Məhkəmə qərarları › İş №2(078)-1079/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1079/2022

14.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1079/2022 14.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və Cavabdeh3 qarşı hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, 1992-ci ilin sentyabrın 11-də Naxçıvan şəhəri, H.Əliyev prospekti 24 ünvanında yerləşən binanın 13-cü mənzilinin icarədarı olmuş X12 oğlu X7 ilə rəsmi nikaha daxil olub, X21 tərəfindən həmin mənzilə gəlin köçürülmüş və mənzilin qeydiyyatına alınaraq bir ailə kimi mənzildə yaşayıb Hüseyn Hüseynov və digər ailə üzvləri ilə bərabər mənzildən istifadə etməklə birgə təsərrüfat aparmışdır. O mübahisəli mənzilə köçürülən zaman orada Hüseyn Hüseynovun özü, həyat yoldaşı X20 və həyat yoldaşı X7 yaşayırdılar. 03 yanar 1994-cü ildə həmin mənzildə birgə nikahdan qızı İddiaçı2, xx xxxxxxxx 1995-ci ildə oğlu İddiaçı3 doğulmuşdur. 03 may 2005-ci ildə qayınanası X15 işemik insult xəstəliyindən dünyasını dəyişmiş, 2009-cu il noyabrın 19-da isə qayınatası Hüseyn Hüseynov vəfat etmişdir. Mübahisəli mənzil Hüseyn Hüseynovun sağlığında onun adına özəlləşdirilməmiş və mənzil üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Hüseyn Hüseynov ölüm anına qədər mübahisəli mənzilin yalnız icarədarı olmuşdur. Bu səbəbdən Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair vəsiyyətnamə qoyula və mənzil miras hesab edilə bilməzdi. Lakin, X11 vəfatından təxminən 5 il sonra onlara məlum oldu ki, Hüseyn Hüseynov hələ vəfat etməzdən əvvəl 20 aprel 2009-cu il tarixdə həmin mənzilə dair Naxçıvan şəhər Birinci Dövlət notariat kontorunda 2V-55 nömrə ilə qeydə alınmış vəsiyyətnamə qoymuşdur. Hüseyn Hüseynov tərəfindən mübahisəli mənzilə dair 5 il əvvəl qoyulmuş vəsiyyətnamənin mövcudluğundan xəbər tutduduqdan sonra, hesab etdik ki, mənzil Fəxrəddinin mülkiyyətinə keçməlidir. Çünki Fəxrəddin mirası faktiki olaraq 5 il əvvəl qəbul edərək, bizimlə barabər mənzilə sahiblik, ondan istifadə etməklə, onu idarə etməyə başlamışdır. Bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hüseyn Hüseynovun digər vərəsələri isə mirası onun qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki nə də rəsmi olaraq qəbul etməmişdilər. Eyni zamanda 5 il ərzində onlar mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə də verməmişlər. Fəxrəddin isə mirası faktiki qəbul etmiş, lakin «insulindən asılı şəkərli diabet, İİ tip, çoxsaylı ağırlaşmalarla, sağ aşağı ətrafda budun 1/3-nin amputasiyası» xəstəliyi ilə əlaqədar uzun müddət stasionar müalicədə olduğundan, öz adına vərəsəlik şəhadətnaməsini şəxsən almaq və mənzili mülkiyyətinə keçirmək imkanı olmamışdır. Bu səbəbdən Fəxrəddin öz dayısı oğlu X5 etibarnamə verib xahiş etmişdir ki, mirasın rəsmi qəbulu üçün onun adından notariat kontoruna ərizə verib, onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alsın ki, bundan sonra o, öz adına çıxarış ala bilsin. Lakin bu ərəfədə, yəni Fəxrəddinin mirası faktiki olaraq qəbul etməsindən 5 il sonra cavabdeh Hüseynova X6 xəbərdar etmədən və onun iştirakı olmadan mənzili qeyri-qanuni olaraq 5 il əvvəl vəfat etmiş Hüseyn Hüseynovun adına özəlləşdirib, xx.xx.2014-cü il tarixdə Hüseyn Hüseynovun adına X13 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Daha sonra Cavabdeh3 Azər Mustafayevlə əlbir olub, X14 verdiyi etibarnamədən istifadə edərək, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat kontoruna Azər Mustafayevlə birlikdə mirası qəbul etmələri barədə kollektiv ərizə verib, bu yolla özünün və digər vərəsələrin adlarını Fəxrəddinlə bərabər qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdırmağa nail olmuşdur. Baxmayaraq ki, cavabdeh və digər vərəsələr mirasın açıldığı gündən keçən 5 il ərzində mirası faktiki olaraq qəbul etməməklə, üzürlü səbəb olmadan mirasın qəbulu müddətini ötürmüşlər. Eyni zamanda bu müddət ərzində mirasın qəbulu ilə bağlı natariat kontoruna da müraciət etməmişlər. Bu səbəbdən cavabdeh və digər vərəsələr vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edərkən nəzərə alınmalı idi ki, Fəxrəddin mirası 5 il əvvəl faktiki olaraq qəbul etmişdir. Cavabdehlər isə mirasın açıldığı vaxtdan keçən 5 il ərzində mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etmədiklərindən, eyni zamanda 5 il ərzində mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmədiklərindən Notarius heç bir halda cavabdehlərin adını Fəxrəddinlə birlikdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edə bilməzdi və cavabdehlərin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüklərini əsas gətirib onlara vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək, məhkəmədə iddia qaldırmaq hüquqlarını onlara izah etməklə kifayətlənməli idi. Lakin görünür cavabdehlər məhz notariusun məsləhəti ilə Azər Mustafayevlə əlbir olub öz adlarını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdırmağa nail olmuşlar. Mübahisəli mənzilin Hüseyn Hüseynovun adına məhz sonuncunun ölümündən sonra özəlləşdirilməsi və hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X19 adına xx.xx.2014-cü il tarixdə verilməsi Babək rayon məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(079)-164/2018-saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Ali məhkəməsi mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının 5-ci səhifəsinin 8-ci abzasında da qeyd edilmişdir ki, Hüseyn Hüseynov vəfat etdikdən sonra onun adına mülkiyyət hüququna dair Çıxarış tərtib edilmişdir. Mülkiyyət hüququna dair X19 adına onun vəfatından sonra tərtib edilməsi Naxçıvan MR Ali Məhkəməsi mülki kollegiyasının 06 fevral 2020-ci il tarixli qərarının 4-cü səhifəsinin 2-ci abzasında da öz əksini tapmışdır. Bunlardan başqa, mübahisəli mənzil üzərində X11 mülkiyyət hüququnun dövlət qeydiyyatına onun ölümündən sonra alınması onunla da təsdiq olurunur ki, Naxçıvan şəhər 2 saylı mənzil istismar idarəsi tərəfindən hələ Hüseyn Hüseynovun sağlığında ona Naxçıvan şəhər XDM İK-nə təqdim etmək üçün verdiyi plan-sxemdə mənzilin ümumi sahəsi 52 kv.metr göstərilmişdir. X36 sağlığında mənzilin ümumi sahəsi 52 kv. metr olmuşdur. Çünki mənzildə tərəfimizdən artırmalar edimişdir. Hüseyn Hüseynovun ölümündən 5 il sonra isə onun adma xx.xx.2014-cü ildə verilmiş Çıxarışda mənzilin sahəsi 68.32 kv.metr göstərilmişdir. Beləliklə, işin qeyd edilən halları ilə təsdiq olunur ki, Hüseyn Hüseynovun sağlığında mübahisəli mənzilin icarədarı olmuş və yalnız ölümündən sonra onun adına özəlləşdirilərək mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Cavabdeh3 mübahisəli mənzili qeyriqanuni olaraq ölmüş şəxsin adına özəlləşdirdikdən sonra, digər vərəsələrlə bərabər adını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazdıraraq, Fəxrəddindən başqa digər vərəsələrin miras paylarından onun xeyrinə imtina etmələrinə nail olub, mənzil üzərində 5/6 pay hüququ əldə etmiş və daha sonra paylı mülkiyyət haqqında öz adına Çıxarış almışdır. Cavabdeh3 mərhum həyat yoldaşı Fəxrəddin Hüseynovun da payını və ümumilikdə mübahisəli mənzili ələ keçirmək məqsədi ilə mənzilin paylı mülkiyyətçisi olan mərhum Fəxrəddin Hüseynovun razılığı olmadan açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölünməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(078)-04/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti-24 ünvanda yerləşən 13 saylı mənzilin paylı mülkiyyətçilərinin razılığı olmadan açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin iddiaçı Cavabdeh3 Hüseyn qızına, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri İddiaçı1, Hüseynzadə Günay Fəxrəddin qızına və İddiaçı3 verilməsi qət edilmişdir. Naxçıvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(078)-4/2016 etmiş və vəfatından əvvəl isə xəstəliyi ilə bağlı məhkəmənin iclaslarında iştirak edə bilməmişdir. Məhkəmənin istinad edilən qətnaməsində bizim Fəxrəddin Hüseynovun prosessual hüquq varisləri kimi tanınaraq məhkəmə iclasında iştiraka cəlb edilməyimiz göstərilsə də, bu hal yalnız məhkəmənin sənədlərində öz əksni tapmışdır. Həqiqətdə isə iş üzrə məhkəmə baxışında bizim iştirakımız təmin edilməmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə bizə bildiriş göndərilməmiş və məhkəmə iclasları bizim iştirakımız olmadan keçirilərək həmin qanunsuz qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamə bizə heç-bir qaydada verilməmiş, qətnaməni sonradan əldə edib ondan verdiyimiz şikayət isə müddətin ötürülməsi əsası ilə mümkün sayılmamış və bununla da məhkəmə qətnaməsindən şikayət vermək hüququmuz məhdudlaşdırılaraq, məhkəmənin qətnaməsi icraya yönəldilmiş və. formal hərrac keçirilmə yolu ilə Gülnarə Hüseynova hərracın qalibi olaraq mübahisəli mənzili alamış, daha doğrusu əvvəlcədən qurulmuş plan əsasında ələ keçirərək mənzilin mülkiyyətçisinə çevirilmişdir. Qeyd edirik ki, hərrac kobud qanun pozuntusu ilə keçirilməklə, İddiaçı2 və İddiaçı3 oğluna hərracın keçirilməsi barədə bildiriş ümumiyyətlə göndərilməmiş, onlar bu barədə heç-bir qaydada xəbərdar da edilməmişlər. Mənə isə bildiriş göndərilsə də, hərracda iştirak etməyə buraxılmamışam və hərrac bağlı qapılar arxasında keçirilmişdir. Baxmayaraq ki, məhkəmənin qətnaməsi ilə mənzilin açıq hərracda satılması qət edilmiş, lakin hərrac qapalı keçirilmiş və qeyd etdiyim kimi mənim hərracda iştirakıma imkan verilməmişdir. Naxçıvan MR Auksion mərkəzi hələ hərrac keçirilənədək bizə qarşı mənzil hüquqlarımızın pozmasına gətirib çıxaran özbaşınalıqlara yol vermişdir. Belə ki, mən hələ xx.xx.2017-ci il tarixdə yazılı ərizə ilə Naxçıvan MR Auksion mərkəzinə müraciət edib Naxçıvan şəhər məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(078)-04/2016 nömrəli qətnaməsindən kassasiya şikayəti verməyimlə bağlı şikayətə baxılıb nəticə verilənədək mənzilin satılmasını təxirə salmağı xahiş etmişdir. Lakin onun ərizəsi nəzərə alınmamış, ümumiyyətlə ona əhəmiyyət verilməyərək hərrac keçirilmiş və mənzilin kobud qanun pozuntuları ilə satılması həmin mənzil üzərində hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hətta hərracın nəticəsinə dair protokolun əldə edilməsi üçün nümayəndəsi və vəkili Arif Ağayevin xx.xx.2017-ci il tarixdə, Naxçıvan MR Auksion mərkəzinə 2/191 saylı sorğu verməsinə baxmayaraq, protokolun onlara verilməsindən əsassız imtina edilmişdir. Baxmayaraq ki, onların hərracı və onun nəticəsinə dair protokolu mübahisələndirmək hüququ vardır. Ən azından protokolla tanış ola və onu mübahisələndirə bilərdilər ki, cavabdehin özbaşınalığı üzündən bu hüquqları məhdudlaşdırılmışdır. Sonradan da Naxçıvan MR Auksion mərkəzinə etdiyimiz müraciətlərə məhəl qoyulmamış, onlara cavab verilməməklə, hərracın nəticəsinə dair protokolun bizə təqdim edilməsindən qəti şəkildə imtina edilmişdir. Hətta Bakı şəhəri 6 saylı Vəkil Bürosunun Naxçıvan MR Auksion mərkəzinə hərracın nəticəsinə dair protokolun verilməsi ilə bağlı göndərdiyi xx.xx.2022 ci il tarixli, 167 nömrəli sorğuya da əhəmiyyət verilməmiş və hərracın nəticəsinə dair protokol onlara göndərilməmişdir. Onlara göndərilən bildirişdə isə mübahisəli mənzilin açıq hərraca çıxarıldığı göstərilsə də, qeyd etdiyim kimi hərrac bağlı qapılar arxasında, yəni qapalı keçirilərək hərracın keçirilməsində iştirakıma imkan verilməmişdir. Kobud qanun pozuntusu ilə keçirilən hərrac barədə mübahisəli mənzildən istifadə hüquqları olan iddiaçılar İddiaçı2 və İddiaçı3 ümumiyyətlə xəbərdar edilməmişlər və hərrac onların iştirakı olmadan keçirilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1 –ci maddəsinə görə açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Göründüyü kimi, açıq hərracın keçirilməsi qaydası kobud şəkildə pozulmuşdur. Bunlarla yanaşı qeyd edir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmədən və onlara qətnamədən şikayət vermək imkanı yaradılmadan icrayə yönəldilmişdir. Belə olan halda icra orqanı icraata başlaya bilməzdi və İcra haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərinə əsasən icra sənədi üzrə icraat dayandırılmalı idi. Bunlarla yanaşı qeyd edir ki, mərhum həyat yoldaşı X1 mirasqoyan X11 həm qanun, həm də vəsiyyət üzrə vərəsəsi olması, onun Hüseyn Hüseynovdan miras qalmış mənzidən 1/6 pay hüququ əldə etməsi və həmin mənzilin açıq hərracda satışından ona miras payının dəyərinə mütənasib pul məbləği ayrılması, mənim və digər iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının kompensasiyası və ya mənzildən istifadə hüquqlarının itirilməsinin əsası kimi qəbul edilə bilməz. Mübahisəli mənzildən istifadə hüququmuz hələ 1992-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Ona göndərilən bildirişdə isə mübahisəli mənzilin açıq hərraca çıxarıldığı göstərilsə də, qeyd etdiyi kimi hərrac bağlı qapılar arxasında, yəni qapalı keçirilərək hərracın keçirilməsində iştirakıma imkan verilməmişdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. ... Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hazırda mənzil onların istifadə və sahibliyində olmaqla, onlar həmin mənzildə qeydiyyatdadırlar. Çünki onlar mənzildən istifadə hüququnu itirməmişlər və ona xitam verilməsinə əsaslar yoxdur. Lakin cavabdehin qanunsuz keçirilmiş «açıq hərrac» yolu ilə mübahisəli mənzilə mülkiyyət hüququ ələ etməsi bizim həmin mənzildən istifadə və yaşayış hüququmuzun pozulması ilə nəticələnmişdir. Odur ki, hərrac və onun nəticəsi barədə protokol etirarsız hesab edilməli və çıxarış ləğv edilməlidir. Hərrac və onun nəticəsi barədə protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsinə dair iddia tələblərimizin əsası kimi istinad etdiyi hallar «açıq hərrac»ın bizim iştirakmız olmadan qapalı keçirilməsini, müraciətlərə baxmayaraq hərracın nəticəsinə dair protokolun mübahisələndirilməsi imkanından istifadə etməklərinə imkan verilməməsi iddia ərizəsinə əlavə edilmiş yazılı müraciətlərlə, vəkil sorğusu və ona verilmiş cavabla, mənzildən istifadə hüqüqunun pozulması isə istinad etdiyi hüqüq normaları, məhkəmə aktları və sair sənədlərlə kifayət qədər təsdiq edilmişdir. Bunlarla yanaşı, qeyd edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Bu Məcəllənin 150.3-cü maddəsində isə göstərilir ki, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İstinad edilən prosessual normalara əsaslanaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, mübahisə predmeti olan hərracın keçirilməsi nəticəsinə dair protokolu əldə etmək üçün Naxçıvan MR Auksion mərkəzinə dəfələrlə ərizə və vəkil sorğusu versələr də, protokol onlara təqdim edilməmişdir. Bu səbəbdən mübahisələndirilən protokolun iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmədən protokolun əldə edilməsi ilə bağlı Naxçıvan MR Auksion mərkəzinə sorğu göndərməni xahiş edirlər. Bundan başqa, Cavabdeh3 adma mübahisəli mənzilə dair X13na dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın da tərəflərindən əldə edilməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmədən cavabdeh Hüseynova Gülnarə Hüseyn qızının adına verilmiş Çıxarışın da əldə edilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər idarəsinə sorğu verməyi xahiş edirlər. Qeyd etdiklərini nəzərə alıb hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması və X13 haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə hazırlıq iclasları və məhkəmə baxışı iclasları ilə bağlı müxtəlif vaxtlarda iddia ərizəsi ilə eyni məzmunlu izahat, ərizə göndərmişlər. İddiaçılar yazılı izahatlarında iddia ərizəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh3 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, onun qanuni şəkildə hərracda iştirak edərək hərracın qalibi olmaqla mübahisəli mənzilə mülkiyyət hüququ əldə etdiyini bildirib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X22 izahatında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu, Naxçıvan MR Auksion Mərkəzinin hərracla bağlı göndərilmiş sənədlər əsasında Cavabdeh3 çıxarış verildiyini, çıxarış verilərkən hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə məhəmə baxışı iclasının cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi Naxçıvan MR Auksion Mərkəzin nümayəndəsi X23 izahatında iddianı qəbul etmədiyini, tərəflərə hərracla bağlı məktub göndərildiyini, keçirilən hərracla bağı “Şərq Qapısı” qəzetində elan dərc olunduğunu, Kəmalə xanımla hərracla bağlı bildiriş göndərilsə də iştirak etmədiyini, hərrac zamanı tərəflərin bütün məlumatları mülkün satış dəyəri hamısının ümumilikdə aydın şəkildə göstərildiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X16 digər nümayəndə M.Cəfərovla eyni məzmunlu izahat vermişdir. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə baxışı iclasına gəlməmiş, lakin Mərkəzin direktoru 25 noyabr 2022-ci il tarixdə məktub göndərmişdir. Məktubdan qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 07 mart 28 nömrəli qərarı, Naxçıvan Muxtar Respublikası X10 və 2013-cü il 16 yanvar 09 nömrəli açıq hərrac qaydaları əsasında fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası X29 Muxtar Respublikası Nazirlər Kabinetinin 29 mart 2022-ci il 77 nömrəli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auskion Mərkəzi olaraq fəaliyyətini davam etdirir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 sentyabr tarxili 69 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında İnzibati orqanların Təsnifat’nın İİ bölməsinin 35-ci hissəsində “Naxçıvan Muxtar Respublikasının Auskion Mərkəzi” sözləri “Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auskion Mərkəzi” sözləri ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə X30 orqan olaraq öz fəaliyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qoyduğu norma və prinsiplər əsasında həyata keçirir. Naxçıvan Şəhər İcra Bölməsinin 415 saylı, 12 iyun 2017-ci il tarixli sifariş məktubuna və Naxçıvan Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(078)-04/2016 nömrəli, 25 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 3 ünvanında yerləşən 13 saylı mənzil paylı mülkiyyətçilərin razılığı olmadan satılmalı və satışdan əldə olunan vəsaitin 5/6 hissəsi Cavabdeh3, 1/6 hissəsi isə X1 prosessual hüquq varisləri arasında bölüşdürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. ünvan 3 ünvanında yerləşən13 saylı mənzil 07 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılmışdır. Nəzərinizə çatdırılır ki, hərrac Azərbaycan Respublikası qanunları və normativ hüquqi aktları çərçivəsində keçirilmişdir. Bildirilir ki, əmlakın hərraca çıxarılması barədə məlumatın elanı “Şərq Qapısı” qəzetinin 119(21.780) saylı, 23 iyun 2017-ci il tarixli nömrəsində dərc olunmuşdur və İddiaçı1 ünvanına 23 iyun 2017-ci il tarixdə Naxçıvan Poçt MMC vasitəsi ilə keçiriləcək hərracın ünvanı və tarixi haqqında ətraflı məlumat bildirişlə göndərilmiş, imza atılaraq bildiriş təhvil alınmışdır. Əlavə olaraq X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı3 və İddiaçı2 bir ünvanda qeydiyyatda olduqları nəzərə alınaraq İddiaçı1 adına bildiriş göndərilmişdir. İddiaçı1 iddia etdiyi hərracın nəticəsinə dair protokolun ona verilməməsi Mərkəzin iş prinsipinə uyğun olaraq aparılmışdır. Qeyd edilən protokol yalnız hərracın sifarişçisi olan icra bölməsinə və ərizə ilə müraciət edib, hərrac tələblərini ödəyərək hərrac qalibi olmuş fiziki və ya hüquqi şəxsə təqdim edilir. Yuxarıda qeyd edildiyi kimi İnzibati orqan olduğu üçün bu sənədlərin istənilən şəxsə verilməsi qanunla tənzimlənir. İddiaçı1 hərrac bağlı qapılar arxasında keçirilmiş və hərraca buraxılmamışdır iddiasına isə cavab olaraq bildirilir ki, iddiaçıya bildiriş göndərilərkən orada hərracda iştirak üçün hansı sənədlərin lazım olunduğu qeyd edilmişdir. Qanunvericiliyə uyğun olaraq hərracda iştirak etmək üçün Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə təqdim olunmalı idi: - Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin sürətini - Hüququ şəxslər təsis sənədlərini - Satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbz. Nəzərinizə çatdırılır ki, hərracda bu sənədləri təqdim etmiş və iştirakçı bileti əldə etmiş hər bir fiziki və ya hüquqi şəxs (və ya şəxslər) iştirak edə bilər. Qeyd edir ki, İddiaçı1 tərəfindən bu tələblərin heç biri ödənilməmiş və bu səbəbdən hərracda iştirak hüququ əldə etməmişdir. Hal-hazırda mərkəzdə işin çoxluğu və işçi sayının az olduğuna görə keçiriləcək məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclaslarını cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə proses tərəflərinin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəməyə sübut qismində təqdim etdiyi iş materiallarına əlavə olunmuş: Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarından aydın olur ki, Naxçıvan şəhər Lenin prospekti 24/13-də yaşayan X21 müraciət edib aztəminatlı ailə hesab olunduğundan mövcud qanunvericiliyə əsasən yaşadığı dövlət mənzilini onun şəxsi mülkiyyətinə verilməsini xahiş etmişdir. H.Hüseynovun təqdim etdiyi sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, o 5 nəfər-arvadı Reyhan, qızı Tahirə, oğlu Fəxrəddin, gəlini Bahar ailə üzvləri ilə üç otaqlı dövlət mənzilində yaşayır. H.Hüseynovun respublika əhəmiyyətli fərdi pensiya kimi ayda 160 manat təqaüd alır, arvadı Reyhan 199.92 manat qocalığa görə, pensiya alır, qızı Tahirə işləmir, oğlu Fəxrəddin şəhər universal ticarət təmirliyində işləyir, arta aylıq əmək haqqı 229 manat gəlini Bahar isə işləmir. Hüseynovun ailə üzvlərinin adambaşına ümumi aylıq gəliri 130 manatdan az olduğu üçün o az gəlirli hesab edilməli və yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Naxçıvan Şəhər İK-nin Heyət iclası qərara alır: 1. Yuxarıda qeyd olunan vətəndaşların ərizələri nəzərə alınsın və aztəminatlı ailə olduqları üçün yaşadıqları mənzillər onların şəxsi mülkiyyətinə pulsuz verilsin. 2. Tapşırılsın ki, 1,2,3 nömrəli mənzil istismar idarələrinə həmin mənzilləri balanslarından çıxarılmasını təmin etsinlər. 3. Tapışırılsın Naxçıvan şəhər texniki inventarlaşdırma Bürosuna həmin mənzilləri fərdi yaşayış evləri sırasına daxil etsin və qərarın təsviri hissəsində adları göstərilən vətəndaşların adlarına pasportlaşdırılsın. 29 oktyabr 2018-ci il tarixli 13/1064 nömrəli arxiv çıxarışından aydın olur ki, bəzi aztəminatlı ailələrin yaşadıqları dövlət mənzillərini onların şəxsi mülkiyyətinə verilməsinə dair Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 1991-ci il 20 dekabr 645 nömrəli qərarı əsasında Naxçıvan şəhər Lenin prospekti 24/13 yaşayan X11 yaşadığı dövlət mənzili pulsuz onun şəxsi mülkiyyətinə verlmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, X7 ilə İddiaçı1 nikahlarından İddiaçı2 xx xxxxxx 1994-cü il tarixdə, İddiaçı3 xx xxxxxxxx 1995-ci il tarixdə doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli 2(078)-04/2016 nömrəli qətnaməsindən aydın olur ki, iddiaçı Cavabdeh3 cavabdeh X4 qarşı paylı mülkiyyətdən payın ayrılması tələbinə dair iddiası təmin edilmiş, ünvan 5 ünvanında yerləşən 13 saylı mənzil paylı mülkiyyətçilərin razılığı olmadan satılması və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməsi, ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilin ilkin satış qiymətinin 71730 (yetmiş bir min yeddi yüz otuz) manat müəyyən olunması müəyyən edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra Bölməsinin 2(078)-04/2016 nömrəli 25 aprel 2017-ci il tarixli icra vərəqəsi üzrə 26 aprel 2017-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası qaydasında İddiaçı1, İddiaçı2 və İddiaçı3 bildiriş göndərilmişdir. Babək Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(079)-164/2018 nömrəli qətnaməsi ilə X1 hüquqi varisləri İddiaçı1, X2 və X3 Cavabdeh3, X17, X18 və Naxçıvan Şəhər Üçüncü Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onunla bağlı bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 30 dekabr 2019-cu il tarixli 2(102)-8072/2019 nömrəli qərarı ilə iddiaçı X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, X8, X9, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadına baxılması üzrə apellyasiya məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(108)-52/2020 nömrəli qərardadından aydın olur ki, iddiaçı X1 hüquqi varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, X8, X9, Naxçıvan şəhər Üçüncü Dövlət Notariat Kontoruna və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan şəhər İdarəsinə qarşı vəsiyyətnamənin, özəlləşdirmənin və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, onların doğurduğu hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 19 avqust 2019-cu il tarixli qərardadı ləğv edilərək iş baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Naxçıvan MR Auksion Mərkəzinin 23 iyun 2017-ci il tarixli bildirişindən aydın olur ki, sifarişçi Naxçıvan Şəhər İcra Bölməsi, hüquqi varis İddiaçı1 və borclu Cavabdeh3 olduğu ünvan 6 ünvanında yerləşən 13 sayı mənzilin hərracda satılması üzrə bildiriş göndərilmişdir. Naxçıvan MR Auksion Mərkəzinin 17 mart 2022-ci il tarixli 14/1 nömrəli məktubundan aydın olur ki, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili İsa Məmiyevin 167 nömrəli 10 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq əmlakın hərraca çıxarılması barədə məlumatın elanının “Şərq qapısı” qəzaetinin 119 (21.780) saylı, 23 iyun 2017-ci il tarixli nömrəsində dərc olunması və payçılara həmin tarixdə hərrac haqqında ərtaflı məlumatın bildirişlər göndərilməsi, payçı İddiaçı1 03 iyul 2017-ci il tarixədək satış qiymətinin 5% məbləğində behin ödənilməsi haqqında qəbzi təqdim etməməsi, iştirakçı bileti əldə etməməsi, yekun protokol və müqavilənin qanunvericiliyə uyğun olaraq İcra və Probasiya Şöbəsinə və tələbləri ödəyərək hərrac qalibi olmuş fiziki və hüquqi şəxsə verildiyi bildirilmişdir. Cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru tərəfindən məktuba əlavə edilmiş “Şərq qapısı” qəzetinin 119(21.780) saylı, 23 iyun 2017-ci il tarixli nömrəsində H.Əliyev prospekti ev 24 ünvanında yerləşən 13 saylı mənzil Naxçıvan MR Auksion Mərkəzi tərəfindən 07 iyul 2017-ci il tarixdə açıq hərraca çıxarılması barədə məlumat dərc olunmuşdur. Cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru tərəfindən məktuba əlavə edilmiş hərracın keçirilməsi barədə Naxçıvan Şəhər İcra Bölməsinin sifarişindən görünür ki, sifarişdə qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 13 saylı mənzil paylı mülkiyyətçilərin razılığı olmadan satılmalı və satışdan əldə olunacaq məbləğin 5/6 hissəsinin Cavabdeh3, 1/6 hissəsinin isə X1 prosessual hüquq varisləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilməlidir, ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilin ilkin satış qiymətinin 71730 (yetmiş bir min yeddi yüz otuz) manat müəyyən olunmalıdır. Əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə 07 iyul 2017-ci il tarixli protokolundan görünür ki, ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilin satışı üzrə hərracın qalibi Cavabdeh3 olmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 iyul 2017-ci il tarixli müqavilədən aydın olur ki, müqavilə üzrə satıcı Naxçıvan MR Auksion Mərkəzi, alıcı Cavabdeh3 arasında bağlanmışdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il, reyestr **********59-05101-093015 və qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışına əsasən ünvan 8 ünvanında yeləşən 68.32 kv. sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 12/14 nömrəli reyestr kitabının 2600 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçıların iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, hərrac qanunauyğun çərçivədə keçirilməmiş, onlara bu barədə rəsmi məlumat verilməmiş, başqa bir iş üzrə icraat aparıldığı üçün hərracın keçirilməsi təxirə salınmalı olsa da bu barədə məlumat verilməsinə baxmayaraq hərrac bağlı qapılar arxasında keçirilmiş, hərracların keçirilməsindən məlumatları olmamışdır. Buna görə də hərrac və onun nəticəsində dair protokol etibarsız hesab edilməli, Cavabdeh3 adına verilmiş daşınmaz əmlakın çıxarışı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Həmin Məcəllənin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir (Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.1, 337.3- 337.5). Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqd kimi hüquqi nəticələr yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aiddir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitiam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərədə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Məhkəmə işin faktiki hallarını yuxarıda qeyd edilən maddi hüquq normaları çərçivəsində araşdırıb belə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hərracın və onun nəticəsində dair protokolun etibarsızlığını irəli sürmək üçün mülki qanunvericilikdə nəzərdə tutulan bir il müddət keçmişdir. Müddət keçdikdən sonra iddiaçıların hazırki tələblə mürəciət etmək hüququ da mövcud deyildir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə əlavə etdiyi sənədlərdən məlum olur ki, 2017-ci ilin 23 iyun tarixində İddiaçı1 adına Auksion Mərkəzindən bildiriş göndərilmişdir. Həmin bildirişin alınması cavabdeh təşkilat Naxçıvan MR Hərracların Təşkili üzrə Aukson Mərkəzi tərəfindən məktuba əlavə edilən poçt xəbərnaməsi ilə təsdiq edilir. İddiaçı1 06 iyul 2017-ci il tarixdə Auksion Mərkəzinə hərracın təşkilinin təxirə salınması barədə məktub göndərməsi artıq hərracın keçirilməsindən məlumatının olduğunu təsdiq edir ki, həmin məktubu iddiaçılar iddia ərizəsinə əlavə etmişdir. Yəni, 2017-ci ilin iyul ayında hərracın keçirilməsindən İddiaçı1 məlumatlı olmuş və hərracın nəticələri ilə bağlı 10 iyul 2017-ci il tarixdə onun vəkili Arif Ağayev tərəfindən Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə məktub göndərilmişdir. Məktubdan aydın olur ki, iddiaçı hərracda onun iştirakının təmin olunmadığını, həmin vaxtda Auksion Mərkəzinə gəldiyini, protokolun ona təqdim edilmədiyini bildirmişdir. Bütün bunlar iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hərracın keçirilməsindən məlumatlı olduqlarını bir daha təsdiq edir, eyni zamanda məhkəmə qeyd edir ki, həmin sübutlar məhz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir. Belə olan halda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 07 iyul 2017-ci il tarixdə hərracın keçirilməsindən məlumatlı olduqları halda qanunvericilikdə müəyyən edilmiş 1 il müddət ərzində bütün bunları mübahisələndirməmiş və son dörd il müddətində müxtəlif iddialarla məhkəməyə müraciət etmiş və iş materiallarında olan məhkəmə aktlarından da aydın olur ki, bu illər ərzində iddiaçının hazırki iddia predmeti olan daşınmaz əmlakla bağlı müxtəlif növ iddialarına məhkəmələrdə baxılmışdır. Hərracın keçirilməsindən sonra keçən bir il müddət ərzində iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hərəkətsizlikləri hərracın nəticələri üzrə protokolun etibarsızlığını tələb etmək hüquqlarının xitamına səbəb olmuş və müddət keçmişdir. Həmin müddət kəsici müddət olduğundan məhkəmə cavabdeh tərəfin müddətin tətbiqi ilə bağlı ərizəsinin olubolmamasından asılı olmayaraq araşdırmalıdır. Məhkəmə yuxarıda işin şərh olunmuş hallarına hüquq qiymət verərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hazırki iddia ilə müraciət etmək üçün müddətin keçməsi və iddianın əsassız olduğundan rədd edilməsi nəticəsinə gəlir. Göstərilən hallara məhkəmə ümumi qiymət verərək belə nəticəyə gəir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd edildiyindən ödənilən dövlət rüsumu iddiaçılara şamil edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Naxçıvan MR Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə və Cavabdeh3 qarşı hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar