəcəyini öhdəsinə götürdüyü üçün onunla razılığa gəlmişlər. Lakin cavabdeh barışıq sazişində göstərilən aliment məbləğini ödəmir. Barışıq sazişində göstərilən müddət keçmişdir və saziş üzrə 1220( min iki yüz iyirmi) manat aliment borcu yaranmışdır.
5. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, yanvarın 21-i mediasiyada Ələddin müəllimin iştirakı ilə barışıq sazişi imzalayıblar. Maraqlı şəxs bundan əvvəl 1258 manat borcu olduğunu bildirdi. Maraqlı şəxsin bir neçə ay Ləzzət firmasında işlədiyini həmin işlədiyi müddətdə 250 manat, daha sonra 138 və 120 manat tutulub ona ödənildiyini söylədi. Lakin 220 manat məbləğlər ödənilməyib və hazırda 1220 manat borcun yarandığını bildirdi.
6. Maraqlı şəxs məhkəmə iclasında bildirmişdir ki, o borclarını ödəyib. Lakin yanvar ayından sonrakı aliment ödənişləri qalıb.
Sübutların tədqiqi:
7. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, 21 yanvar 2025-ci il tarixdə mediasiya sessiyasında qəbul olunmuş MŞN/25-00060 nömrəli barışıq sazişi ilə Ərizəçi, Maraqlı şəxs və mediator X3 iştirakı ilə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci maddəsinin şərtinə əsasən “Tərəflər” tam mediasiya prosesində qarşılıqlı anlaşma nümayiş etdirərək müzakirə olunan məsələ üzrə aşağıdakıları bildirlər: Tərəflər razılığa gəlirlər ki, ödənilən alimentin miqdarı dəyişdirilməklə alimentin miqdarı sabit məbləğdə 220 (iki yüz iyirmi) manat müəyyən edilsin. Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi, onun saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat pulu Ərizəçi kapital bankda açılmış hesabına ödəyəcəkdir. Həmçinin öhdəsinə götürür ki, alimentin ödənilməsi onun əmək haqqından tutulsun. Tərəflər razılığa gəlirlər ki, alimentin ödənilməsi 2025-ci il yanvar ayından hesablansın. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs Ərizəçi qarşı hər hansı bir tələbi olmadığından, Ərizəçi üzərinə heç bir öhdəlik götürmür. Tərəflər razılığa gəlirlər ki, tərəflərdən hər hansı biri üzərinə götürdüyü öhdəliyi pozarsa, digər tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 079023 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahlarından 16 fevral 2014-cü il təvəllüdlü X5 adlı övladları vardır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
8. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
9. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
10. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
11. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
12. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
13. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
14. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir.
16. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanunazidd olmayan barışıq sazişi imzalamışlar. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil.
17. Həmin sazişə əsasən, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat pulun Ərizəçi kapital bankda açılmış hesabına köçürülməsi, ilkin aliment ödənişinin 2025-ci ilin yanvar ayından hesablanmaqla ödənilməsi razılışdırılsa da, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur.
18. Beləliklə də məhkəmə hesab edir ki, barışıq sazişi qanunvericiliyin tələbinə uyğun olduğundan, barışıq sazişinin icra edilməsi müddəti keçdiyindən, ərizə təmin edilməli və 21 yanvar 2025-ci il tarixli MŞN/25-00060 nömrəli Barışıq Sazişi təsdiq edilməlidir.
19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq
q ə t e t d i:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış 21 yanvar 2025ci il tarixli MŞN/25-00060 nömrəli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Mediasiya prosesində-tərəflər razılığa gəlilər ki, ödənilən alimentin miqdarı dəyişdirilməklə alimentin miqdarı sabit məbləğdə 220 (iki yüz iyirmi) manat müəyyən edilsin.
2. Mediasiya prosesində-Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş 16 fevral 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat pulu Ərizəçi kapital bankda açılmış hesabına ödəyəcəkdir.
3. Alimentin ödənilməsi Maraqlı şəxs əmək haqqından tutulsun.
4. Alimentin tutulmasının əvvəli 01 yanvar 2025-ci il tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aslan Heydarov