Məhkəmə qərarları › İş №2(078)-1090/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1090/2021

22.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1090/2021 22.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mirasın faktiki olaraq qəbul edilməsi tələbinə dair üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.1979 ha torpaq sahəsinə və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinə münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o mərhum X10 ilə 20 noyabr 1959-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahlarından Şükufə, Tahir, Tərbiyə, Nailə, Şərqiyə adlı övladları doğulmuşdur. X10 18 mart 2010-cu ildə vəfat etmişdir. Ondan Naxçıvan şəhəri Bulqan kəndində 1-ci küçə, döngə 1 ünvanında yerləşən 0.1979 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qızları ailə qurub ata ocağından getmiş, oğlu Tahir uzun illər əvvəl köçüb Bakı şəhərində getmişdir. Əri ilə birlikdə sözügedən evdə yaşamış, ərinin vəfatından sonra da yaşamağa davam etmişdir. Oğlu Tahir 6 ay bundan əvvəl vəfat etmişdir. Onun övladları Rabiyə və Orxan Bakı şəhərində yaşayırlar. Hazırda ərindən miras qalan evdə tək yaşayır. Evin sənədləşməsini istəyir, lakin zamanında mirasın qəbul ilə əlaqədar olaraq müddəti ötürdüyündən ona məhkəməyə müraciət etmək izah olunmuşdur. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddiaçının izahatını təsdiq etdiyini, əlavəsi olmadığını bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 22 may 1972-ci ildə Babək rayon Cavidabad kəndində anadan olmuşdur, X4 və anası İddiaçıdır. X4 2010-cu ildə vəfat etmişdir. O hələ atasının sağlığında ailə qurub Qaraxanbəyli kəndinə köçmüşdür. Hazırda da orada yaşayır. Atasının vəfatından sonra anası Anaxanım evdə tək yaşamışdır. Bacıları və o arada anasına baş çəkmişdir, lakin sonra yenə də evlərinə qayıtmışdır. Qardaşı Tahir hələ atası sağ olanda köçüb Bakıya getmişdir. Orada 6 ay əvvəl vəfat etmişdir. Qardaşının iki övladı vardır. O atasından qalan mirası notariat orqanına ərizə verib qəbul etməmişdir. Həmin evdə anasından başqa heç kim yaşamamışdır. Evin anasının adına sənədləşməsinə etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 02 iyun 1975-ci ildə Babək rayon Cavidabad kəndində anadan olmuşdur, X4 və anası İddiaçıdır. Bacısı Cavabdeh1 dediklərini təsdiq edir. Həqiqətən də X4 2010-cu ildə vəfat etmişdir. O hələ atasının sağlığında ailə qurub Qaraxanbəyli kəndinə köçmüşdür. Hazırda da orada yaşayır. Atasının vəfatından sonra anası Anaxanım evdə tək yaşamışdır. Bacıları və o arada anasına baş çəkmişdir, lakin sonra yenə də evlərinə qayıtmışdır. Qardaşı Tahir hələ atası sağ olanda köçüb Bakıya getmişdir. Orada 6 ay əvvəl vəfat etmişdir. Qardaşının Rabiyə və Orxan adlı iki övladı vardır. O atasından qalan mirası notariat orqanına ərizə verib qəbul etməmişdir. Həmin evdə anasından başqa heç kim yaşamamışdır. Evin anasının adına sənədləşməsinə etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 01 yanvar 1961-ci ildə anadan olmuşdur, X4 və anası İddiaçıdır. Bacısı Cavabdeh1 dediklərini təsdiq edir. Həqiqətən də X4 2010-cu ildə vəfat etmişdir. O hələ atasının sağlığında ailə qurub ata evindən köçmüşdür. Hazırda Bulqan kəndində ailəsinə məxsus evdə yaşayır. Atasının vəfatından sonra anası Anaxanım evdə tək yaşamışdır. Bacıları və o arada anasına baş çəkmişdir, lakin sonra yenə də evlərinə qayıtmışdır. Qardaşı Tahir hələ atası sağ olanda köçüb Bakıya getmişdir. Orada 6 ay əvvəl vəfat etmişdir. Qardaşının Rabiyə və Orxan adlı iki övladı vardır. O atasından qalan mirası notariat orqanına ərizə verib qəbul etməmişdir. Həmin evdə anasından başqa heç kim yaşamamışdır. Evin anasının adına sənədləşməsinə etirazı yoxdur. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh4 iddianı qəbul edərək izahatında bildirmişdir ki, 08 avqust 1963-cü ildə anadan olmuşdur, X4 və anası İddiaçıdır. Həqiqətən də X4 2010-cu ildə vəfat etmişdir. O hələ atasının sağlığında 1985-ci ildə ailə qurub ata evindən çıxmışdır. Hazırda ailəsi ilə birlikdə özlərinə məxsus evdə yaşayır. Atasının vəfatından sonra anası Anaxanım evdə tək yaşamışdır. Bacıları və o arada anasına baş çəkmişdir, lakin sonra yenə də evlərinə qayıtmışdır. Qardaşı Tahir hələ atası sağ olanda köçüb Bakıya getmişdir. Orada 6 ay əvvəl vəfat etmişdir. Qardaşının Rabiyə və Orxan adlı iki övladı vardır. O atasından qalan mirası notariat orqanına ərizə verib qəbul etməmişdir. Həmin evdə anasından başqa heç kim yaşamamışdır. Evin anasının adına sənədləşməsinə etirazı yoxdur. Lakin anası ilə danışmışdır. Ev anasının adına sənədləşdikdən sonra anası ona həyətdən torpaq sahəsi verəcəyinə söz vermişdir. Qeyd etdiklərinə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəmənin elektron poçt ünvanına Cavabdeh5 elektron poçt ünvanından ərizə daxil olmuşdur ərizədə qeyd edilmişdir ki, mərhum babası X23 8 mart 2010-cu ildə rəhmətə gedib. Həmin tarixdən öncə də sonra da onlar həmin evdə yaşamış və o evdə təmir tikinti işləri aparmışlar. Mərhum atası X24 o evin pasport qeydiyyatında da olub. Daha sonradan Naxçıvan şəhər Bulqan kəndindən torpaq sahəsi aldığı üçün evin qeydiyyatından çıxaraq o torpağın qeydiyyatına düşüb. Atası 2008-ci ildə bu torpaq sahəsini 3800 dollara sataraq o evin çöldən suvaq işlərini və həyətinə daş düzülməsini işlərini elətdirmişdir. Daha sonra atası özünün Mersedes markalı maşınını sataraq o evdə 5000 manatlıq tikinti işləri elətdirmişdir. Hamam və sanitar qovşaq, mətbəx tikdirmiş və təmirini də elətdirmişdir. Əlavə olaraq daha geniş təmir məqsədi ilə o evə Bakıdan plastik qapı və pəncərələr göndərmişdir. Lakin pandemiya ilə əlaqədar Naxçıvana gedə bilmədiyi və daha sonra rəhmətə getdiyi üçün bu istəyini icra edə bilməmişdir. Atası babasından qalan miras əmlakı qəbul etmişdir. Lakin sənədləşdirə bilmədən rəhmətə gedib. Atasının qəbul etdiyi mirası irsi transmisya adlanan üsulla da o və qardaşı Cavabdeh6 qəbul etmiş sayılırlar. Buna görə də xahiş edir ki, atasına çatan payın miras olaraq qəbul edilməsi tanınsın, onları payı heç kimə verilməsin. Onlar öz miras əmlaklarından imtina etmir, lakin sübut, dəlilləri məhkəməyə təqdim edə bilmirlər. Həmin evə baxış keçirilsə orada qeyd etdiyi təmir-tikinti işləri görüləcəkdir. Özləri hal-hazırda Bakı şəhərində olduqları üçün Naxçıvan şəhərinə maddi imkansızlıqdan və Covid-19 pasportu olmadığı üçün gəlib məhkəmədə iştirak edə bilmirlər. Bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh5 tərəfindən özünün elektron poçt ünvanından məhkəmənin elektron poçt ünvanına göndəriyi ərizə sübut hesab edilə və ona hüquqi qiymət verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə görə məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-ci maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 10-1.8-ci maddəsinə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, iş materiallarına əlavə edilən sənədlərlər əlaqəli şəkildə tədqiq edib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X3 15 may 1939-cu ildə anadan olmuş, atası X20, anası X12r. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X23 ilə X3 20 noyabr 1959-cu ildə nikah bağlamış və bu barədə 24 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan İİİ-JQ345457 nömrəli 22 iyul 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X21 13 iyul 1975-ci ildə Babək rayon Cavidabad kəndində doğulmuşdur, bu barədə 47 nömrəli akt qeydi aparılmışdır. X4 və anası İddiaçıdır. İş materiallarında olan İ-JQ340056 nömrəli 22 iyul 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X13 22 may 1972-ci ildə Naxçıvan rayonu Bulqan kəndində doğulmuşdur, bu barədə 48 nömrəli akt qeydi aparılmışdır. X4 və anası İddiaçıdır. İş materiallarında olan AZ-592366 nömrəli 22 iyul 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh4 08 .06.1964-cü ildə Naxçıvan rayonu Bulqan kəndində doğulmuşdur, bu barədə 73 nömrəli akt qeydi aparılmışdır. X4 və anası İddiaçıdır. İş materiallarında olan AZ N 283209 nömrəli 22 iyul 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, X24 08 .08.1967-ci ildə Naxçıvan rayonu Bulqan kəndində doğulmuşdur, bu barədə 85 nömrəli akt qeydi aparılmışdır. X4 və anası İddiaçıdır. İş materiallarında olan T-JQ 770380 nömrəli 22 iyul 2021-ci il tarixli doğum akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh3 30.01.1961-ci ildə Naxçıvan rayonu Bulqan kəndində doğulmuşdur, bu barədə 07 nömrəli akt qeydi aparılmışdır. X4 və anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş ölüm akt qeydindən çıxarışdan aydın olur ki, X25 18 mart 2010-cu ildə mikard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 02.04.2010-cu ildə 90 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 04/457 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestrində X14 adına 22.11.2011-ci il tarixdə JN-919A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair “ şəhadətnamə əsasında ünvan 3 ünvanında 1979 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 171.38 kv.m olan 3 otaqlı fərdi yaşayış evi qeydiyyata alınmışdır. Bundan başqa Babək Rayon Aqrar İslahat Komissiyasının 10.04.1999-cu il tarixli 29 nömrəli qərarı əsasında X14 adına Naxçıvan şəhəri Bulqan kəndində ailə üzvləri ilə birlikdə (2 nəfər) 1890 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Bulqan kəndi 1-ci küçə döngə 1-də 0.1979 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 60.78 kv.m yaşayış,42.30 kv.m qeyri-yaşayış, 110.6 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 18/9 nömrəli reyestr kitabının 1661 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli 2065 nömrəli arayışdan aydın olur ki, mərhum X14 vərəsələri aşağıdakılardır: 1.İddiaçı-arvadı-1939 2.Cavabdeh3-qızı-1961 3.X24-oğlu-vəfat edib 4.Cavabdeh4-qızı-1964 5.Cavabdeh2-qızı-1974 6.X13-qızı-1972 İş materiallarında olan 22 iyul 2021-ci il tarixli İVJQ336032 nömrəli nikah akt qeydindən çıxarışdan aydın olur ki, X8 və X26 20 aprel 1993-cü il tarixdə nikah bağlamış, bu barədə nikah akt qeydləri kitabında 16 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli İVJQ499704 nömrəli nikah akt qeydindən çıxarışdan aydın olur ki, X21 və X9 03.09.1994-cü il tarixdə nikah bağlamış, bu barədə nikah akt qeydləri kitabında 28 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan 22 iyul 2021-ci il tarixli İVJQ279354 nömrəli nikah akt qeydindən çıxarışdan aydın olur ki, Cavabdeh3 və X29 08.09.1983-cü il tarixdə nikah bağlamış, bu barədə nikah akt qeydləri kitabında 35 nömrəli qeyd icra edilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh4 ilə X22 08.08.1985-ci il tarixdə nikah bağlamış və bu barədə nikah akt qeydləri kitabında 42 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli məktubdan aydın olur ki, X15 ölümü 07 may 2021-ci il tarixdə 434 saylı aktla 4 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.08.2021-ci il tarixli arayışından aydın olur ki, X1 rayonu Masazır qəsəbəsi İstiqlaliyyət küçəsi ev 41 mənzil 11 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.08.2021-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh6 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 6 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 01 sentyabr 2021-ci il tarixdə verilmiş 2068 nömrəli arayışından aydın olur ki, Cavabdeh2 Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 09 sentyabr 2021-ci il tarixdə verilmiş 01/391 nömrəli arayışından aydın olur ki, Əliyeva X5 şəhəri Ə.Qəmküsar döngə 2 ev 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 6 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 01 sentyabr 2021-ci il tarixdə verilmiş 2067 nömrəli arayışından aydın olur ki, Əliyeva X2 şəhəri Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti Qaraxənbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 22 iyul 2021-ci il tarixdə verilmiş 1197 nömrəli arayışından aydın olur ki, Orucova X6 şəhəri Qaraxənbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan ünvan 6 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən 01 sentyabr 2021-ci il tarixdə verilmiş 2066 nömrəli arayışından aydın olur ki, Əliyeva X11 şəhəri Bulqan kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan MR Dövlət Energetika Xidməti Naxçıvan Şəhər Elektrik Şəbəkəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə verilmiş 223 nömrəli arayışdan aydın olur ki, İddiaçı yazılı müraciətinə əsasən cavab verilir ki, ünvan 8 ünvanına 14 avqust 2017-ci il tarixdə 70376502 nömrəli ön ödənişli smartkart tipli elektrik sayğacı quraşdırılıb və Naxçıvan Şəhər Elektrik Şəbəkəsinə heç bir enerji borcu mövcud deyil. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən 13 sentyabr 2021-ci il tarixdə verilmiş 97 nömrəli cavab məktubundan məlum olur ki, mərhum X7 qalmış mirasa dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş edilmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət buraxıldığından iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, mərhum X14 vəfatından sonra miras əmlakı İddiaçı faktiki qəbul edərək idarə etmişdir. Belə ki, iş üzrə iddiaçının izahatından və cavabdehlərin izahatlarından aydın olur ki, iddiaçı miras əmlakda həm miras qoyanın sağlığında, həm də vəfatından sonra bu günə qədər yaşayır və evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Bu hal iş materiallarında olan sənədlərə sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə İddiaçı ərinin sağlığında və onun vəfatından sonra həmin fərdi yaşayış evində yaşamış, kommunal xərclərini ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də cavabdehlər miras əmlakla bağlı mülahizələrini məhkəməyə bildirməmişlər. Onların məhkəmənin elektron poçt ünvanına göndəriyi ərizə elektron sənəd hesab edilmədiyindən sübut qismində qiymətləndirilməmişdir. Eyni zamanda məhkəmə cavabdehlərə izah edir ki, iddiaçının miras əmlakı faktiki qəbul etməsi, miras qoyanın digər vərəsələrinin bu hüquqdan məhrum edilməsi hesab edilmir. Hər bir vərəsə mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz müraciətini edə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, mərhum X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.1979 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.1979 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar